00:00:00
Yazar
Admin User
10.07.2023 11:27 274 2 dəq oxuma
Sosial

Təmtəraqlı süfrələr, ani gələn qonaqlar...

Təmtəraqlı süfrələr, ani gələn qonaqlar...

Qonaqlıqlar bizi dost-tanışla yaxın edən ən sevimli adətlərimizdəndir. Amma günümüzdə “qonaqlıq” deyəndə çoxunun ağlına borc-xərc, təmtəraqlı süfrələr gəlir. Buna görə bəziləri qonaq getməyi, bəziləri də qəbul etməyi sevir. Elə burada bir sual yaranır: Qonaqlıq münasibətlərinin zədələnməsinin səbəbləri nədir?

 

Qonaq gedib-gəlmək xalqımızın ən gözəl adət-ənənələrindəndir. Təsadüfi deyil ki, Azərbaycan xalqı dünyada həm də qonaqpərvərliliyi ilə tanınır. Amma təbii ki, hamı məsələyə eyni yanaşmır. Kiminə görə qonaq getmək, kiminə görə də qonağı qarşılamaq daha yaxşıdır.

 

Qonaq getdiyin ya da evinə gələn insanlarla ünsiyyət qurmaq, onların dərdini, sevincini paylaşmaq gözəldir. Amma etiraf edək ki, çoxumuz ani gələn qonaqları, məcburiyyət duyduğumuz təmtəraqlı süfrə açmağı sevmirik.

 

Sənətşünas Səbinə Babayeva qonaqlıq adətinin ibtidai icma dövründən formalaşdığını deyir: “Yolunu azan insanlar başqalarının mağaralarına gedirlərmiş və oradakı insanlar da həmin insanı evində qarşılayırlarmış. Qonaqlıq mədəniyyəti elə bir şeydir ki, ani gələn qonaqları həqiqətən sevmir. Çünki sən həmin insanın işdə olduğu vaxta, ya da qonaq qarşılamaq imkanı olmadığı vaxta düşə bilərsən. Ona görə əvvəlcədən zəng edib xəbər vermək lazımdır. Təmtəraqlı süfrələr isə ümumən düzgün deyil. Hər kəs öz imkanına uyğun süfrələr açmalı, bol süfrə hazırlamağı məcburiyyət kimi görməməlidir”.

 

Qonaq gedib-gəlmək hər nə qədər qohumluq, dostluq münasibətləri üçün vacib olsa da, günümüzdə öz aktuallığını itirir. Həm uzun müddətli pandemiya dövründən keçdiyimizi, həm də sosial şəbəkələr sayəsində kommunikasiyanın asanlaşdığını nəzərə alsaq, gediş-gəlişlərin azalmasının heç də təsadüfi olmadığını görərik.

 

Sosioloq Üzeyir Şəfiyev deyir ki, cəmiyyətimiz üçün olduqca gözəl, mühüm adətlərdən olan qonaq gediş gəlişləri bu gün azalıb: “Bunun bir hissəsi sosial şəbəkələr sayəsində ünsiyyətin asanlaşmasından qaynaqlanır. Digər tərəfdən isə izlədiyimiz xarici film, seriallar da bu münasibətlərə olduqca güclü təsir edir. Nəzər salsaq görərik ki, indi insanlar tanışlarını kafe, restoranlarda qonaq edirlər”.

 

Çalışaq, dost-tanışlarımızla münasibətlərimizi sosial şəbəkələr, vaxtaşırı təşkil edilən kafe, restoran görüşləri ilə çərçivələməyək. Təmtəraqlı süfrələri də özümüzə dərd etməyək. Əsas odur söhbətimiz, çayımız isti olsun.

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər