Tiktokun "ağsaqqalları" və sözə baxmayan yeniyetmələr
Gecə saat 02:00. Küçələr səssiz, evlərin işıqları sönülü, şəhər dərin yuxudadır. Amma Tiktokun virtual dünyasında qaranlıq və ziddiyyətli bir "gecə həyatı" bütün sürəti ilə davam edir. Ekranın bir tərəfində platformanın tanınmış simalarından olan Velizar və onun kimilər, digər tərəfində isə hələ həyatın astanasında olan, şəxsiyyəti tam formalaşmamış 15-17 yaşlı yeniyetmələr. Onlar qarşı-qarşıya gəlib "PK" adlanan, mahiyyəti yalnız virtual hədiyyə toplamaqdan ibarət olan mənasız bir yarışa qoşulublar.
Bu mənzərənin ən düşündürücü, bəlkə də ən acınacaqlı tərəfi ekranın hər iki tərəfində yaşanan absurd dialoqlardır. Sosial şəbəkədə hər cür hərəkəti, aqressiyası və qeyri-adi davranışları ilə tənqid hədəfi olan Velizar belə qarşısındakı uşaqların halına acıyaraq onlara nəsihət edir: "Gecənin bu vaxtı canlıda nə işiniz var? Bu yaşda gedin kitab oxuyun, dərsinizlə məşğul olun, gələcəyinizi düşünün, canlıya qoşulmayın!" Amma bizim gənclər bu qızıl rəngli, tamamilə doğru olan məsləhətlərə zərrə qədər də məhəl qoymurlar. Onlar üçün qarşıdakı insanın nə dediyi, hansı dəyəri ötürdüyü önəmli deyil. Onların tək hədəfi ekranda görünən "qızılgül", "şir" emojiləri və bir neçə saniyəlik süni qalibiyyət hissidir. Bu vəziyyət müasir yeniyetmələrin içində olduğu böhranı açıq şəkildə ifşa edir. Birincisi, real həyatda, ailədə və ya məktəbdə özünü təsdiq edə bilməyən, kifayət qədər diqqət görməyən gənclər virtual aləmin qaranlıq künclərində saxta bir populyarlıq axtarırlar. İkincisi, dəyərlər o qədər aşınıb ki, ən doğru məsləhət belə Tiktok fenomeninin dilindən çıxanda gənclər üçün əhəmiyyətini itirir, tərs psixologiya yaradır və uşaqlar inadla canlıda qalmağa davam edirlər. Üçüncüsü isə tam bir gələcək iflasıdır; gecə saat 2-də kitab vərəqləmək yerinə smartfonun zərərli işığına kilidlənən gənclik, səhəri gün dərs mühitinə yorğun, hədəfsiz və diqqəti dağınıq bir fərd kimi addım atır.
Ən böyük ironiya da elə burasındadır: valideynlərinin, müəllimlərinin sözünə baxmayan, kitab oxumağı "köhnəlik" hesab edən bu nəsil, qəribə də olsa, elə Tiktokun öz "ağsaqqalları" tərəfindən virtual qapıdan qovulur. Lakin gənclər yenə də bu acı reallığı görmək istəmirlər. Amma gec-tez canlılar bağlanacaq, telefonlar sönəcək və ekran qaralacaq. O an əldə qalan yeganə şey isə boşa xərclənmiş gənclik, qaçırılmış imkanlar və gecənin qaranlığında itirilmiş sağlamlıq olacaq.
Mayıl Soltan