Təhsil müəssisələrində uşaqlara ödənişsiz psixoloji yardım göstəriləcək
Təhsil müəssisələrində uşaqlara ödənişsiz psixoloji yardımın göstərilməsi təşəbbüsü şagirdlərin emosional rifahının qorunması və tədris mühitinin sağlamlaşdırılması baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir. Bu yanaşma məktəblərdə psixoloji dəstəyin əlçatanlığını artırmağı hədəfləyir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında publisist, pedaqoq, Azərbaycan Yazıçılar Birliyinin üzvü, təhsil eksperti Şəmsi Qoca bildirib ki, onun fikrinə görə, məktəblərdə psixoloqlar düzgün fəaliyyət göstərmir:
“Hesab edirəm ki, bu psixoloji yardımın göstərilməsi indiyə qədər də var idi. Amma mən sizə bir şey deyim ki, yaxşı psixoloq heç vaxt gəlib məktəbdə işləmir. Əgər siz nəzərdə tutduğunuz səviyyədə məktəb psixoloqları təyin olunsa, məktəblərdə, birinci növbədə, şagirdlərin psixoloji vəziyyəti yaxşılaşacaq, uşaqlar arasında bəzi neqativ hallar aradan qalxacaq. Məktəbdə psixoloji təlimin keyfiyyətinə nəzarət edəcək bir nəfər var, o da məktəb direktorudur. Çünki məktəb direktoru pedaqogika ilə yanaşı, psixologiyanı da bilməlidir. Məktəb direktorlarını imtahan edirlər, mənasız suallar verirlər, onun əvəzinə məktəb direktorunun psixoloji fəaliyyətini araşdırmaq lazımdır. Ümumi olaraq idarə edən adamın psixoloji vəziyyəti yaxşı olmalıdır, hər sahədə.
Məktəb direktorunun psixoloji xidmət haqqında məlumatı yoxdursa, necə nəzarət edəcək? Günümüzdə məktəb direktoru işləyən insanların psixoloji fəaliyyət, xidmət haqqında məlumatı yoxdur. Müəyyən vəziyyətdə olan uşaqlar olur ki, onlara psixo-korreksiya deyirlər, o uşaqları izləmək lazımdır, nəzarət etmək lazımdır. Tədris nəticələri şərtidir, dəyişkəndir. Psixoloji dəstəyin bütün regionlarda təmin edilməsi üçün şəxslər təyin olunmalıdır. Kadr hazırlanmalıdır, məktəblər üçün psixoloq hazırlanmalıdır, məhz məktəb psixoloqu hazırlanmalıdır”.
Mövzu ilə bağlı olaraq psixoloq Zeynəb Əyyubova da fikirlərini saytımızla bölüşüb:
“Məktəblərdə ən çox müşahidə olunan çətinliklərə emosional gərginlik, narahatlıq və qorxu halları, özünə inamın zəifliyi, davranış pozuntuları, aqressiya, diqqət və öyrənmə çətinlikləri, eləcə də yaşıdları ilə münasibətlərdə problemlər daxildir. Bu hallar çox vaxt ailə mühiti, akademik təzyiq, sosial şəbəkələrin təsiri və ya zorakılıq təcrübələri ilə əlaqəli olur.
Psixoloji çətinliklərə erkən mərhələdə müdaxilə edildikdə, uşağın emosional və sosial inkişafı daha sağlam istiqamətdə formalaşır. Erkən dəstək problemin dərinləşməsinin qarşısını alır, uşağın öz hisslərini tanımasına və idarə etməsinə kömək edir, gələcəkdə daha ağır psixoloji pozuntuların yaranma riskini azaldır. Bu, həm də uşağın akademik nailiyyətlərinə və özünə dəyər hissinə müsbət təsir göstərir.
Məxfiliyin qorunması psixoloji xidmətin əsas etik prinsiplərindən biridir. Şagirdlərlə aparılan görüşlərdə paylaşılan məlumatlar yalnız peşəkar çərçivədə saxlanılmalı, üçüncü şəxslərə ötürülməməlidir. Yalnız uşağın özünə və ya ətrafdakılara real təhlükə yaradan hallar istisna olmaqla, məlumatın paylaşılması valideynlərlə belə ehtiyatla və etik qaydalara uyğun aparılmalıdır. Bu yanaşma şagirdin psixoloqa etibarını möhkəmləndirir.
Valideynlərin prosesə cəlb olunması isə son dərəcə vacibdir. Psixoloji dəstəyin effektivliyi məktəb–ailə əməkdaşlığı ilə artır. Valideynlər maarifləndirildikdə və düzgün istiqamətləndirildikdə, uşağa ev mühitində də uyğun emosional dəstək göstərə bilirlər. Bu əməkdaşlıq uşağın həm məktəbdə, həm də ailədə özünü daha güvənli və anlaşılmış hiss etməsinə şərait yaradır”.
Arzu Poladova
