Tanrıdan bir arzum var idi, Şuşanın nəfəsini nəfəsimdə hiss edim...
Azərbaycan qədim tarixi, zəngin mədəniyyəti və səfalı guşələri ilə seçilən ölkədir. Tanrı Azərbaycana bitib-tükənməyən gözəlliklər və ruzilər verib. Tanrı heç bir neməti əsgirmədən bütün əsrarəngizliyi Azərbaycana bəxş etmiş və öz sözünü deyib. Azərbaycanın dilbər guşəsi Şuşa qədim tarixi, gözoxşayan memarlığı, tarixi abidələri, zəngin təbiəti və səfalı havası ilə seçilən şəhərdir. Şuşa sözün əsl mənasında Qarabağın döyünən ürəyidir. Mən Qarabağı görkəmli yazıçılarımızın və şairlərimizin əsərlərində dərin mənalı sözləri ilə təsəvvür etmişəm. Qarabağın tacı Şuşanın əsrarəngizliyini heç bir pyesə belə sığışdırmaq olmaz. Şuşa…
Adı belə o qədər incə səslənir ki…
Şuşanı canlı görməyin necə bir hiss olduğu, əlbəttə, izah olunmazdır. Və belə bir fürsət varsa, onu dəyərləndirmək çox vacibdir. Azərbaycan günü-günüdən inkişaf edir. Ölkəmizdə yeni və bir-birindən müxtəlif layihələrin keçirilməsi gənclərimizin biliyinə, bacarığına daha çoxunu əlavə edir. Beləliklə, Şuşaya ilk səfərim Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının rəhbərliyi altında həyata keçirilən “Şuşa Jurnalist Tələbələrinin Gözü ilə” layihəsi çərçivəsində baş tutdu. Həqiqətən də, inana bilmirdim ki, 28 il təsəvvürümdə olan Şuşanı canlı görmək mənə qismət olacaq.
Bu məqaləni yazanda belə əllərim əsir və içimdəki hissləri cümlələrdə necə ifadə edəcəyimi bilmirəm. İlk olaraq layihənin gedişatından danışmaq istərdim. Şuşa Tələbələrin Gözü ilə” adlı layihə çərçivəsində Hüquq, Diplomatiya, Memarlıq və Jurnalistka ixtisasları üzrə təhsil alan 180 nəfər yerli və xarici tələbənin Şuşaya səfəri həyata keçirildi. Tələbələr Şuşa İcra Hakimiyyətinin binası, Üzeyir Hacıbəyovun heykəlini, Natəvanın evini, Şuşa bulağı, Şuşa qalası və Cıdır düzü ilə yaxından tanış oldular. Tələbələr Azərbaycanın mədəniyyət beşiyi-Şuşanın füsunkar təbiətini izləməkdən zövq aldılar və Azərbaycanın Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təşkil olunan genişmiqyaslı quruculuq, yenidənqurma və bərpa işlərini müşahidə etdilər.
Beləliklə, Şuşaya olan ilk səfərim yaddaşımdan silinməz izlərlə və qəlbimdə hələ də yaşayan duyğularla həkk olundu. Bu məqaləni yazarkən necə ürəkdən xoşbəxt olduğumu izah etməyin mümkünlüyünü bilmirəm və hələ də Şuşanın əsrarəngizliyi gözlərimin qarşısında canlanır. Mənim uca Tanrıdan bircə arzum var idi, Şuşanın nəfəsini nəfəsimdə hiss edim və arzum gerçəkləşdi. Mən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının “Şuşa Tələbələrin Gözü ilə” layihəsini təşkil etdiyi üçün dərin təşəkkürümü bildirirəm və bu cür layihələrin yenidən təşkil olunmasını istərdim.
Tərlanə Abdullayeva
Bakı Dövlət Universtetinin Jurnalistka fakültəsinin tələbəsi
