Tariflərin yenilənməsi ictimai nəqliyyata hansı dəyişikliklər gətirəcək?
Azərbaycanda metro və bəzi avtobus marşrutlarında gediş haqqının bahalaşması artıq məlumdur. Bəs, qiymət artımından sonra nəqliyyat vasitələrinin yenilənməsi istiqamətində işlər aparılacaq?
Mövzu ilə bağlı Nəqliyyat eksperti Eldəniz Cəfərov "informator.az"a açıqlamasında bildirib ki, ictimai nəqliyyatda qiymət dəyişikliyindən sonra daşınma daha təhlükəsiz və keyfiyyətli olmalıdır:
"Bununla bağlı müvafiq qurumların da açıqlamaları olub. Bizə məlumdur ki, artıq payızda ölkəyə ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri, avtobuslar gətiriləcək. 150-160 ədəd yeni avtobusun gətirilməsi gözlənilir. Bu, avtobusların gətirilməsi ilə köhnə, yararsız avtobusların sıradan çıxarılması olacaq. Beləliklə, avtobus parkı yenilənirsə, əlbəttə ki, bu zaman keyfiyyət də yüksələcək. Əgər hansısa daşınma şirkəti müasir tələblərə cavab verə bilmirsə, yəqin ki, həmin özəl daşıyıcılar artıq bu, dövriyyədən də çıxmalı olacaqlar".
Nigar Səmədli