Telefon bizi dinləyir? Reklamlardakı “təsadüflərin” sirri açılır
Smartfon və rəqəmsal platformalardan istifadənin genişlənməsi şəxsi məlumatların toplanması və reklam məqsədilə emalı məsələsini də aktuallaşdırıb. İstifadəçilərin gündəlik söhbətlərindən və axtarışlarından sonra qarşılarına həmin mövzularla bağlı reklamların çıxması isə “Telefon bizi dinləyir, yoxsa bu reklamlar istifadəçi davranışlarının təhlilinin nəticəsidir?” sualını gündəmə gətirir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında İT üzrə mütəxəssis Fərid Kazımov bildirib ki, sosial platformaların istifadəçi davranışlarını təhlil etməsi və əldə olunan məlumatlardan reklam məqsədilə istifadə etməsi rəqəmsal mühitdə geniş yayılmış yanaşmadır:
“Ümumiyyətlə, messencerlər və sosial şəbəkələr istifadəçilərin davranışlarına uyğun olaraq onların maraqları, istəkləri və tələbləri barədə məlumatları reklam məqsədilə üçüncü tərəflərlə paylaşa bilirlər. Bu, müəyyən mənada artıq adi hala çevrilib. Çünki istifadəçilər platformalardan yararlanarkən müxtəlif razılıq şərtlərini qəbul edirlər və bununla da məlumatlarının müəyyən məqsədlərlə işlənməsinə razılıq vermiş olurlar. Sosial şəbəkələrin əsas gəlir mənbələrindən biri də məhz reklamdır. Biz çox vaxt messencerlərdən və sosial şəbəkələrdən eyni vaxtda istifadə edirik və bu platformalar bizim davranışlarımızı müəyyən qədər təhlil edə bilirlər. Lakin nəzərə alsaq ki, yazışmalarımızın, axtarışlarımızın və digər fəaliyyətlərimizin reklam məqsədilə təhlil edilməsi mümkündür, bunu tamamilə normal hal kimi qiymətləndirmək olmaz”.
Fərid Kazımov qeyd edib ki, bu məlumatlardan əsasən kommersiya məqsədləri üçün istifadə olunur:
“Məntiq ondan ibarətdir ki, istifadəçilər messencerlərdən və digər platformalardan istifadə etdikcə onların maraqları və davranışları haqqında müxtəlif məlumatlar toplanır. Daha sonra bu məlumatlardan kommersiya məqsədləri, xüsusilə də istifadəçiyə uyğun reklamların təqdim edilməsi üçün istifadə oluna bilər. Nəticədə platformalar bu məlumatlardan gəlir əldə edir və müəyyən hallarda məlumatları reklam tərəfdaşları və digər üçüncü tərəflərlə paylaşa bilirlər”.
Həmidə Cəbrayılova