Tikintidə olan binadan ev alanların üzləşdiyi problemlər
Adətən, tikintisinə yeni başlanılan, tikilməkdə olan binadan ev alanlar müxtəlif problemlərlə qarşılaşırlar. Bina ya vaxtında təhvil verilmir, ya da bəzi hallarda eyni mənzilin bir neçə şəxsə satılması faktları üzə çıxır.
İnsanlar sırf bu səbəbdən tikintisi başa çatmayan binalardan deyil, hazır mənzilləri almağa üstünlük verdiklərini deyirlər. Ancaq iş orasındadır ki, Bakıda tikintisi başlamayan binaların da bəzən mənzilləri öncədən satılır. Üstəlik, hazır evlərlə müqayisədə belə mənzillər ucuz təklif olunduğundan alıcıları cəlb edir. Bəs, görəsən, vətəndaşlar belə hallarda nələrə diqqət etməlidir?
Bu haqda Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, "VECON" founder, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin vitse-prezidenti Vüqar Oruc "informator.az"a açıqlama verib. O, bildirir ki, əvvəllər ara-ara baş verən bu hadisələr, hazırda artmaqdadır:
"Baxmayaraq ki, əvvəlcədən MTK ilə vətəndaş arasında razılaşma olur. Ya əvvəlcədən razılaşdırılan sahə təqdim olunmur, ya da həmin mənzil bir neçə nəfərə satılır. Buna görə də vətəndaşlar mülkiyyət hüququ təsdiq olunan, sənədə malik olan mənzillərə üstünlük versinlər. Buna baxmayaraq hazırda çıxarış əldə olunmayan mənzillər var. Vətəndaşların belə mənzillərə üstünlük verməsinin səbəbi sənədli mənzillərdən daha ucuz olmasıdır. Belə olduqda isə danışıqda olan bütün razılaşmalar müqavilədə öz əksini tapmalıdır. Alınan mənzilin dəqiq yeri, mərtəbədəki yeri, eskiz layihəsi müqavilədə yer almalıdır və bütün bunlar natorial qaydada təsdiqlənməlidir. Bu cür sənədləşmə olmalıdır ki, gələcəkdə vətəndaşlar problemlə qarşılaşmasın. Bəzi hallarda rast gəlirik ki, tikintisi həyata keçməyən binalarda mənzil satılıb. Tikinti aparan şirkət müəyyən saylı mərtəbəli bina tikintisi üçün aidiyyatı qurumdan icazə alır və daha artıq mərtəbəli bina tikir və satışa çıxarır".
Müsahib qeyd edir ki, müqavilənin bağlanmasında yaxşı olar ki, vəkil və hüquqşünaslarla məsləhətləşmələr aparılsın:
"İlk növbədə vətəndaşlar çıxarışı olan binalara üz tutmalıdırlar, ikinci halda isə bina ilə bağlı, həmin mərtəbə ilə bağlı sənədlər təqdim olunmalıdr, proyektlə, layihəylə tanış olunmalıdr ki, həqiqətən həmin binada müvafiq mərtəbədə mənzil mərtəbəsi tikilib. Eyni zamanda tikinti ilə məşğul olan şirkıtin keçmişinə də baxmalıdırlar. Hər hansı bir problem olmadıqda etibar etmək daha məqsədə uyğundur".

Gülay Qəribova
