Tramp Ceffri Epşteynlə bağlı ittihamlara cavab verib
ABŞ-nin prezidenti Donald Tramp Ədliyyə Nazirliyinin açıqladığı yeni məlumatlara istinad edərək, Ceffri Epşteynlə və Volf adlı şəxslə bağlı səslənən ittihamlara cavab verib. Sosial media hesabında paylaşım edən Tramp bildirib ki, bu şəxslər əsassız iddialarla ona zərər vurmağa çalışıblar və o, Epşteyn adasına heç vaxt getmədiyini vurğulayıb.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Turan Rzayev bildirib ki, Epşteyn hadisəsi ,əslində,bundan əvvəl baş verən Likleks hadisələrinə çox bənzəyir:
"Aydın məsələdir ki, bu prosesin ilkin mərhələdə ifşa edilməsi, daha doğrusu sənədlərin təqdim edilməsi elə də təsadüfi hadisə deyil. Epşteyn olayında heç kim təmiz deyil. Amerikanın bir çox siyasətçisi bu məsələdə iştirak edib. Nəinki Amerikanın, dünyanın bir çox ölkələrinin siyasətçiləri, monarx nümayəndələri, milyarderlər və s. şəxslər bu proseslərdə iştirak ediblər. İnsan təbiətinin ən qaranlıq üzüdür. Milyonçu və milyarderlər dünyada pul ilə hər şeyi əldə edə bilirlər, artıq əldə edilə bilməyəcək, daha doğrusu lüks sayıla biləcək qeyri-insani istəklərə də sahib olurlar.
Əslində Epşteyn olaylarında bu diqqət çəkir. Amma burada başqa bir məsələ də var. Məsələn, vaxtilə Bosniya müharibəsi zamanı İtaliya üzərindən bir çox milyarderlər gəlib bu ərazidə canlı insan ovlarında iştirak ediblər. Tarixdə bunun bir çox misalları var. Bu səbəbdən Epşteyn olaylarını belə fövqəl təbii bir şey kimi təqdim edirlər və insan tarixində hər zaman bu tip qaranlıq şəxslər və onların törətdiyi qeyri-insani hallar olub.
Amerika məsələsi Trampın əleyhinə istifadə edilməyə çalışılır. Tramp əleyhinə kampaniya başladılır və Epşteyn hadisələrində adının hallandığına dair fikirlər vurğulanır. Bunun həqiqəti əks etdirməsi başqa məsələdir. Amma bunun Trampın mövzu vəziyyətində ona qarşı yenidən bir kampaniyanın başladılması, gözdən salınması kimi qiymətləndirilə bilər. Nəinki Tramp, ətrafında olan, Trampa yaxınlığı ilə seçilən siyasətçilər, dövlət başçıları da bu kampaniyaya qoşulmağa çalışırlar. Amma mən bunun geniş reaksiyaya səbəb olacağını düşünmürəm. Epşteyn özü ölüb. Təəssüf ki, nə o dünyada cəzasını çəkə bilib,nə də bu hadisədə əli olan milyarderlər tapılıb cəza alacaq".
Gövhər Mehyəddinova
