TARİX BİZƏ ÇOX ŞEY DEYİR
Niyə haqsızlıqların qurbanı olmaqdan usanmayırıq?
Yola saldığımız XX əsrdə baş verən milli məsələ eynilə əsrin sonunda yenidən tüğyan etdi. Fikrimizi bir daha təsdiq etmək üçün üz tutaq XX əsrin əvvəllərində Rusiyada və Azərbaycanda baş verən hadisələrə. Belə ki, XX əsrin əvvəllərində Rusiyanı bürüyən iqtisadi böhran həm də onun müstəmləkələrini əhatə etdi. Bütün imperiyanı sarsıdan tətillər dalğası, sənaye potensiyalı gündən-günə Azərbaycanı da bürüdü. Tez-tez baş verən fəhlə və kəndli çıxışları, müstəmləkəçi siyasət, hakimiyyət orqanlarının özbaşınalıqları bütövlükdə cəmiyyətin bütün təbəqələrində narazılığın artmasına səbəb olmaya bilməzdi.
Belə ki, 1905-ci ildə baş verən hadisələr Rusiyada xalq kütlələrinin mütləqiyyətə, sosial və milli əsarətə qarşı mübarizəsində çox mühüm rol oynadı. Bütün ölkəni lərzəyə salmış 9 Yanvar hadisələri ümumi partlayışa səbəb oldu. Hadisələr Azərbaycanın ictimai-siyasi həyatından da təsirsiz ötüşmədi.
1905-ci ilin yaz və yayında Azərbaycanda da kəndli hərəkatı geniş miqyas aldı. Oktyabr günlərində Bakının bir çox iri müəssələrinin fəhlələri tətilə başladılar. Həmin ilin payızında artıq azadlıq hərəkatının yüksəlişi, ümumi oktyabr tətili ölkədə inqilabi şəraitin kəskinləşməsinə səbəb oldu.
Baş verən hadisələr hökuməti islahatlar aparmağa məcbur etdi. Oktyabrın 17-də çar II Nikolay rejimi iflasdan xilas etmək, vaxt qazanmaq və mütləqiyyətin iflasının qarşısını almaq məqsədilə manifest verdi. Burada qanunverici dövlət dumasını çağırmaq, dumaya seçkilərə əhalinin bütün təbəqələrini cəlb etmək, əhaliyə vətəndaş azadlığını bəxş etmək vədi verilirdi.
Çar manifestinin çıxarılması ilə nəticələnən inqilabi hərəkat cəmiyyətin bütün təbəqələrini hərəkətə gətirdi, siyasi partiyaların və təşkilatların yaranmasına təkan verdi. Həmin dövrdə Azərbaycanın siyasi səhnəsində ilk olaraq sırf milli, heç bir ümumrusiya təşkilatının filialı olmayan partiyalar meydana çıxdı. İlk olaraq Gəncədə “Sosial-federalistlərin türk inqilabi komitəsi” yarandı. Siyasi partiyanın rüşeymi olan komitə buraxdığı vərəqələrdə çar hökumətimüsəlmanların hüquqlarını məhdudlaşdırmaqda, Bakıda millətlərarası toqquşmalar təşkil etməkdə ittiham olunurdu.
Doğrudan da mütləqiyyətin Azərbaycanda müstəmləkəçilik siyasəti və xalq hərəkatı ilə mübarizə formalarından biri də milli nifaq salmaq, millətlərarası toqquşmalar təşkil etmək idi. Həmin toqquşmalardan ilk ən böyüyü 1905-ci ilin fevralın 6-dan 9-a kimi Bakıda təşkil olundu. Çar Rusiyası öz mənfur siyasətini həyata keçirmək üçünermənilərdən istifadə edərək erməni-müsəlman qırğınını törətdilər.
Sözsüz ki, ermənilər də bu işdə maraqlı idilər. Səbəb isə aydındır. Hökumətin köməkliyi ilə öz çirkin siyasətlərini həyata keçirmək, Azərbaycanın dədə-baba torpaqlarına sahib olmaq. Qatı şovinist mövqeli Daşnaksütün partiyası məhz bu qondarma ideyayaya uyğun olara keçən əsrin sonlarından başlayaraq dənizdən-dənizə “Böyük Ermənistan” dövləti yaratmaq istəyirdi. Erməni millətçiləri məqsədlərinə nail olmaq üçün tarixdə görünməz faciələr törətməyə başladılar. Təkcə XX əsrdə 1905-1906, 1918-1920 və 1988-1990-cı illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri dəhşətli qırğınları buna bir daha sübutdur.
Əslində milli qırğınlar çar hökumətinə öz hökmranlığını qoruyub saxlamaq məqsədilə çox lazım idi. Çünki bu vasitə müəyyən müddətə də olsa özünü doğrultdu. Mütləqiyyət yaxşı bilirdi ki, Zaqafqaziyada azərbaycanlılar və ermənilər arasında dərin ziddiyyətlər vardır. Bu ziddiyyətlər ermənilərin XIX əsrin əvvəllərində Azərbaycana köçürülməsi ilə başlanmışdır. Məhz bütün bunları nəzərə alan çarizm 1905-ci il inqilabı zamanı ermənilərdən bir vasitə kimi istifadə edib onları müsəlmanların əleyhinə qaldırırdı.
Bu zaman Qafqazda 54 qəzanın yalnız beşində ermənilər çoxluq təşkil edirdi. Bütün bunlara baxmayaraq, ermənilər Qarabağda olan yüksək vəzifəli rus məmurları tərəfindən gizli tapşırıq alıb silahlandılar. Onlar Naxçıvan, Ordubad, İrəvan, Gəncə, Qarabağ, Bakı və başqa yerlərdə azərbaycanlılara qarşı qırğın törətdilər. Həmin illərdə olan ilk toqquşma Bakıda baş verdi.
M.S.Ordubadi 1905-1906-cı illərdə olan erməni-müsəlman qırğınına həsr etdiyi “Qanlı illər” əsərində yazırdı: “Çoxdan bəri hər iki millətin zatına qondarılmış iğtişaş bombası partladıldı və bütün Qafqaz aləmi bu bombanın təsiri şiddətindən yanıb-yaxıldı. Bu bomba fevralın 6-da baş verən Bakı faciəsidir ki, bununla da təxminən iki il davam edən azərbaycanlı-erməni qırğını başlandı”.
Çar hökuməti orqanları da milli ehtirasları qızışdırmaq üçün Azərbaycan və erməni burjuaziyası arasındakı müəyyən ziddiyyətlərdən bacarıqla istifadə etdi. Polis və qoşunlar yüzlərlə adamın qurban getdikləri qanlı toqquşmalara qarışmırdı. Bu amansız təxribat cəmiyyətin mütərəqqi qüvvələrinin dərin hiddətinə səbəb oldu. Şəhərdə ruhanilərin, ziyalıların iştirakı ilə kütləvi nümayişlər keçirilirdi. Bu işdə daha çox fərqlənənlər dövrün görkəmli jurnalistləri, publisistləri idi ki, onlardan biri də Üzeyir Hacıbəyli oldu.
Böyük amallarla yaşayan Üzeyir bəy o zaman Hadrutda müəllim işləyirdi. O, Qarabağda erməni-müsəlman qarşıdurması ilə əlaqədar 1905-ci ildə Bakıya gəlir və Hadrut məktəbində başladığı jurnalistliyini Bakıda da davam etdirir. Bu zaman Bakıda ana dilində ilk qəzet “Həyat” yenicə fəaliyyətə başlamışdı. Üzeyir bəy redaksiyaya gedir və qəzetin redaktorlarından biri olan əslən şuşalı Əhməd bəy Ağaoğlu ilə gorüşür. On doqquz yaşlı gənc “Həyat” qəzetinə tərcüməçi işinə qəbul edilir. 1905-ci ilin sentyabr ayından başlayaraq “Həyat” qəzetinə “Mütərcim Üzeyir”, “Üzeyir” və “Ü” imzalı yazılar verir. 1905-ci ilin dekabrın 17-də yeni bir qəzet-”İrşad”qəzetinin nəşri onun bu sahədəki fəaliyyətinə daha geniş meydan açdı. Və milli məsələ ilə bağlı yazılarının böyük əksəriyyətini bu qəzetdə çap etdirir.
Yaradıcılığı ilə tanış olarkən bəlli olur ki, 1906-1908-ci illər Üzeyir bəyin publisistik yaradıcılığının ən məhsuldar dövrüdür. Onun bu illərdə “Həyat” və xüsusilə “İrşad” qəzetlərində müxtəlif janrlı publisist yazıları dərc olunmuşdur ki, onların əksəriyyəti milli məsələyə həsr edilib.
