00:00:00
Yazar
Səadət Əlizadə
08.08.2026 15:37 109 2 dəq oxuma
Texnologiya

Tibbdə süni intellektdən necə istifadə olunur?

Tibbdə süni intellektdən necə istifadə olunur?

Süni intellekt həyatın müxtəlif sahələrində olduğu kimi, səhiyyədə də yeni imkanlar yaradır. Xəstəliklərin aşkarlanmasından tibbi məlumatların analizinə qədər bir sıra proseslərdə süni intellekt texnologiyalarından istifadə olunur.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında İT üzrə mütəxəssis bildirib ki, süni intellekt tibbdə həkimi əvəz etmək üçün yox, həkimin vaxtını və diqqətini daha düzgün yerə yönəltmək üçün istifadə olunmalıdır:

 

 

"Çünki tibbdə problem çox vaxt məlumatın azlığı deyil, əksinə həddindən artıq çox olmasıdır. Bir xəstənin analizləri, əvvəlki müayinələri, rentgen və s. kimi çoxlu məlumat olur. Süni intellekt bunları insanla müqayisədə çox qısa müddətdə analiz edib həkimə diqqət etməli olduğu məqamları göstərə bilər. Məsələn bir rentgen görüntüsünə baxanda sistem şübhəli sahəni işarələyib həkimə bura daha diqqətlə bax deyə bilər. Yaxud əvvəlki və indiki analiz nəticələrini müqayisə edərək hansısa göstəricidə təhlükəli dəyişiklik olduğunu daha erkən aşkar edə bilər. Məncə süni intellektin tibbdə ən böyük faydası məhz burada ortaya çıxır. Ancaq burada bir vacib məsələ var. Süni intellekt nə qədər inkişaf etsə də, onun verdiyi cavabı son həqiqət kimi qəbul etmək olmaz. Sistem də səhv edə bilər. Əgər alqoritm düzgün olmayan və ya kifayət qədər müxtəlif tibbi məlumatlarla öyrədilibsə bəzi xəstə qruplarında yanlış nəticələr verə bilər. Buna görə mənə görə tibbdə ən sağlam model həkim + süni intellekt modeli ola biləcəyini düşünürəm. Çünki sistem analiz edir və rəy verir, yekun qərarı isə xəstənin real vəziyyətini görən həkim verir. Məsələnin bir də görünməyən tərəfi var hansı ki, son dönəm aktuallığını qoruyan kibertəhlükəsizlik. Adi bir sosial şəbəkə hesabının məlumatının oğurlanması ilə insanın bütün tibbi tarixçəsinin sızması eyni şey deyil. Tibbi məlumatlar son dərəcə həssasdır. Burada diaqnozlar, analizlər, istifadə edilən dərmanlar və insanın illərlə formalaşmış sağlamlıq tarixçəsi ola bilər. Ona görə də süni intellekt sisteminə məlumat ötürülməzdən əvvəl bu məlumat harada saxlanacaq, kim görə biləcək və üçüncü tərəfə ötürüləcəkmi? sualları cavablandırılmalıdır. Digər risk xəstəxanaların öz informasiya sistemləridir. Gəlin bir anlıq düşünək ki, ransomware hücumu nəticəsində sistemin dayanması baş verir. Həkim xəstənin əvvəlki nəticələrini görə bilmir, analizlərə çıxış yoxdur və rəqəmsal xidmətlər dayanır. Buna görə tibbdə AI tətbiq etmək istəyiriksə, paralel olaraq məlumatların şifrələnməsi, giriş səlahiyyətlərinin düzgün bölüşdürülməsi, çoxfaktorlu autentifikasiya, ehtiyat nüsxələr və s. kimi davamlı təhlükəsizlik monitorinqi də qurulmalıdır. Yəni əvvəlcə məlumatı qorumağı bacarmalıyıq, sonra həmin məlumatı süni intellektə etibar etməliyik. Azərbaycana gəldikdə isə mən deməzdim ki, biz artıq süni intellektin xəstəxanalarda kütləvi istifadəsi mərhələsindəyik. Biz hələki daha çox rəqəmsal bazanın formalaşdırıldığı və AI inteqrasiyasına hazırlığın aparıldığı mərhələdəyik".

 

Səadət Əlizadə

#xəbər #baki #intellektdən #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər