00:00:00
Yazar
Admin User
06.03.2019 11:12 747 3 dəq oxuma
Sosial

Tələbələrin iştirakı ilə sosial şəbəkələrin həyatımızdakı rolu müzakirə edilib

Martın 6-da Azərbaycan Dövlət Pedoqoji Universitetində “Sosial şəbəkələdən düzgün istifadə edirikmi?” adlı layihənin yekun tədbiri keçirilib.
Tələbələrin iştirakı ilə sosial şəbəkələrin həyatımızdakı rolu müzakirə edilib

Martın 6-da Azərbaycan Dövlət Pedoqoji Universitetində “Sosial şəbəkələdən düzgün istifadə edirikmi?” adlı layihənin yekun tədbiri keçirilib.

İnformator.az xəbər verir ki, Aysel Pirməmmədovanın müəllifi olduğu layihə Azərbaycan Gənclər Fondunun maliyyə yardımı ilə həyata keçirilib.

Layihə rəhbəri Aysel Pirməmmədova çıxışında bildirib ki, bir gənc kimi o da sosial şəbəkələrdən mütəmadi olaraq istifadə edir. “Doğrudur sosial şəbəkələr həyatımızın ayrılmaz parçasına çevrilib. Lakin bununla belə, biz, ondan doğru istifadənin yollarını müəyyənləşdirməli və bu istiqamətdə fəallığı artırmalıyıq. Sosial şəbəkələr gənclər üçün vaxt itkisi yox, asudə vaxtın səmərəli təşkili, öz kiçik bizneslərini qurmaq üçün vasitə olmalıdır. Dil öyrənmək, imtahanlara hazırlaşmaq, yeniliklər barədə məlumat almaq üçün kifayət qədər səhifə və qruplar var. Bunlardan istifadə edərək ətrafımızdakı insanların maariflənməsinə, dünyagörüşünün artmasına şərait yaratmaq mümkündür”, - deyə layihə rəhbəri bildirib.

Daha sonra psixoloq Gulnara İnanc çıxış edib. O qeyd edib ki, sosial şəbəkənin hadisələri yaymaq üsulları önəmlidir. Bu xüsusi ilə intihara cəhd, ölüm və digər mənfi təsir yaradan hadisələr üçün keçərlidir. Baş vermiş hadisə quru kəlmələrlə emosiyasız verilməli, faciəvi notlar olmamalı, təbliğat xarakteri daşımamalıdır. Təəssüf əksər KİV-lər suisid hadisəsini bər-bəzəkli , tamaşa kimi təbliğ edir, başlıqları gurultulu yazır və cəmiyyətdə özünə qəsdi bir şou kimi təqdim edirlər. Gülnara İnanc qeyd edib ki, sosial şəbəkələrin müasir ailələrə təsirinin mənfi nəticələri ilə tez-tez üzləşmək mümkündür. Çox vaxt ailələrdə nifaqın yaranmasında və ya ondan daha da pisi — ailələrin dağılmasında sosial şəbəkələrin rolu həddindən artıq şişirdilir. Virtual həyat real həyata təsir edir və bəzən düzəlməsi mümkün olmayan nəticələrə gətirib çıxarır.

QHT rəhbəri Bəsti Nəsibova isə sosial şəbəkələrin informasiya müharibəsindəki rolundan danışıb. Qeyd olunub ki, müharibə şəraitində yaşayan Azərbaycanda informasiya mübarizəsinin rolu böyükdür. Biz bütün cəbhələrdə, xüsusi ilə bu günki reallığı, sosial şəbəkələrin və informasiyanın gücünü nəzərə alaraq bu istiqamətdə də mübarizə aparmalı və bunu gücləndirməliyik. QHT rəhbərinin sözlərinə görə, dövlət siyasətini, Azərbaycanın apardığı haqlı mübarizənin sosial şəbəkələr vasitəsi ilə təbliğ etmək və yaymaq hər bir gənc üçün önəmli olmalıdır. Gənclər bu sahədə özləri şəxsən təşəbbüskar və duyarlı olmalıdır. Qarayaxma kampaniyalarının, qarışıqlıq yarada biləcək dezinformasiyaların yayılmasının qarşısını almaq üçün doğru və dolğun informasiyanın yayılması vacibdir. Sosial şəbəkədə bir görüntü, yaxud məlumatın trendə çevrilməsi dəqiqələr içində baş verir. Bu səbəbdən də paylaşdığımız şəkil, video və məlumatın yaradacağı əks-təsiri də nəzərə almalıyıq.

Pedoqoji Universitetin müəllimi Taleh Məmmədov sosial şəbəkələrdən ölkəmizin dünyada tanıdılması və təbliğatı üçün istifadəsinin vacibliyinə diqqət çəkib. Onun sözlərinə görə, Azərbaycanın müxtəlif yerlərində, rayonlarında çəkilən və həştəqlərlə paylaşılan şəkillər və məlumatlar dünyanın bütün ölkələrində olan insanların bu barədə məlumat almasına yardım edir. Bu Azərbaycanın gözəlliklərini dünyada tanıtmaqda yaxşı vasitədir.

Daha sonra tədbir çıxış və müzakirələrlə davam edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər