“Threads” populyarlıq qazana biləcəkmi?
Yeni sosial media platforması "Threads" qısa zamanda populyarlıq qazansa da, bu gün üçün onun gələcəyinə dair proqnozlar vermək hələ tezdir. Şəbəkənin artıq 100 milyondan artıq istifadəçisi var və bu sayın qısa zamanda əldə olunmasının bir neçə səbəbi ola bilər.
BDU, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müəllimi Səbinə İzzətli səbəblərdən birinin bu platformanın məşhur Meta şirkətinin məhsulu olmasında görür. Onun sözlərinə görə, dünyada bir rəqəmsal dövlət statusuna məxsus olan Facebook-un topluluğu, Instagram-ın kütləsi çox rahatlıqla yeni məcraya maraq göstərib, axın edə bildi. “Səbəblərdən ən başlıcası, həm də platformanın sadə və minimalist dizayna sahib olmasıdır” deyən Səbinə İzzətli bildirir ki, insanlar artıq qarışıq, çoxfunksiyalı, rəngli tərtibatlardan yorulub. Bu mənada Threads qurucuları istifadəçi yönümlü düşünüblər.
Bu platformanın Twitter-ə rəqib olaraq yaradıldığı söylənilsə də, platformanın qurucusu heç də belə düşünmür. O, hesab edir ki, bu məcra, əsasən, Instagram-da olub Twitter-ə alışa bilməyən, ancaq bənzər funksiyalı bir şəbəkə axtaran istifadəçiləri hədəfə alıb. Sitat – “Hesab edirəm ki, rəqib olub-olmamasından daha vacib məsələ bu yeni məcranın nə qədər güvənilir bir yer olmasıdır. Meta-nın sahibi Mark Zuckerberg dəfələrlə öz müsahibələrində bildirir ki, şirkət olaraq siyasət və qaynar xəbərlərdən uzaq durmağı önəmsəyirlər. Hətta Facebook-da News feed adlanan hissənin Feed olaraq saxlanması, adından "News"un çıxarılması da buna örnək ola bilər. Odur ki, Instagram-ın CEO-su da, Adam Mosseri də Thread-in məqsədlərindən danışarkən qeyd edir ki, siyasət və ciddi xəbərlərdən çox əyləncə, istifadəçilərin günlük maraqlarını, pozitiv paylaşımlarını görməyi hədəfləyir. Bu mənada yeni məcra sanki nifrət nitqi, aqressiv paylaşımlardan uzaq olacağını vəd edir. Bunu zamanla görəcəyik. İndilik onu deyə bilərəm ki, hər yeni məcra yaratdığı topluluqla həyatda qala bilir və bir imic yaratmış olur”.
Ümid edək ki, yeni məcra keyfiyyətli topluluğa sahib olar, insanlar burada daha çox faydalı ola bilər və qarşılıqlı olaraq faydalı olmağa çalışar. Yeni platformanın çatışmazlıqları da mövcuddur. Təqləməni (etiketləmə) dəstəkləməməsi buna misal ola bilər. Çünki təqləmə istifadəçiyə axtardığı mövzu ətrafında bir icma yaratmağa kömək edir. Düzdür, Thread postları rahatlıqla Instagram-da, hətta Twitter-də belə paylaşmaq mümkündür. Digər bir çatışmazlıq, Thread hesabını silmək istədikdə, avtomatik olaraq həmin istifadəçinin Instagram hesabının da silinmiş olmasıdır. Bu da, əslində, istifadəçinin seçimlərinə müdaxilə etmək, onu manipulyasiya etməkdir və etik bir addım sayıla bilməz. Bundan başqa, xarici mütəxəssislər ən çox məxfilik məsələsinin təmin olunmamasından narahatdırlar. Məxfilik tənzimləmələrindəki boşluqlara görə hazırda bu platforma Avropa Birliyinə daxil olan ölkələrə çatımlı deyil. Sırf gizlilik məsələləri, istifadəçilərdən toplanan dataların təhlükəsizliyi məsələsi tam şəffaf tənzimlənmədiyindən bu bir müddət belə də davam edəcək.
Aydan Qasımova
