“Təbii”, “mineral”, “müalicəvi” sular…
“Ümumiyyətlə Azərbaycanda, xüsusilə Bakı və digər iri şəhərlərimizdə qablaşdırılmış su bazarı getdikcə inkişaf edir. Burada çoxsaylı şirkətlər bazara daxil olaraq, istehlakçılara həm qazlı, həm də qazsız sular təklif edirlər”.
Bu fikirləri İnformator.az-a açıqlamasında su problemləri üzrə ekspert Rövşən Abbasov bildirib. Ekspertin sözlərinə görə, bu suların bir hissəsinin üzərində konkret olaraq, yer adı göstərilib.
“Yəni, hansısa dağın və bulağın adından istifadə edirlər ki, alıcılar inansın ki, bu sular elə oradan da gətirilib. Bir qrup şirkətlər də var ki, alıcıları cəlb etmək üçün suyun keyfiyyətinin yaxşı olduğunu xarakterizə edən emblemlərdən istifadə edirlər. Məsələn, “qızıl su”, “ağ su”, “içməli su” və digər buna bənzər adlardan istifadə olunur”.
Ekspert deyir ki, hər iki halda həm haqlı, həm də haqsız olan şirkətlər var.
“Yer adlarını özündə cəlb edən şirkətlərin əksəriyyəti heç də bazarda təklif etdikləri suları həmin coğrafi məkandan gətirmirlər. Bu sular Bakı şəhərində və ətraf ərazilərdə qablaşdırılır”.
Rövşən Abbasovun sözlərinə görə, ötən dövrlərdə də bir sıra belə şirkətlər aşkarlanıb.
“Hansı ki, onlar çox keyfiyyətsiz suyu qablaşdıraraq, heç bir təmizləmə işi həyata keçirmədən onu alıcılara satıblar”.
Ekspert şirkətlərin alıcılara satdığı suların,“Azərsu” tərəfindən əhaliyə verilən sular olduğunu deyib.
“Bu suları isə şirkətlər filtrdən keçirərək, bir qədər yumşaldıb alıcılara çox baha qiymətə satırlar. Azərsuyun satdığı su ilə, bu şirkətlərin satdığı suyun qiymətində min dəfə fərq var”.
Rövşən Abbasov deyir ki, bu şirkətlər suyu alıcılara min dəfə baha satırlar.
“İstehlakçılara satılan su filtrlərdən keçirilərək, satılan sulardır. Onların coğrafi məkanlardan gətirilməsi inandırıcı görünmür. Çünki bu şirkətlər suyun üzərində elə ərazi adları qeyd edirlər ki, həmin ərazilərdən suyub qablaşdırılaraq, Bakıya gətirilməsi yüksək miqdarda xərc tələb edir”, - deyə ekspert yekunlaşdırıb.
Aydan İsayeva
