Tramp Davosda Ukraynanı müzakirə etməyi planlaşdırır
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və ABŞ Prezidenti Donald Tramp Ukrayna üzrə sülh danışıqlarını müzakirə etmək üçün gələn həftə İsveçrənin Davos şəhərində görüşməyi planlaşdırırlar.
Mövzu ilə bağlı siyasi şərhçi Taleh Əliyev “İnformator.az”a açıqlamasında bildirib ki, növbəti həftə Davosda keçiriləcək Donald Trampla Ursula fon der Lyayen arasında görüş Ukraynada sülhün əldə edilməsi baxımından son dərəcə əhəmiyyətli və nəticəli olmayacaq:
“Bu görüşün gedişi Rusiya ilə Ukraynanın sülhə baxışlarından asılıdır. Tərəflərin sülhə yanaşması demək olar ki, münaqişə başladığı gündən dəyişməyib. Rusiya işğal etdiyi Ukrayna ərazilərinin öz ərazisi kimi tanınmasını istəyir. Eyni zamanda Ukraynada rus dilinin işlədilməsinə daha geniş status verilməsini tələb edir. Ukraynanın neytral dövlətə çevrilməsini istəyir. Bütün bu tələblər əslində sülh danışıqlarının gündəliyi yox, kapitulasiya aktının mətnidir. Rusiya Ukraynanın tamamını işğal etməyənə, istədiyi rejim dəyişikliyinə nail olmayana qədər bu formatda sülhə nail ola bilməyəcək. Ukrayna tərəfinin tələbləri isə tərəflər arasında sülh müqaviləsinin bağlanması üçün Ukraynanın BMT-yə üzv olarkən tanınmış sərhədləri çərçivəsində həllini tapmalıdır. Trampın irəli sürdüyü şərtlərdən biri də Rusiya vasitəsilə işğal olunmuş Ukrayna ərazilərinin azad iqtisadi zonaya çevrilməsi məsələsidir. Hər iki tərəf bu məsələdə özünü daha barışmaz mövqedə olan tərəf kimi göstərməmək üçün sülh gündəliyi ilə bağlı prinsipial razılığın əldə olunmasına dair bu mövzuya ciddi etiraz etmirlər. Tərəflərin ənənəvi yanaşmasında dəyişiklik olmadığı üçün Rusiya və Ukrayna olmadan ABŞ və Avropa İttifaqının bu məsələni müzakirə etməsi, ortaq məxrəcə gəlməsi iki dövlət arasında sülhün əldə edilməsinə gətirib çıxarmayacaq. Növbəti həftə Davosda keçiriləcək ABŞ və Avropa İttifaqı arasında zirvə görüşünün nəticəli başa çatacağına inanılmır".
Selcan Xudiyeva
