00:00:00
Yazar
Admin User
03.07.2023 18:47 316 4 dəq oxuma
Sosial

Tarix yaradan şəxsiyyət - Heydər Əliyev!

Tarix yaradan şəxsiyyət - Heydər Əliyev!

Böyük italyan mütəfəkkiri Makiavelli insanları iki qrupa bölüb - tarixi yaşayanlar, tarixi yaradanlar...

 

Əsl liderlər tarixi yaradanlardır. Əsl liderlər fenomenal şəxsiyyətlərdir. Bu ad xalqı və dövlətçiliyi üçün böyük və əvəzedilməz xidmətlər göstərənlərə, taleyüklü problemləri həll edənlərə verilir. Dünya səviyyəli siyasətçi və dövlət xadimi Heydər Əliyev də bu nadir şəxsiyyətlərdəndir...

 

Türkiyənin tanınmış dövlət xadimi Bülent Ecevitin sözləri ilə desək, “qüdrətli öndərsiz bir millət heç nəyə nail ola bilməz. Heydər Əlirza oğlu Atatürk qədər qüdrətli bir türkdür. Heydər Əlirza oğlu min ildən bir yetişən dahilərdəndir".

 

Heydər Əliyev irsinin tədqiqatçıları onu Şarl de Qoll, Corc Vaşinqton, Uinston Çörçill və digərləri ilə müqayisə edirlər. Ulu öndərin sadalanan şəxsiyyətlərdən fərqi mənsub olduğu xalqın və eyni zamanda özünün adını əbədi olaraq tarixə yazmasıdır. Özünün də dediyi kimi, onun həyat amalı bütün varlığı qədər sevdiyi Azərbaycana, Azərbaycan xalqına, dövlətçiliyinə, ölkənin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu xidmətlərin başında isə Vətənə, xalqa sevgi və məhəbbət gəlir. Milli lider Heydər Əliyevin Azərbaycan üçün etdiklərini yazmaqla bitməz.

 

Qısaca, belə deyə bilərik - ölkəsinə, xalqına lazım olduğu anda heç bir təhlükədən çəkinmədən liderlik nümayiş etdirən, ən çətin anlarda doğru qərarlar verməyi bacaran... Bir sözlə, bu gün hər cür inkişafa nail olan müasir Azərbaycanın qurucusu...

 

Heydər Əliyevin hakimiyyətdə olduğu 30 illik dövr dövlət müstəqilliyinin əldə edilməsi, inkişaf, mübarizələr və qələbələr tarixi kimi yadda qalıb. Onun üçün Azərbaycanın azad, müstəqil ölkə olması hər şeydən önəmli idi. Həmin dövrün hər bir çağırışına cavab verən Heydər Əliyev Azərbaycan vətəndaşının hüquqlarının təminatçısı kimi bir çox addımlar atması ilə yadda qalıb.

 

Ulu öndərin böyük nüfuzu Mixail Qorbaçov və onun erməni əlaltılarına öz çirkin planlarını həyata keçirməyə mane olub. 1990-cı il 20 yanvar faciənin acısına dözməyən milli lider heç bir təzyiq, təqib və təhdidə məhəl qoymadan, Moskvanın mərkəzində hiddət və qəzəbini bütün dünyaya bəyan etməkdən çəkinməyib. Heydər Əliyev üçün haqqın və ədalətin bərpası hər şeydən önəmli idi...

 

Heydər Əliyev üçün müstəqil Azərbaycan fəlsəfəsinin təməlində azadlıq, demokratiya, iqtisadi tərəqqi, sosial ədalət və rifah dayanırdı.

