TƏMAYÜL SİNİFLƏR ÖZÜNÜ DOĞRULDUR?
Artıq bir neçə gündür ki, bakalavr səviyyəsi üzrə ali təhsil müəssisələrində aparılan ixtisas seçimi müsabiqəsinin nəticələri açıqlanıb. Biləsuvarda 4 saylı tam orta məktəbin bir sinfində məzunların 100 faiz qəbul nəticəsi kollektivin və tələbə adını qazananların böyük sevincinə səbəb olub.
Bu il qəbul imtahanlarında iştirak üçün Biləsuvar şəhəri 4 saylı tam orta məktəbin 60 şagirdi sənədlərini təqdim edib. Həmin məzunların 51 nəfəri yüksək nəticə göstərərək respublikanın müxtəlif ali təhsil ocaqlarına daxil olublar. Maraqlısı isə məktəbin 11 A sinfində oxuyan 19 şagirdin hər birinin 100 faiz nəticə ilə ali məktəbə qəbul olmasıdır.
Tələbə adını qazanan Əli Qurbanov 500 balla Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər ixtisasına qəbul olub. “Mən də bu gün hər birimiz kimi sevincliyəm. Bu gün bütün sinif yoldaşlarım və mən məktəbimizin adını bir daha ucaltdığımız üçün, qalibiyyət ənənələrini yaşatdığımız üçün çox sevincliyik və fəxr edirik”.
Jalə Əlizadə isə 592 balla BDU-nun riyaziyyat müəllimliyi ixtisasını qazanıb. Deyir ki, bu uğuru qazanmağın sirri komanda şəklində işləmək oldu. “Biz qruplar üzrə eyni olan uşaqlar, bir yerdə qrup açırdıq, onlayn məşqul olur, birlikdə dərs oxuyurduq, dərs öyrənirdik. Bu uğurumu qazanmaqda mənə yaxından yardımçı olan sinif rəhbərimə, bütün müəllimlərimə və valideynlərimə təşəkkür edirəm”.
Sinif rəhbəri Şəfa Məmmədova da qürurludur. Ona görə ki, 8-ci sinifdən rəhbərlik etdiyi sinif onun etimadını doğruldub. “O potensialı mən gördüm, müşahidə elədim və o potensialı üzə çıxarmaq istiqamətində var qüvvəmlə işlədim. Mənlə bərabər o sinfə dərs deyən digər müəllimlər daha əzmlə çalışmağa başladılar. Çox şükür ki, zəhmətimizin bəhrəsini gördük. Hər bir şagirdimizi təbrik edirik”.
Məktəbin direktoru Elşən Ağazadə isə deyir ki, təhsil müddəti ərzində 11 A sinfi istedadlı şagirdləri ilə digər siniflərdən fərqlənib. “Həmin şagirdlərimiz təmayül sinfini bitiriblər. Yüksək nəticə əldə ediblər. Bununla da Elm və Təhsil nazirliyinin həyata keçirdiyi təmayül sinfi proqramı öz nəticəsini verməkdədir”.
SƏBİNƏ
