00:00:00
Yazar
Lalə Qafarova
06.07.2026 18:38 33 3 dəq oxuma
Media

Televiziyaya 10 İl Ömür Biçildi  - "Media Masası"nda Kəskin Diskussiya

Televiziyaya 10 İl Ömür Biçildi - "Media Masası"nda Kəskin Diskussiya

Real TV-nin yeni təqdim etdiyi "Media Masası" layihəsinin ilk buraxılışı elə ilk saniyələrdən medianın nəbzini tutmağı bacardı. Studiyanın qonaqları - AzTV-nin sədri Rövşən Məmmədov və İctimai Televiziyanın Baş direktoru Balakişi Qasımov masa ətrafında əsl intellektual duelə imza atdılar.

 

Müzakirə masasında rəqəmsal dövrün ən ağrılı nöqtələri var idi: sosial şəbəkələrin ekspansiyası, süni intellektin jurnalistikaya basqını, dezinformasiya epidemiyası, reytinq yarışları və tamaşaçı zövqünün qlobal transformasiyası. Lakin verilişin ən yaddaqalan anı iki media rəhbərinin gələcəyə baxışındakı kəskin fərq oldu. Rövşən Məmmədov televiziyanın "ölməzlik rəmzi" olduğunu israrla müdafiə edərkən, Balakişi Qasımov ənənəvi ekrana cəmi 10 il ömür biçdi.

 

Bəs reallıq hansı tərəfdədir? Televiziya həqiqətənmi "qocalar evinə" doğru son səfərinə hazırlaşır, yoxsa sadəcə dəri dəyişdirir? 

 

Meydandakı bu kəskin sualların cavabını tapmaq üçün media tənqidçisi, BDU-nun professoru Qulu Məhərrəmli öz fərqli analizini "İnformator.az"ın oxucuları üçün açdı. 

 

Qulu Məhərrəmli gizlətmir ki, televiziya hazırda öz tarixinin ən dalğalı və dumanlı dövrünü yaşayır. Onun sözlərinə görə, əgər bəşəriyyət bura qədər televiziyanı kino, radio və qəzetin "qatili" kimi tanıyırdısa, indi oyunun qaydaları tamamilə dəyişib. Bu gün meydanda ənənəvi medianın bütün qollarını eyni anda uda bilən qlobal bir div - internet və onun doğurduğu yeni media var.

Bu nəhəng rəqabət fonunda televiziyanın aldığı ilk ağır zərbə vahid auditoriyanın parçalanması oldu. İkincisi və ən kritik olanı isə operativlik məsələsidir. İnformasiyanın işıq sürəti ilə yayıldığı bir əsrdə televiziyanın öz hantal mexanizmi ilə xəbər arxasınca qaçması ciddi geriləmələrə səbəb olur. Yeni dövrün sürətinə və rəqəmsal tələblərinə uyğunlaşa bilməmək ənənəvi ekranı getdikcə küncə sıxışdırır. 


Lakin professor reallığı qəbul etsə də, televiziyaya ölüm hökmü oxuyanların cərgəsində deyil. Dünyanın qabaqcıl media təcrübəsinə söykənən ekspert televiziyanın sağ qalma formulunu belə izah etdi: 

 

Televiziya yaşamaq istəyirsə, rəqabət gücünü artırmalıdır. Bu isə rəqəmsal medianın ən böyük yarası olan "saxta xəbər" (fake news) girdabından uzaq durmaqla - yəni dəqiqlik, dürüstlük və institusional etibarlılıq sayəsində mümkündür. Tamaşaçını yenidən ekrana bağlamağın yeganə yolu fildişi qülləsindən enib birbaşa auditoriyanın içinə daxil olmaq, peşəkarlığı və mötəbərliyi qorumaqdır.

 

Qulu Məhərrəmli maraqlı bir müqayisə də apardı: bu rəqəmsal tufanda bəzi yerli kanallar sıradan çıxa bilsə də, universal yayımlar, xəbər televiziyaları və xüsusən də ictimai yayım fəlsəfəsini mənimsəyən kanallar hər zaman ayaqda qalacaq.

 

Məsələn, Avropada kim BBC-nin yox olacağını, yaxud France 1 və ZDF kimi nəhənglərin qapısına qıfıl vurulacağını iddia edə bilər? Skandinaviya ölkələrində rəqəmsal inqilaba rəğmən televiziyaların "tükü də tərpənmir". Çünki orada cəmiyyətin strukturu, yüksək media savadlılığı və keyfiyyətli informasiyaya olan fundamental tələbat televiziyanı yaşadan obyektiv qalxan rolunu oynayır.

 

Media ekspertinin yekun rəyi həm xəbərdarlıq, həm də bir yol xəritəsidir: məsələyə bədbin baxmağa ehtiyac yoxdur. Lakin bir şərtlə ki, televiziya öz strukturunu, proqram siyasətini və fəlsəfəsini kökündən yeniləsin, yəni transformasiya olunsun. Bu böyük rəqəmsal təkamülə ayaq uyduran vizyoner televiziyalar gələcəkdə də var olacaq, köhnə üsullarla gün keçirənlər isə tarixin tozlu səhifələrində əriyib getməyə məhkumdur.

 

Lalə Qafarova

#Media #AzTV #İTV #televiziya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər