00:00:00
Yazar
Admin User
26.09.2023 16:48 343 3 dəq oxuma
Sosial

Təhsil müəssisələrində uşaqlara qarşı zorakılıq - SƏBƏBLƏR

Təhsil müəssisələrində uşaqlara qarşı zorakılıq - SƏBƏBLƏR

Cəmiyyətin, ailənin güzgüsü olan uşaqların həm fiziki, həm də psixi inkişafına nail olmaq müasir dövrün ən qlobal məsələlərdəndir. Onlara öyrədilən təlim-tərbiyə metodları, davranış üsulları uşaqların inkişafına, hərəkətlərinə, düşüncələrinə təsir göstərir, şəxsiyyət kimi formalaşmalarında böyük rol oynayır. Bəzi hallarda uşaqlara düzgün münasibət göstərilmir və bu, bir çox fəsadlara gətirib çıxarır. Uşaqlara qarşı tətbiq edilən zorakılıq hərəkətləri onların normal inkişafına mane olur.

 

Əfsuslar olsun ki, son zamanlarda məktəblərdə və bağçalarda azyaşlı uşaqlara qarşı şiddət hallarına tez-tez rast gəlirik. Bu kimi halların qarşısının alınması, baş verməməsi üçün hansı işlər görülməlidir?


Mövzu ilə əlaqədar klinik psixoloq Fuad Əsədovun fikirlərini öyrəndik.

 

Son zamanlarda gündəm olan məsələlərdən biri də məktəblərlə və bağçalarda uşaqlara qarşı zorakılıq hallarının baş verməsidir. Fikrinizcə, bu hadisələrin təməli nələrdir?
- Ümumiyyətlə, hər şeyi bir kənara qoysaq, şiddət göstərməmək, şiddətə ehtiyac duymamaq şüurun yüksək səviyyəsinin göstəricisidir. Bu təkcə müəllimlik peşəsi üçün deyil, hər peşə üçün keçərlidir. İnsan şüur olaraq elə bir səviyyəyə yüksəlməlidir ki, hər hansı bir problemlə qarşılaşdıqda ağlına gələn ilk həll yolu şiddət olmasın. Amma şüurun bu səviyyəsinə çatmaq hər kəsə nəsib olmur və müəllimlər bunu bacarmayanda daha problemli məsələlər ortaya çıxır.


Müəllimlərin aqressivliyinin, şiddətə baş vurmasının səbəbi nədir və bu cür müəllimlərə uşaq əmanət etmək nə dərəcədə düzgündür?
- Yaşlı müəllimlər deyə bilərlər ki, müəllim uşağa şiddət göstərə bilər, biz belə görmüşük və.s. Amma bu cümləni dilə gətirmək o deməkdir ki, bu insanlar müasir dövrün elmini mənimsəməyiblər, hazırda mövcud olan pedaqogikanın yeniliklərini bilmirlər. Çünki müasir pedaqogika şiddəti bir cəza forması olaraq tənqid edir. Xüsusilə, 90-cı illərdən sonra doğulan nəslin psixologiyasına şiddət halı nə qədər böyük zərbə vurur, bunu psixologiya təsdiqləyir. Bütün bunları bilmək və fəaliyyətini bunlara əsasən formalaşdırmaq lazımdır. Bunu edə bilməmək yalnız onun emosional olduğunu və sadəcə hisslərini idarə edə bilmədiyini göstərməz, eyni zamanda onun öz ixtisası və işi ilə bağlı kifayət qədər bilikli və bacarıqlı olmadığını göstərər.


Belə halların qarşısının alınması üçün məktəblərdə hansı tədbirlər görülməlidir?
- Çox yaxşı olar ki, müəllimlər işə götürülərkən onlar istər məktəb rəhbərliyi, istərsə də Təhsil Nazirliyi tərəfindən müəyyən parametrlərə görə dəyərləndirilsin. Çox yaxşı olar ki, bu parametrlər içərisində onların etik davranışları, əxlaqi normaları və aqressiya səviyyələri də ölçülüb, öyrənilsin. Nə qədər aqressiv olduqları müsahibə zamanı danışıqlarından, yaxud özlərini aparma şəklindən görülə bilər. Amma hər halda bu məsələ diqqətlə yoxlanılmalıdır, hətta ən önəmli məsələlərdən biri olmalıdır. Təəssüf ki, müəllimlərin uşaqlara qarşı qəddarca rəftarını, hətta etik olmayan davranışlarını bir çox hallarda sosial şəbəkələrdə və ya real həyatda şahidi oluruq. Bunların qarşısını almaq üçün müəllimlər işə götürülən zaman, ümumiyyətlə, müəllimlərə ixtisas verilən zaman bu parametrlər baxımından onları dəyərləndirmək lazımdır. Əgər bir müəllimdə bu kimi problemlər görülsə, həmin müəllim 5-6 aylıq psixoterapiyaya göndərilməlidir və müəllimlə bildirilməlidir ki, müalicə bitməyənə qədər və psixoloqundan məktəb rəhbərliyinə bilgi verilməyənə qədər fəaliyyətin məhdudlaşdırılır.


Bu zorakılıq hadisəsi zərərçəkən uşaqda nə cür travmalar yarada bilər?
-Ümumiyyətlə, bir uşağın ehtiyacı olan ən böyük tələbatlardan biri təhlükəsizlikdir. Uşaq üçün iki mühit var - biri məktəb, digəri ailə və uşaq həyatı. Yaşamağı, bu həyatın qaydalarını bir çox şeyi, hətta deyə bilərik ki, hər şeyi bu iki mühitdə xüsusilə də məktəbdə öyrənir. Məktəb həyatın “məşq zalıdır”. Uşaq məktəbdə özünü təhlükədə hiss edərsə, təhlükəsizlik tələbatı ödənməzsə bu uşaq üçün böyük zərbə olacaq və uşaq həyatın da belə bir yer olduğunu düşünəcək. Uşağın beynində belə bir fikir formalaşacaq ki, mənim səhvlərim mənim şiddət görməyimə və ağır cəzalandırılmağıma səbəb ola bilər. Dolayısı ilə uşaq bir qorxu və təşviş içində böyüyəcək. Onda təşviş pozuntuları, özgüvən əksikliyi, sosial fobiya, utancaqlıq və digər psixoloji narahatlıqlar meydana gələ bilər.

 

İsayeva Aydan

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər