00:00:00
Yazar
Admin User
16.01.2026 16:47 86 2 dəq oxuma
Siyasət

Təbrizdə hərbi vəziyyət elan edilib

Təbrizdə hərbi vəziyyət elan edilib

İranda etiraz aksiyalarının genişlənməsi fonunda Təbrizdə hərbi vəziyyətin elan olunması hakimiyyətin daxili təhlükəsizlik siyasətində daha sərt mərhələyə keçdiyini göstərir.

 

Mövzu ilə bağlı politoloq Turan Rzayev “İnformator.az”a açıqlamasında bildirib ki, İranda son dövrlər davam edən etiraz aksiyalarının şiddətlənməsi fonunda Təbriz şəhərində hərbi vəziyyətin elan edilməsi gözlənilən addım kimi qiymətləndirilir:

 

“Xüsusilə siyasi baxımdan fəal, etiraz meyillərinin güclü olduğu böyük şəhərlərdə rejimin qabaqlayıcı tədbirlərə əl atması hakimiyyətin aksiyaların nəzarətdən çıxmasından ciddi şəkildə narahat olduğunu göstərir. Son hadisələr zamanı dini məkanlara hücumların qeydə alınması isə təhlükəsizlik orqanlarının reaksiyasını daha da sərtləşdirib. Hərbi vəziyyətin tətbiqi ilk növbədə aksiyaların genişlənməsinin və silahlı toqquşmaların qarşısını almağa yönəlib. Hakimiyyət bu yolla ictimai asayişi bərpa etməyə, kütləvi etirazları lokal səviyyədə saxlamağa və mümkün insidentlərin qarşısını almağa çalışır. Lakin bu addımların özü ciddi risklər də yaradır. Çünki İranda etirazlara qarşı tətbiq edilən üsullar artıq uzun müddətdir ki, sərt və repressiv xarakter daşıyır. Repressiyaların artması, güc strukturlarının daha aktiv iştirakı insan tələfatı riskini yüksəldir və cəmiyyətdə hakimiyyətə qarşı narazılığı dərinləşdirir. Xüsusilə Güney Azərbaycanda milli fəalların, ictimai-siyasi baxımdan aktiv şəxslərin bu prosesdən sui-istifadə edilərək hədəfə alınması ehtimalı istisna edilmir. Bu baxımdan atılan addımlar təhlükəsizlik xarakteri daşısa da, onların legitimliyi ciddi suallar doğurur”.

 

Politoloq əlavə edib ki, rejim etirazları güc yolu ilə boğmağa çalışdıqca, ölkənin vətəndaş qarşıdurması riski ilə üz-üzə qalması ehtimalı da artır:

 

“Sərt metodlar cəmiyyətdə barış və dialoq imkanlarını daraldır, siyasi böhranın dərinləşməsinə zəmin yaradır. Hazırkı mərhələdə Təbrizdə baş verən hadisələrin İranın qonşu ölkələrlə münasibətlərinə birbaşa təsiri müşahidə olunmur. Region üçün əsas risk faktoru İran ətrafında mümkün hərbi eskalasiyadır. Rəsmi Tehran dəfələrlə bəyan edib ki, ABŞ, İsrail və ya Qərb vasitəsilə İrana hərbi zərbələr endirilərsə, cavab olaraq qonşu ölkələrdə yerləşən hərbi bazalar və strateji obyektlər hədəfə çevrilə bilər. Məhz bu ssenari region üçün real təhlükə hesab olunur. Hazırda isə vəziyyət daha çox İranın daxili siyasi böhranı çərçivəsində qiymətləndirilir. Təbrizdə hərbi vəziyyətin elan edilməsi göstərir ki, Tehran etirazların miqyasından ciddi narahatdır və vəziyyəti nəzarətdə saxlamaq üçün daha sərt mərhələyə keçib. Lakin bu siyasətin ölkədə sabitliyə deyil, əksinə, yeni gərginlik dalğalarına yol açacağı istisna edilmir”.


Ayşə Müzəfərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər