00:00:00
Yazar
Admin User
31.08.2023 11:13 389 3 dəq oxuma
Sosial

TƏLƏBƏLİK SEVİNCİNİ İLK BİZİMLƏ BÖLÜŞƏNLƏR

TƏLƏBƏLİK SEVİNCİNİ İLK BİZİMLƏ BÖLÜŞƏNLƏR

   İxtisas seçiminin cavabları abituriyentlərlə yanaşı, valideynlərin də həyəcanlarına  son verdi. Övladlarının uğurlarını görən, bu yolda onlara sonuna kimi dəstək olan valideynlər bu xəbəri sevinc gözyaşları ilə qarşıladılar. Bəs, abituriyentlər istədiyi universitetə, ixtisasa qəbul ola bildilərmi?

   Dünənin abituriyentləri, bu günün isə tələbələri sevinclərini İnformator.az ilə bölüşüblər. İxtisas seçimi zamanı müsahibimiz olan 620 bal toplamış Elnur Musayev istədiyi universitetə, ixtisasa düşdüyü üçün xoşbəxtdir. Elnur artıq Bakı Dövlət Universitetinin Kompüter elmlər ixtisasının tələbəsidir. Elnur deyir ki, "mənim hobbim yalnız futboldur, amma inkişaf üçün bir neçə kurslara gedəcəm". Sahəsi üzrə ixtisaslaşmağa gəldikdə, Elnur yalnız universitetin deyil, özünün də əlavə praktik biliklər öyrənməli olduğunu bildirir.

   Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olan Nəzrin Muradova isə cavab gəldiyi anda keçirdiyi həyəcanı sözlə ifadə edə bilmir:" Həmin an sevincdən ağladım, 11 illik əziyyətimin qarşılığını bir mesajda görmək mənə çox qəribə, sevincdolu hisslər bəxş etdi. Xəbərə bütün ailəm ilə birliktə sevindik, amma ən çox sevinən bacım oldu. Ona görə ki, Bakı Dövlət Universiteti onun üçün çox fərqli, özəl universitetdir". Nəzrin deyir ki, bu ixtisasda təhsil alacağı müddətdə tarixi daha dərindən araşdıracaq,  peşəsinə daha məsuliyyətli yanaşıb, gələcəkdə dərs keçəcəyi şagirdlərə tarixi çox gözəl aşılayacaq.

   Arzusunda olduğu, ali, şərəfli peşəyə yiyələnən Nurcan Rzayeva Bakı Slavyan Universitetinin Dil-ədəbiyyat müəllimliyi ixtisasına qəbul olub. Nurcana müəllimlik sənətini sevdirən, məhz anası olub. Nurcan bu uğuru qazanmağın səbəbini qarşısına qoyduğu hədəfdə görür. "Təbii ki universitetə qəbul olmaq asan deyil, bu yola başlayacaq şəxs əvvəlcə qarşısına məqsəd qoymalı, daimi bu amal uğrunda mübarizə aparmalıdır". Nurcan daimi inkişafda olacağını, öz peşəsi üzrə daha yaxşı ixtisaslaşacağını deyir, söz verir ki, gələcəkdə ən gözəl, sayılıb-seçilən müəllimlərdən biri olacaq.

   Azadə Səlimova bu hisslərin nə qədər gözəl olduğunu ancaq yaşayanın biləcəyini deyir. Ona bu hissləri yaşadan universitet və ixtisas Bakı Slavyan Universitetinin İngilis dili müəllimliyi ixtisasıdır. Ailəlikcə hamının bu uğura sevindiklərini deyən Azadə, daha çox anasının təsirləndiyini bildirir. Azadə uşaqlıqdan xarici dilə həvəs göstərib, bu yolda bir çox biliklər əldə edib. "Məncə, daha yaxşı inkişaf etmək üçün universitet kifayət etmir. Əlavə praktik biliklər də öyrənmək lazımdır. Məsələn, oxuduğun ixtisası ən ali səviyyəyə gətirmək".

   Növbəti müsahibimiz isə Ceyran Əliyevadır. Ceyran öncə gözlədiyi ixtisasa düşmədiyini bildirsə də, qazandığı universitetə, ixtisasa özünü adaptasiya etmək üçün çalışır. Ceyran Gəncə Dövlət Universitetinin İbtidai sinif müəllimliyi ixtisasına qəbul olub. "Ailəm bu xəbərə çox sevindi, amma bu sevinci daha yaxşı göstərə bilən atam oldu. Anam da atam qədər sevincli idi, sadəcə atam sevincini göstərə bilən biridir, anam isə əksinə atam kimi sevincini biruzə verə bilmir". Uşaqlıqdan xarici dilə həvəsi olan Ceyran ingilis və rus dillərini daha yaxşı öyrənəcəyini qarşısına hədəf qoyub. Onun fərqli bir hobbisi də var, skripka çalmaq. Ceyran deyir ki, tək universitet oxumaqla kifayətlənmək olmaz, insan hər zaman öz üzərinə çalışıb daha da irəli getməlidir.

   Biz də bu yolda tələbələrə uğurlara arzu edirik! 

ÇİNARƏ MURADOVA

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər