TƏLƏBƏ VALİDEYNLƏRİNİN PAYTAXT PROBLEMİ....
Əksər ali təhsil müəssisələrinin paytaxtda yerləşməsi tələbələrin Bakıya axınına gətirib çıxarır. Bu isə həm psixoloji, həm də maddi cəhətdən problem yaradır. Doğulduğu, böyüdüyü mühitdən uzaqlaşıb yad şəhərə adaptasiya olmaq xüsusən də 1-ci kurs tələbələri üçün çətindir.
2 övladını rayondan Bakıya təhsil üçün göndərən Bilurə Məmmədova övladlarının ali təhsil almasının sevinci ilə yanaşı bir sıra problemlərə görə narahatdır. Övladının yad mühitə alışa bilməyəcəyindən ehtiyat edən ana ayrılıq duyğularına da qapılır. Maddi çətinliyə gəldikdə isə, həm ödəniş, həm də kirayə ev dərdi çəkən Billurə ana övladı üçün bütün çətinliklərə hazır olduğunu da gizlətmir.
Yasəmən Zeynalova isə qızını paytaxta yola salır. "Mənim tək problemim indiki dövrdə heç kimə güvən olmaması, qızımın alti təhsil aldığı yerin kilometrlərcə uzaq olmasıdır. Bu hal məni çox narahat edir".
Maddi çətinliklə bağlı problem yaşayan İlhamə Əliyevanın tərk dərdi kirayə evlərin qiymətidir. "Hər il kirayə evlərin qiyməti qalxır, biz valideynlərə bu hal çox çətinlik yaradır. Tələbə üçün aylıq 600-700 manatlıq ev olarmı? Bunu necə ödəyək?".
Qeyd edək ki, əmlakçılar kirayə evlərin qiymətinin keçən ilə nisbətən, 100-150 manat artacağını bildirir.
ÇİNARƏ MURADOVA
