Tovuz sakinləri "Space" TV-nin qarşısına toplaşıb
“Jurnalistlər hər hansı bir münaqişəli məsələni hər tərəfli işıqlandırmalıdır. Əgər bunu etməyi bacarmırlarsa, heç əllərinə qələm almasınlar, qərəzli, böhtan dolu, qarşı tərəfin hiddətinə səbəb olacaq materillar təqdim etməsinlər!”
İnformator xəbər verir ki, Tovuz rayonu Eyyublu kəndinin təxminən 20 nəfər sakini (həmin kəndin orta məktəb müəllimələri) Respublıka Baş Prokurorluğunun qarşısına toplaşıb. Həmin qadınlar 20 yaşlı tələbə qızın cinsi təcavüzə məruz qalmasında adı hallanan 4 gəncin həbsinə etiraz ediblər. Onların iddialarına görə, Tovuz rayon məhkəməsi Məmmədov Kamal, Kərimov Mürsəl, Niyazov Ellməddin, Rzayev Nemətin həbsinə dəlil-sübutlar olmadan, atılan böhtanlara əsaslanaraq qərar verib. Baş Prokurorluğun yüksək vəzifəli əməkdaşları onları qəbul edərək istintaqın gedişinə nəzarət edəcələrinə və şəfaflığın təmin olunacağına söz veriblər.
Bundan sonra qadınlar “Space” TV-nin binası qarşısına yollanıblar. Elmməddin Niyazovun bibisi Dursun Niyazova bildirir ki, aprelin 7-sində “Space” kanalının “Hər gün” informasiya proqramının saat 20.30-dakı xəbərlər buraxılışında izlədikləri süjet onların hiddətinə səbəb olub. Süjetdə təcavüz olunduğu iddia olunan qızın atası Kamal Nəsibov əlində tutduğu dəftərdəki adları və imzaları kadrda nümayiş etdirərək cinayətdə adı hallanan oğlanların ailələrinin kənddən çıxarılması üçün imza toplama aksiyası təşkil etdiyini və cəmi bir günün içində 1500 nəfərinin imzasının toplandığını söyləyib. Süjet qızın atası və qohumlarının müsahibləri əsasında, əks tərəfin mövqeyini təqdim etmədən, istintaqın gedişi ilə maraqlanmadan olduqca qərəzli hazırlanıb.
D. Niyazova şirkətin məsul şəxslərinin onları dinlədiklərini və olayı hərtərəfli işıqlandırmaq üçün Eyyubluya yenidən çəkiliş qrupu yollayacaqlarına söz verdiklərini deyir. Dursun xanım saytımız vasitəsilə media mənsublarına müraciət etməyi də unutmadı: “Mən adi bir kənd müəlliməsi olsam da bilirəm ki, jurnalistlər hər hansı bir münaqişəli məsələni hər tərəfli işıqlandırmalıdır. Əgər bunu etməyi bacarmırlarsa, heç əllərinə qələm almasınlar, qərəzli, böhtan dolu, qarşı tərəfin hiddətinə səbəb olacaq materillar təqdim etməsinlər! ”
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.