 

“Azərbaycanın müstəqilliyini təmin edən atributlardan biri xarici siyasətdir, Azərbaycanın sağlam xarici siyasəti olmalıdır, düşünülmüş xarici siyasəti olmalıdır, uzaqgörən xarici siyasəti olmalıdır, elə xarici siyasəti olmalıdır ki, Azərbaycanı dünya dövlətləri birliyinə bağlasın, Azərbaycanın bütün dövlətlərlə əlaqəsini, Azərbaycanın mənafeyini təmin etsin və Azərbaycanı de-fakto dünya miqyasında bir müstəqil dövlət kimi tanıtmağı təmin edə bilsin. Azərbaycanın indiyə qədər belə sağlam düşüncəli xarici siyasəti olmayıbdır” - deyən milli lider 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdandan sonra Azərbaycanın xarici siyasətini yenilədi, daha doğrusu strateji maraqlar əsasında yenidən qurdu. Ulu öndər Azərbaycanın bütün dövlətlərlə bərabər hüquqlu əlaqəsi olmaq üçün çalışdı.

 

Heydər Əliyevin antiterror koalisiyasına verdiyi dəstək, Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin gerçəkləşməsi, Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının Azərbaycan üzərindən Qərbə nəqli, “Azadlığı dəstək aktı”na ədalətsiz 907-ci düzəlişin qüvvəsinin dayandırılması və s. Heydər Əliyevin xarici siyasətinin uğuru idi. Heydər Əliyevin uğurlu xarici siyasət fəaliyyətinin daha bir məqamı Azərbaycanın nüfuzlu beynəlxalq və regional təşkilatlarla münasibətlərinin yaradılması və daha yüksək səviyyəyə qaldırmasıdır. Azərbaycan BMT, ATƏT, Avropa Şurası, MDB, GUAM, İKT, QİƏT, İƏT kimi beynəlxalq təşkilatların üzvü olmaqla bərabər, Avropa İttifaqı, NATO, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və digər təşkilatlarla da fəal əməkdaşlıq edir. 2001-ci ilin yanvarında Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsilə ölkəmizdə hüquqi islahatların uğurla aparılması, demokratik, hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi kimi bəşəri dəyərlərə əməl olunması bir daha təsdiqləndi...

 

Heydər Əliyevin özünəxas xarakteri, böyüklüyü düşməni daim sək-səkə içərisində saxlayıb. Milli düşüncə, milli ruh, milli kimliyin oyadılması ulu öndər üçün həm birinci, həm də ikinci hakimiyyəti dövründə əsas olub. Moskvada Siyasi Büroda üzv olarkən də daim “Ermənistana birləşmə” arzusunun qabağına sədd çəkib. Etnik təmizləmə, təcavüz, soyqırım, erməni millətçiliyi məsələlərinin əsil köklü mahiyyətini açıb, daşnakların “birləşmək arzularına” siyasi-hüquqi qiymət verib. Dünya ictimaiyyətinə ermənilərin terrorçuluq, işğalçılıq siyasətinin əsl mahiyyətini göstərib.

 

“Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir qaladır, əziz bir abidədir. Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur. Ya ayağa qalxıb torpaqlarımızı azad etməli, ya məhv olmalı, ya da millət olmadığımızı etiraf etməliyik. Azərbaycan xalqı həmişə güclü olub. Amma bu xalqı qaldırmaq, səfərbər etmək lazım idi”. Heydər Əliyevin bu uzaqgörənliyinin reallaşması çox çəkmədi. 2020-ci il sentyabrında Ali Baş Komandan, Prezident İlham Əliyevin Azərbaycan Ordusunun əkshücüm əməliyyatına başlanmasını elan etməklə azadlıq mübarizəsini elan etməsi ulu öndərin “Dünya bilməlidir, o cümlədən Ermənistan bilməlidir ki, biz heç vaxt torpaqlarımızın bir qarışını da heç kəsə verməyəciyik” hökmünü 44 gün ərzində reallaşdırdı. Ulu öndər Heydər Əliyevin başladığı diplomatik yolu, Prezident İlham Əliyev zəfərlə başa vurdu. Bu gün Azərbaycan xalqı xoşbəxtdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə üçrəngli bayrağımız bütöv Azərbaycanın səması üzərində qürurla dalğalanır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər