TEZLİKLƏ DAHA 509 NƏFƏR FÜZULİYƏ YOLA SALINACAQ
İşğaldan azad edilən Füzulidə böyük layihələrin icrası davam edir. Şəhərin baş planına uyğun olaraq mərkəzdə, Zəfər yolunun kənarında yaşayış məhəllələri salınır. 38 çoxmərtəbəli bina inşa edilir. Yaxın müddət ərzində 144 ailənin köçü planlaşdırılır.
Füzuli şəhəri 30 ildən sonra sakinlərini qəbul etməyə hazırlaşır. Şəhərdə daxili yol, küçə və kommunikasiya şəbəkəsinin qurulması istiqamətində quruculuq işləri sürətlə həyata keçirilir. Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Sarabinin sözlərinə görə, ilk dəfə olaraq Qarabağa köç fərdi evlərə deyil, çoxmənzilli binalara baş tutacaq. “Şəhərdaxili yolların ümumi uzunluğunun 87 kilometr olması nəzərdə tutulur. İlkin mərhələdə isə 18, 5 kilometr yolun tikintisi planlaşdırılır. Prospektlər 4 zolaqlı yol, küçələr isə 2 zolaqlı olacaq, piyadaların rahat hərəkət etməsi üçün bütün imkanlar yaradılacaq. Piyada yolları, yaşıllıq zolaqları, ictimai nəqliyyatın rahat hərəkəti üçün zolaqlar, həmçinin velosiped yollarının da tikintisi yüksək sürətlə davam edir”.
Füzuli şəhərində də inşa edilən təhsil ocağında son tamamlama işləri görülür. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, akt zalı, idman zalı, yeməkxana, kitabxana yaradılıb. “Paralel olaraq Özbəkistan Füzulidə 3 hektar ərazini əhatə edən 960 şagird yerlik məktəbin tikintisini yüksək sürətlə davam etdirir. Yaxın günlərdə bu məktəbin tikintisinin də sonlanması planlaşdırılır”.
Füzuli şəhərində həmçinin Qazağıstanın Kurmanqazı adına Uşaq Yaradıcılığı İnkişafı Mərkəzi də inşa edilir. Uşaq Yaradıcılığının İnkişafı Mərkəzinin təməli bu ilin mart ayında qoyulub. Xatırladaq ki, avqustun 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli şəhərinə birinci mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirib. Püşkatmada iştirak etmiş 144 ailə və ya 509 nəfər qısa müddətdə Füzuli şəhərinə yola salınacaq.
