Tarix boyu mətbuata örnək olan “Molla Nəsrəddin”
Sabah Azərbaycan satirik jurnalistikasının Şah əsəri sayılan “Molla Nəsrəddin” jurnalının ilk dəfə işıq üzü gördüyü gündür. Aradan bir əsrdən çox zaman keçməsinə baxmayaraq “Molla Nəsrəddin”in nəninki hər sayındakı, hətta hər səhifəsindəki yazılar (xüsusən də sovet dövrünə qədər çap olunan sayları. Ondan sonra çap olunan saylarda nə Mirzə Cəlilin, nə də bütövlükdə mollanəsrəddinçilərin dəst-xətti duyulur) bu gün də aktualdır, maraqlıdır, məzmunludur.
Bu da bəlli bir faktdır ki, bu günə kimi, “Molla Nəsrəddin” jurnalı, Mirzə Cəlil yaradıcılığı və ümumən “mollanəsrəddinçilər” haqqında qalaq-qalaq kitablar, əsərlər, məqalələr yazılıb və yazılmaqdadır. Oxucumun onların Azərbaycan ədəbiyyatında, mətbuatında və ədəbi-ictimai fikir tarixində böyük və əzəmətli yeri, mövqeyi haqqında yetərincə bilgisi var. Deyilənləri bir daha təkrar etməmək üçün üz tutdum XX əsrin əvvəllərində fəaliyyət göstərən mətbuata.
Bildiyiniz kimi, “Molla Nəsrəddin” Tiflisdə çapa başlayan zaman Azərbaycanda ana dilli mətbuat yalnız “Həyat”, “İrşad” və “Dəvəti-Qoç” qəzetləri fəaliyyətdə idi. Qalan qəzetlər isə rus dilində çap olunurdu. Elə məni də daha çox maraqlandıran rus dilli mətbuatın “Molla Nəsrəddin”in gəlşinə münasibəti idi.
Beləliklə, o zaman Bakıda və Tiflisdə çap olunan rus dilli mətbuatı və bu mətbuat haqqında yazılanları vərəqləməyə başladım. “Zakavkazye”, “Kavkazskaya reç”, “Kaspi”, “Baku”, “Bakinski den”, “Bakinskiye izvestiya”, “Kavkaz”, “Bakinskoye exo”, “Bakinets”, “Kavkazski listok” və s. qəzetlərində “Molla Nəsrəddin” jurnalı ilə bağlı olan bütün yazıları, elanları, informasiyanı gözdən keçirdim. Doğrusunu deyim ki, gözləmədiyim bir faktla rastlaşdım. “Molla Nəsrəddin”in çapa başlaması rus dilli mətbuat tərəfindən də yaxşı qarşılanıbmış. Hətta bu yazıların arasında çar senzurasının jurnala və onun əməkdaşlarına qarşı haqsız münasibətlərindən məlumat verən informasiyalarla da rastlaşdım.
Rus dilli mətbuat arasında “Molla Nəsrəddin”in çap başlamasını ilk olaraq xəbər verən “Kavkazski listok” qəzeti olub. Qəzet 1906-cı il 9 aprel, 76-cı sayında bu haqda məlumat verib. Ondan iki gün sonra isə “Kaspi” 78-ci sayında Tiflisdə “Molla Nəsrəddin” adlı satirik jurnalın nəşrə başladığını yazmaqla yanaşı uzaqgörənlik edərək jurnalın “müvəffəqiyyət qazanacağına şübhə olunmadığını” da qeyd edirdi.
Hələ ilk sayından çar senzurasının diqqətini cəlb edən jurnal tez bir zamanda senzuranın qəzəbinə düçar olur. Bu haqda “Baku” qəzetinin 1906-cı il 19 aprel tarixli 84-cü sayında məlumat verilir ki: “Molla Nəsrəddin” jurnalı Bakı polisi tərəfindən bütün kitab mağazalarından və qəzet satanlardan müsadirə edilib”.
Elə ilk sayından “Molla Nəsrəddin” yalnız çar Rusiyasını deyil, qonşu dövlətlərin də hökumət dairələrini vəlvələyə salmışdı. Çünki “Molla” əmi hər sayında hüququ əlindən alınmış, əsrlər boyu istismara məruz qalmış, mövhumatın ağırlığı altında əzilən xalqı qəflət yuxusundan oyatmağa, mübarizə etməyə çağırırdı. Ona görə də jurnalın yayımına qadağalar qoyulurdu. Məsələn, “Baku” qəzeti 13 may 1906-cı il tarixli 101-ci sayında yazır: “Batumdan “Alik” qəzetinə yazırlar ki, yerli İran konsulu polis idarəsi ilə birlikdə var qüvvəsi ilə çalışırlar ki, satirik-yumorist “Molla Nəsrəddin” jurnalının müsəlmanlar arasında yayılmasına mane olsun. Bu jurnalı oxuyanların hamısı “bədəfkarlar” siyahısına daxil edilirlər”.
Təxminən ay yarım sonra “Tiflisski listok”un 147-ci sayında dövrün tanınmış ədəbi tənqidçisi F.Köçərlinin “Molla Nəsrəddin” sərlövhəli məqaləsi çap olunur. Müəllif məqalədə jurnalın ideya məzmunu haqqında geniş söhbət açaraq onun bəhs etdiyi mövzuların aktuallığını xüsusi vurğulayırdı.
Həmin ilin oktyabr ayında jurnal yenidən çar senzurasının əməkdaşları tərəfindən güclü nəzarətə götürülür. 1906-cı il 22 oktyabr tarixində “Kavkazskaya reç” qəzeti yazırdı: “Saat on bir yarımda Tiflisdə polis və jandarm məmurları “Molla Nəsrəddin” redaksiyasını və “Qeyrət” mətbəəsini mühasirəyə alıb axtarış aparmışlar”.
Qəzet düz iki ay sonra dekabrın 22-də təəssüflə bildirirdi ki: “İran hökuməti bütün sərhəd gömrükxanalarına göstəriş vermişdi ki, Tiflisdə çap olunan “Molla Nəsrəddin” jurnalının İrana daxil edilməsinə yol verilməsin”.
Amma bunun əhəmiyyətsiz olduğuna işarə edərək “Kaspi” qəzeti 277-ci sayında oxucularına bildirirdi: “İranda sadə, türki dilində çıxan və yumorist janrda yazan şəkilli “Molla Nəsrəddin” jurnalını daha çox oxuyurdular. Hərəkatın ilk aylarında onun xalq arasında yayılmasını Məmmədəli Mirzə qadağan elətdirdi və poçt idarəsində onu tutub saxladılar. Lakin azadixahlar narazılıq edib, Əncüməndən tələb edirlər ki, qadağan hökmü ləğv edilsin”.
Doğrudan da bir neçə ay sonra jurnal heç bir maneəsiz İran oxucularına çatdırılır. Bu haqda “Baku” qəzeti 27 iyun 1908-ci il tarixli, 105-ci sayının ilk səhifəsində belə bir xəbər çap edib: “İran hökuməti “Molla Nəsrəddin” jurnalının maneəsiz olaraq İran ərazisinə keçirilməsinə icazə vermişdi”.
“Zakavkazye” qəzeti isə 1907-ci il 30 yanvar tarixli, 24-cü sayında jurnal haqqında geniş bir məqalə çap edərək onun redaktorunu istedadlı adlandıraraq yazırdı: “Az zamanda nəşr edilməsinə baxmayaraq, redaktoru istedadlı Mirzə Cəlil Məmmədquluzadə olan bu jurnal yalnız Rusiyada deyil, hətta İranda və digər müsəlman ölkələrində də özünə geniş oxucu kütləsi qazanmışdır”.
“Zakavkazye” qəzetində bu mövzuda çap olunan yazıları gözdən keçirərkən bəlli oldu ki, qəzet digər rus dilli qəzetlərə nisbətən M.Cəlil yaradıcılığına və şəxsiyyətinə çox böyük hörmətlə yanaşıb. Qəzet təkcə 1907-ci ilin mart, aprel və may aylarında “Molla Nəsrəddin” jurnalı və M.Cəlil yaradıcılığı ilə bağlı ondan çox yazı çap edib. Məsələn, 2 mart, 18 mart, 29 mart, 27 aprel, 29 aprel, 1 may, 9 may, 22 may, 31 may tarixli saylarında çap olunan məqalələr daha çox diqqəti cəlb edir. M.Cəlil yaradıcılığını yüksək qiymətləndirən qəzet onu “məşhur jurnalist” (bax; “Zakavkazye” 1 may 1907-ci il) və yaxud “böyük hörmətə layiq müsəlman jurnalisti” (bax; 1 yanvar, 1910-cu il) adlandırırdı. Qəzet əksər məqalələrində M.Cəlilə haqq qazandırırdı. Məsələn, F.Köçərlinin “Müsəlmanlara hansı elmlər lazımdır?” (bax; 29 mart, 1907-ci il, 71-ci say) və yaxud Hüseyn Minasazovun “Müsəlmanlar arasında” sərlövhəli məqalələrdə qəzet “Molla Nəsrəddin”lə həmrəy olduğunu bildirir və jurnala qarşı olan iftiraları ifşa edirdi.
“Baku” qəzetinin 1908-ci il 27 fevral tarixli 11-ci sayında 22 nəfər müsəlman ziyalısının imzası ilə bir məktub çap olunub. (Belə məzmunlu məktublara “Zakavkazye” və “Kaspi” qəzetlərində də bir neçə dəfə rast gəldik). Məktubda deyilir: “Molla”nın əhəmiyyətini gözdən salmaq bütün yer kürəsində yaşayan müsəlmanlar üçün insafsızlıqdır. Bu yeganə jurnalı həmişəlik məhv etmək istəyirlər. Budur, son günlərdə Bakıda belə bir şayiə davam edir ki, guya başıbəlalı “Molla” haqqında olan fitnəkarlıq davam edir. Onu bağlatmaq istəyirlər. Bu şayiələrə nəzərə alaraq “Molla”nın işığını söndürmək istəyən düşmənlərə qarşı öz nifrətimizi bildirməklə, “Molla” ilə həmrəy olduğumuzu bildirir və müsəlman demokratiyasına namusla xidmət edən “Molla Nəsrəddin” jurnalına uzun ömür arzulayırıq”.
Bu zaman jurnalın əməkdaşlarına xüsusən də Mirzə Cəlilə qarşı həm senzura komitəsindən, həm də yerli mollalar tərəfindən daha güclü təzyiqlər, təqiblər var idi. Bu haqda Həmidə xanım öz xatirələrində yazırdı ki: “…Mirzə Cəlili öldürmək üçün Tiflisə adam göndərirlər. Mirzənin dostları bundan xəbər tutan kimi Mirzəni məsələdən xəbərdar etdilər. O günlərdə İrəvanski meydanın yanında, Salalaki küçəsində bir nəfər şübhəli adam həbs etdilər. Bu adamın əynində yapıncı, üstündə də üç tapançası var idi. O, Bakıdan göndərilmişdi. Bu
hadisədən sonra Mirzə Cəlil silah gəzdirməyə məcbur oldu; 371, 966 N-li brayninqi almalı oldu”.
Arxiv sənədləri, dövrü mətbuatda çap olunan yazılar və xatirələrlə tanış olarkən bir daha bəlli olur ki, Mirzə Cəlil xalqını, ümumən müsəlman dünyasını bu cəhalətdən, cəmiyyətdə hökm sürən sosial ədalətsizliklərdən qurtarmaq, milli azadlığa qovuşdurmaq üçün hətta həyatını da, ailəsini də təhlükəyə atıb. Lakin məqsədindən, məramından dönməyib. Ona görə də XX əsrin tanınmış publisisti, jurnalisti Hacı İbrahim Qasımov hələ 1916-cı ildə redaktoru olduğu “Bəsirət” qəzetində yazırdı ki: “Bu gün Qafqazya mətbuatına dair tarix yazılacaq olursa, heç şübhəsiz, haman tarixin parlaq səhifələrindən birini “Molla Nəsrəddin” məcmuəsi işğal edəcəkdir. Cəsarətlə demək istərdik ki, “Molla Nəsrəddin” məcmuəsinin Qafqaz müsəlmanlarına etmiş olduğu xidməti başqa qəzetlər edə bilməmişdir”.
Mənə də elə gəlir ki, elə bu gün də Azərbaycan mətbuatı tarixində “Molla Nəsrəddin”i əvəz edə biləcək və yaxud ondan bir pillə yuxarı qalxa biləcək mətbu orqanımız yoxdur.

BDU-nun professoru Qərənfil Dünyaminqızı