Üzeyir Hacıbəylinin jurnalistlik fəaliyyətinin ümumi mənzərəsi təxminən belədir: “Həyat”da təzə həyata yollar aradı, “İrşad”da qaranlıq səhifələrə işıq saldı, “Tərəqqi”də xalqın irəliyə doğru inkişafını izlədi, “Həqiqət”də haqsızlıq mühitində haqq və ədalət axtardı, “Yeni İqbal”da öz millətinin sabahını düşündü, “Azərbaycan”da azad və müstəqil Azərbaycanı təbliğ etdi.
Məlumdur ki, Üzeyir bəyin publisistikası çox geniş problemlərlə zəngindir. Bu problemlər içərisində XX əsrdə tariximizin ən aktual və tale yüklü məsələsi olan milli varlığımıza qarşı yönəlmiş erməni vəhşiliyi kimi mövzular mühüm yer tutur. Üzeyir bəy o zaman çox cavan olmasına baxmayaraq dövrün ziyalılarını başına toplayaraq onlarla birlikdə bu məsələ uğrunda mübarizəyə qalxdılar. Onlar çoxsaylı məqalələrində, publisistik yazılarında təkcə siyasi hadisələri işıqlandırmaqla kifayətlənmirdilər. Həmçinin bu hadisələrin hər birini Azərbaycan əhalisinə sübutlu-dəlilli şərhlərlə izah edir, bununla da milli özünüdərkin inkişafı işində mühüm vəzifəni- xalqın siyasi mədəniyyətinin yüksəldilməsi, millətin taleyi üçün məsuliyyət daşımaq hissinin oyadılması vəzifəsini yerinə yetirirdilər.
Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri H.Zərdabi, F.Köçərli, N.Vəzirov, Ə.Ağayev, Ü.Hacıbəyli, C. Hacıbəyli, Ə.M.Topçubaşov, M.Şaxtaxtlı və başqa yazarlar mətbuatdakı çıxışları ilə onların təxribatçı xarakterini açıqlayır, hər vasitə ilə bu amansız və mənasız ədavətə son qoymağa çalışırdılar.
Həmişəki kimi ermənilər yenə də haqsızlığa əl ataraq müsəlmanları özlərindən asılı vəziyyətə gətirmək məqsədi ilə terrorçuluqdan da geniş istifadə edirdilər. Əlbəttə, bütün bunlar, erməni terrorunun bu qədər “ayaq açması” rusların antimüsəlman siyasətinin nəticəsi idi.
Hadisələrin bu istiqamətdə cərəyan etməsi Azərbaycanda milli hərəkatın güclənməsinə səbəb oldu. Ümumiyyətlə, Azərbaycanda milli hərəkat ideya mənbələrinə görə Şərqin milli-azadlıq ideyaları ilə Qərbin mədəni-demokratik cərəyanlarını özündə birləşdirir. Müsəlman və türk elementləri ilə məskunlaşmış nə mədəni, nə də dini baxımdan Rusiya ilə heç bir ortaq cəhəti olmayan və Rusiyanın yalnız silah gücünə işğal edilmiş Qafqaz Azərbaycanı mənən heç zaman rus dövlətçiliyi ilə barışmayıb, çünki o dövlətçiliyin ənənələri, məlum olduğu kimi, müsəlman və türk aləminə ədavət üzərində qurulmuş(arxivlərdə bu faktı təsdiq edə biləcək minlərlə sənədlər, mətbu yazıları və başqa faktlar var), bunun da nəticəsində panislamizm və pantürkizm ideyaları bu aləmdə həmişə canlı maraq doğurmuşdur. Zaman keçdikcə, cəmiyyət qüvvələri inkişaf etdikcə, get-gedə əhalinin daha geniş dairələri ictimai hərəkata qoşulduqca müsəlman şərqinin başqa yerlərinə nisbətən milli hərəkat Azərbaycanda daha tez Avropa xarakteri almışdır.
Və bütün bunların baş verməsində dövrün bir çox ziyalılarının, xüsusən də Üzeyir bəyin öz rolu olmuşdur. Dövrünün maarifpərvər ziyalısı, millət fədaisi olan Üzeyir bəy bu hadisələrin canlı şahidi olaraq bir qələm, söz əhli kimi üzərinə düşən vəzifəni çox layiqincə yerinə yetirmişdi. 1905-1908-ci il hadisələrinin hər bir detallarını öz yazılarında əks etdirib. Əlbəttə, hər bir əməlində xalqını, millətini, onun rifahını, xoşbəxtliyini düşünən publisist hər bir yazısında olduğu kimi, bu dövrü də obyektiv şəkildə, heç bir qərəz olmadan, publisistika imkanları daxilində təsvir edirdi. Siyasi hadisələri, cəmiyyətdəki özbaşınalıqları sadə dildə şərh etməklə, savadsız, elm və təhsildən uzaq olan müsəlmanları hadisələrin əsl mahiyyətindən xəbərdar edirdi. Öz fikirlərini çatdırmaq üçün müxtəlif vasitələrdən- satira, tənqid, eləcə də müxtəlif publisistik janrlardan istifadə etməklə baş verənləri obyektiv şəkildə yazırdı.
Xüsusilə də 1905-ci ildən başlanan erməni-müsəlman qırğını, onun bu dövr publisistikasınınbaşlıca mövzusu idi. Əvvəla Üzeyir bəy bu yazılarında qırğının baş vermə səbəblərini, Rusiya siyasətinin əsl məqsədlərini, ermənilərin mənfur əməllərini avam kütləyə izah edir və onları qəflət yuxusundan oyatmağa çalışır, mübarizəyə çağırırdı. Publisistin həmin yazılarını oxuduqca o dövr hadisələrinin əsl mahiyyəti bizim üçün açılır. Üzeyir bəyin erməni-daşnak güruhunu ifşa edən qiymətli əsərləri, hadisələrin inkişaf xətti, azərbaycanlıların əzəli və əbədi düşməni olan ermənilərin ta o zamanlardan bizlərə qarşı törətdikləri alçaq əməllərdən hali edir. Həmin qırğından bir əsrdən çox vaxt keçməsinə baxmayaraq, yazılardan da göründüyü kimi bədnam erməni əməlləri heç dəyişməyib. Azərbaycanın torpağına, var-dövlətinə göz dikən erməni quldurları mədəniyyətimizi, musiqimizi mənimsəməklə yanaşı, hələ o zamanlardan “gələcəyi” düşünərək utanmadan öz əməllərini biz müsəlmanların üstünə yıxırdılar.
“Erməni-müsəlman sülh məclisinə dair” adlı publisistik yazısında Üzeyir bəy Qafqazda bir ildən artıq davam edən qırğının dəhşətlərə səbəb olmasından bəhs edərək yazırdı:“Tamam bir ildir ki, vətəni əzizimiz Qafqaz öz balalarının qanına bulanmaqdadır. Tamam bir ildir ki, minlərlə ciyərlər qırğınlar atəşindən od tutub yanmaqdadır. Bu bir ilin içində neçə min canlar tələf oldu. Neçə-neçə ailələr başsız, ata-analar oğulsuz, bacılar qardaşsız, qardaşlar bacısız qaldılar. Evlər talan oldu, oda yaxıldı. Abad şəhər və köylərimiz xarabaya döndü... Səbəb də erməni-müsəlman davası oldu”.
Publisist yeganə çıxış yolunu bu ixtişaşların baş vermə səbəblərini tapıb yox etməkdə görürdü. “Göz yaşı qana qatışdı, qan qurşağa çıxdı. Buna bir əlac lazımdır” deyən müəllif həm də bildirirdi ki, ixtişaşın baş verməsində günahkar olan tayfa məlumdur, yəni müsəlmanların heç bir günahı yoxdur. “...Sadəlövh müsəlmanlar heç bir vaxtda və heç bir halda qonşuları ermənilərlə dava etmək fikrində deyildilər".
Daha bir yazıda müəllif canişinliyin guya hadisələri “sakitləşdirmək” məqsədilə keçirdiyi yığıncağı belə təsvir edirdi. “Canişini-Qafqaz hüzurunda olan erməni-müsəlman “sülh və islah” komisyonunun məclis qurmağı: bu məclis gərək çoxdan qurulaydı, lakin “vajnı” əhvalat olmadığına görə indilərəcən qurulmağı lazım görülmiyordu”.
Bununla müəllif bildirmək istəyirdi ki, çar hökuməti müsəlmanların qırılmasını vacib məsələ saymırlar. Ermənilərin beş-altı müsəlmanı qırması, İrəvanda müsəlmanların topa tutulması, Malbəyli kəndindəki hadisələr, Qarabağda erməni qoşunlarının törətdiyi vəhşiliklər hökumət üçün “vajnı” əhvalat deyil. Publisist yazır ki, axır ki, bir neçə gün bundan əvvəl Qarabağda “vajnı” bir əhval oldu: Üç-dörd erməni müsəlmanlar tərəfindən tutulub, öldürülüb-öldürülməməsi hələ məlum deyil. Lakin buna baxmayaraq ermənilərə qarşı hər bir hərəkət əlbəttə ki, Qafqazda canlanma yaratdı və sülh komisyonunun indiyə kimi mürgüləyən üzvlərini oyatdı.
Publisist bu məqaləsində yığıncaqdan sonra ermənilərin yenidən tədbirlər görməsini, azərbaycanlıların isə biganəliyini qeyd edərək belə bir sual qoyurdu ki; “Bu məclisin qərarı, xeyri nə oldu? Məclis dağılır, ermənilər evlərinə gedib yeni məclis quraraq millətin dərdindən danışır. Müsəlman vəkillərindən də hamama gedəni hamama gedir, getməyəni də yıxılıb yatır və yuxusunda görür ki, Qarabağ yepiskopu Aşot canişin həzrətlərindən təvəqqe edir ki, ermənilərdən yaraq alınmasın, amma müsəlman köçlərini qoymasınlar ki, özlərilə yaraq aparsınlar və bu təvəqqeyə əncam olub söyünə-söyünə Qarabağa gedir... ”.
Bunun nəticəsi idi ki, müsəlmanlar yatan müddətdə ermənilər yeni işlərlə, yeni ixtişaş planları hazırlamağa məşğul idilər. Üzeyir bəy bu tipli yazıları ilə sadə, avam müsəlmanları oyatmağa ən əsası isə xalqın müdafiəsini təmin etmək üçün işlər görməyə çağırırdı.
Çünki belə “sülh konfranslarından” sonra müsəlmanların aqubəti daha da acınacaqlı olurdu. Bu onun “Sevindilərmi?” adlı məqaləsində daha geniş şərh olunub. Bu yazıda Üzeyir bəy erməni-müsəlman sülh komisyonunun lüzumsuz fəaliyyəti nəticəsində sülh, əmin-amanlıq yaranması əvəzinə müsəlmanların daha acınacaqlı vəziyyətə düşdüyünü qeyd edir. Xüsusilə Qoloşçapovun Qarabağa təyin olunması müsəlmanları əndişəyə salır. Müsəlmanların narahat olması əlbəttə ki, səbəbsiz deyildi. Müsəlmanların buna haqqı vardı, çünki Şuşada yenə də qırğın törədilmişdi. Qarabağ müsəlmanları canişinə müraciət etsələr də, yarım milyona qədər camaatın səsinə səs verən olmadı.
“...Millətçilik gözlərini kor və qulaqlarını kar və bəsirətini yox etmiş Aşot keşişin arzuyi-xəyanətkaranəsi hasil oldu: Qoloşçapov top və tüfəng ilə Qarabağa yollandı. Yollanıb da o gündən etibarən Qarabağ müsəlmanlarının onsuzda qara günlərini zülmət içinə qərq etməyə başladı...”.
Üzeyir bəy Şuşada vəziyyətin daha pis olduğunu ürək ağrısı ilə qeyd edir. Vəziyyət o qədər gərginləşir ki, hətta Şuşada baş verənləri müsəlmanların ziddinə xəbər verən Tiflis agenti də insafa gəlib yazır ki, “şəhərin müsəlman hissəsi topa tutulubdur. Şəhər dörd tərəfdən yanmaqdadır!..”.
Müəllif əvvəlki yazıda general Qoloşçapovun rəhbərliyinin nəticəsində Şuşada müsəlmanların ağır vəziyyətindən bəhs edirdi. Bu yazıda müəllif “Ordan-burdan” rubrikası altında çap olunan məqaləsində isəartıq Şuşada “sakitlik” olduğunu bildirir. “…Qarabağda, Şuşa şəhərində “sülh” olubdur. Hər kəs öz “ işinə” məşğuldur. Məsələn: hakimin “işi” odur kimə hökm edib cəmaəti qırdırsın… Qoşunun “ işi” odur ki, top və tüfəng atıb evləri darmadağın etsin…”.
Əslində bu “sakit”lik Üzeyir bəyi çox narahat edirdi. Çünki müəllifin dediyi bu sakitlik erməni əməllərinin davam etməsinə bir işarə idi. “İrəvanda da sülh və sakitlikdir. Burada “sülh və saziş” komisyonu “barış oyunu” çıxarır. Bu oyuna görə əgər o tərəfin adamı bu tərəfin adamından birisini öldürsə, qatili tənbeh etmək lazım deyil, qoyun özü bilsin. Ona görə “barış oyunu”nun sabahı günü ermənilər də “atəşbazlıq oyunu” çıxardıb, bu oyuna bir qədər rəng vermək üçün o saət bir-iki müsəlmanı vurub öldürdülər”.
Üzeyir bəy ürək yanğısı ilə bildirirdi ki, sülh komisyonunda deyilənlər müsəlmanlar üçün mütləq idi, ermənilər isə öz əməllərindən qalmırlar. Müsəlmanların deyilənləri mütləq qəbul etdiklərini və etiraz etmədiklərini bilən ermənilər həmişə öz xeyirlərinə qərarların qəbuluna nail olurdular. Çünki onların arxasında general Qoloşçaplar dururdu. Müəllif bu generalın iç üzünü açaraq yazırdı: “…General Qoloşçapovun provakator olduğunu sübuta yetirmək buna oxşar ki qatığın ağ olduğunu sübuta yetirəsən. Çünki general Qoloşçapov erməni tərəfdarı olub müsəlmanları qırırdı”.
Hadisələri düzgün və ətraflı şərh edən Üzeyir bəy məqalələrində “güclü erməni politikası”dan, daha doğrusu ermənilərin müsəlmanları günahkar kimi təqdim etmək məqsədilə nələrə əl atdığından da yazırdı. Belə yazılardan biri də “Ordan-burdan”başlıqlı məqaləsidir.
Bu məqaləsində Üzeyir bəy ermənilərin öz mənfur əməllərini həyata keçirmək üçün bütün vasitələrdən istifadə etdiklərini bir daha göstərir. Məlum olur ki, “Qafqaz”qəzetəsinin sabiq baş mühərriri Veliçko “Əfi ilanlar” adlı əsər yazır və burada deyilən doğru sözlər ermənilərin xoşuna gəlmədiyi üçün bu əsərdən minlərcə cildlər alınaraq məhv edilir. Bu fakt bir daha sübut edir ki, ermənilər zaman-zaman öz əməllərini ört-basdır etməyi də bacarıblar. Bunun üçün müxtəlif vasitələrdən istifadə ediblər və ən əsası öz törətdikləri hadisələri, çirkin əməlləri ta qədimdən bizlərin üstünə yıxmağı da çox gözəl biliblər, özlərini isə hər zaman “saf”, “təmiz” göstərmişlər.
Erməni başçıları erməni-müsəlman ixtişaşı əsnasında aləmi aldatmaq istədikcə bir sürü “ucu güləbətinli” yalanlar cümləsinə bu yalanı dəxi soxurdular: “O yerlərdə ki, ermənilər müsəlmanlardan çoxdur, həmişə qurd quzu ilə otluyur: rahətlik, sakitlik, farağatlıq, heç kəsin heç kəslə işi yox, hamı öz kəsbkarındadır...” Üzeyir bəyin təbirincə desək, “bu qəşəng sözlərin içi çürük qozlardan ibarət olduğu üzə çıxır”. Üzeyir bəy erməni-müsəlman düşmənçiliyini qurd-quzu “münasibətləri” ilə müqayisə edir.
Üzeyir bəy bu mövzuda olan bütün məqalələrində erməni-müsəlman münaqişəsinin səbəbkarlarının o dövr hakimiyyət nümayəndələrinin olduğunu üstüörtülü və ya açıq şəkildə göstərməklə bunun rusların öz hakimiyyətlərini möhkəmləndirmək üçün milli qırğın siyasəti olmasını təsdiqləyirdi.Rusların siyasətini həyata keçirmək üçün “oyuncağına” çevrilən ermənilər isə yaranan vəziyyəti özlərinin Azərbaycan, ümumiyyətlə Qafqazla bağlı planlarını gerçəkləşdirmək üçün bir fürsət kimi dəyərləndirirdilər. Hər iki tərəf öz mənfur, çirkin əməllərini reallaşdırmaq üçün məzlum müsəlmanları bu yolda qurban verirdilər.
Bəs onda nə üçün biz bu haqsızlıqların qurbanı olmaqdan usanmayırıq?! Niyə bu faciələri yaşayanbizlər hadisələri düzgün qiymətləndirmək və onlardan nəticə çıxarmaq istəmirik?
“Kaspi” qəzeti, 30 aprel 2014
BDU-nun professoru Qərənfil Dünyaminqızı
