Tramp administrasiyası Venesuela ilə bağlı neft şirkətləri ilə danışıqlara başlayıb
ABŞ Prezidenti Donald Trampın administrasiyası Venesuela ilə bağlı Amerika neft şirkətləri ilə danışıqlara start verib. Yüksək səviyyəli Ağ Ev rəsmisi bildirib ki, şirkətlərlə yazışmalar artıq başlayıb və proses davam etdiriləcək.
ABŞ rəsmisinin sözlərinə görə, Prezident Tramp adından bu danışıqlara ABŞ-nin energetika naziri Kris Rayt və dövlət katibi Marko Rubio rəhbərlik edəcək.
Ağ Evin sözçüsü Karolin Livit də məsələ ilə bağlı açıqlamasında qeyd edib ki, “Prezident Trampın da vurğuladığı kimi, Amerikanın Venesuelada yeni investisiyalar və imkanlarla bağlı maraqları güclü olaraq qalır. O, bu istiqamətdə Amerika şirkətləri ilə işləməyi səbirsizliklə gözləyir”.
Venesuelaya hərbi müdaxilədən sonra ABŞ Prezidenti Donald Tramp ABŞ-nin dünyanın ən böyük neft ehtiyatlarına malik olan bu ölkənin neft sənayesində “çox güclü” iştirak edəcəyini açıqlayıb. Tramp bildirib ki, “Biz Venesuelaya böyük Amerika neft şirkətlərini milyardlarla dollar sərmayə ilə gətirəcəyik. Bu vəsait neft infrastrukturunun bərpasına yönəldiləcək və ölkə üçün gəlir əldə edilməsinə başlanılacaq”.
TRT XƏBƏR
Ləman Mahmudlu
