00:00:00
Yazar
Admin User
22.12.2025 19:08 106 4 dəq oxuma
Sosial

“TikTok” yeniyetmələr üzərində mənfi təsirlər yaradır

“TikTok” yeniyetmələr üzərində mənfi təsirlər yaradır

“TikTok” sosial şəbəkəsinin gənclər, yeniyetmələr və uşaqlar üzərində mənfi təsirləri ilə bağlı narahatlıqlar artmaqdadır. Mütəxəssislərin fikrincə, platformada yayılan bəzi məzmunlar cəmiyyətin psixoloji durumuna mənfi təsir göstərir, milli-mənəvi dəyərlərin zəifləməsinə səbəb olur və ümumi təhlükəsizlik üçün risk yaradır.

 

Mövzu ilə bağlı Qərbi Kaspi Universiteti “Psixologiya və Sosial iş” kafedrasının müəllimi, Uzman psixoloq-psixoterapevt Səbinə Bayramova “İnformator.az”a açıqlamasında bildirib ki, bu cür təqdimat depressiyanı bir növ “estetik hal” kimi göstərir, halbuki bu, ciddi müalicə tələb edən bir psixoloji vəziyyətdir:

 

“"TikTok" və oxşar platformalar uşaqlar və yeniyetmələr üçün yüksək stimullaşdırıcı, lakin səthi məzmun təqdim edir. 2024-cü ildə "Psychiatry Research" jurnalında dərc olunan bir araşdırma göstərib ki, bu platformalardan asılılıq səviyyəsi artdıqca gənclərin emosional rifahı, akademik performansı və ailə münasibətləri mənfi təsirlənir. Avropa Uşaq və Yeniyetmə Psixiatriyası Jurnalının apardığı sistematik icmal isə vurğulayır ki, "TikTok"un yüksək vizual stimulları və alqoritmik məzmun axını yeniyetmələrdə emosional dalğalanmalar, özünə inamın azalması və sosial müqayisə ilə bağlı narahatlıqlar yaradır.

 

Qısa videoların ardıcıl izlənməsi dopamin sistemini həddindən artıq stimullaşdırır, bu isə davamlı diqqət saxlama qabiliyyətini zəiflədir. Yeniyetmələrdə tez-tez diqqətin yayınması, dərsə fokuslanma çətinliyi və impulsiv davranışlar müşahidə olunur. Bu, xüsusilə məktəb performansına və sosial münasibətlərə mənfi təsir edir.

 

Sosial mediada yayılan dezinformasiya və qorxulu xəbərlər, xüsusilə hərbi toqquşmalar, silahlı qarşıdurmalar, terror aktları, sərhəd gərginlikləri və ya ictimai-siyasi sabitliyin pozulduğu dövrlərdə yəni münaqişə şəraitində yeniyetmələrdə təhlükəsizlik hissinin pozulmasına, stressin, qorxunun və gələcəklə bağlı qeyri-müəyyənlik hissinin artmasına səbəb ola bilər. Məsələn, 2022-ci ilin sentyabrında Ermənistanın hərbi təxribatları zamanı “TikTok” platformasında yayılan yanlış hərbi məlumatlar və görüntülər cəmiyyətdə ictimai təşviş yaradıb, xüsusilə gənc auditoriyada psixoloji gərginliyi daha da artırıb.

 

"TikTok" və #teenmentalhealth haştaqı ilə yayımlanan 100 ən populyar videonun təhlili göstərib ki, emosional çətinliklərə dair məzmunlar yüksək baxış və paylaşım sayı toplayır. Bu isə bəzən psixoloji problemlərin normallaşdırılmasına və ya romantikləşdirilməsinə səbəb olur.

 

“Problemlərin normallaşdırılması” və “romantikləşdirilməsi” dedikdə nəzərdə tutulan budur ki, bəzi emosional və psixoloji çətinliklər, məsələn, depressiya, özünə zərər vermə, tərk edilmə qorxusu və ya panik ataklar sosial mediada bəzən estetik, cazibədar və ya qəhrəmanlıq kimi təqdim olunur. Bu isə izləyicilərdə bu vəziyyətlərin “adi”, “qaçılmaz” və ya “cəlbedici” olduğu təəssüratını yarada bilər.

 

 

Bir video təsəvvür edin, fon musiqisi yavaş və emosionaldır, görüntüdə bir yeniyetmə pəncərədən kədərli baxır, üzərində “I’m broken but beautiful” (Mən sınmışam, amma gözələm) yazısı var. Bu video #depression və #teenmentalhealth haştaqları ilə paylaşılır və minlərlə bəyənmə alır. Bu cür təqdimat depressiyanı bir növ “estetik hal” kimi göstərir, halbuki bu, ciddi müalicə tələb edən bir psixoloji vəziyyətdir. Yeniyetmələr bu cür məzmunları izlədikcə, özlərini bu vəziyyətlə eyniləşdirə bilər və yardım axtarmaq əvəzinə, bu halı “özlərinin bir hissəsi” kimi qəbul edə bilərlər.

Başqa bir videoda bir yeniyetmə “panic attack routine” (panik atak zamanı etdiklərim) başlığı ilə özünün nəfəs darlığı yaşadığı anları göstərir və bu videoya minlərlə insan “mən də belə oluram” deyə şərh yazır. Bu cür məzmunlar panik atak və ya digər narahatlıqları normal və yayğın bir hal kimi təqdim edə bilər, bu da bəzi izləyicilərdə “bu vəziyyətlə yaşamaq normaldır, yardım almağa ehtiyac yoxdur” düşüncəsini yarada bilər".

 

Müsahibimizin sözlərinə görə, bu cür məzmunlar empatiya yaratmaq və təcrübə paylaşmaq baxımından faydalı ola bilər, lakin təhlükə ondadır ki, bu emosional çətinliklər bəzən “yardım axtarmaq əvəzinə paylaşmaqla kifayətlənmək” kimi bir davranış modelinə çevrilir:

 

"Bu isə psixoloji problemlərin dərinləşməsinə və gecikmiş müdaxiləyə səbəb ola bilər.

Sosial media, xüsusilə də “TikTok” kimi qısa video platformaları, psixoloji cəhətdən hələ formalaşmaqda olan uşaqlar və yeniyetmələr üçün nəzarətsiz buraxıldıqda ciddi risklər doğurur. Emosional çətinliklərin estetizasiya (estetikləşdirmə) olunması, dezinformasiyanın sürətlə yayılması və diqqət sisteminin pozulması bu platformaların yaratdığı əsas təhlükələrdəndir.

Valideynlər, pedaqoqlar və cəmiyyətin bütün üzvləri bu məsələyə laqeyd yanaşmamalıdır. Media savadlılığı, rəqəmsal davranış qaydaları və psixoloji dayanıqlıq məktəb və ailə mühitində sistemli şəkildə öyrədilməlidir.

 

Unutmayaq, sosial media tərbiyəçi deyil. Əgər biz tərbiyə etməsək, bunu ekranlar edəcək və nəticələrinə cavabdeh olmaq çətinləşəcək”.

 

 

Aydan Əsgərxanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər