Tramp imzanı atıb
Tarixinin ən uzunmüddətli hökumət bağlanmasını yaşayan ABŞ-də müvəqqəti büdcə layihəsi Senatdan sonra Nümayəndələr Palatasında da qəbul edilib. Qısa müddət sonra Donald Tramp layihəni imzalayaraq hökumətin fəaliyyətini rəsmi şəkildə bərpa edib.
ABŞ Nümayəndələr Palatasının təsdiqindən sonra Prezident Donald Tramp federal hökumətin yenidən açılmasına dair müvəqqəti büdcə layihəsini imzalayıb və bununla da ölkə tarixində ən uzunmüddətli bağlanma başa çatıb.
Layihəyə əsasən, federal qurumların əksəriyyətinə yanvarın 30-dək, bəzi federal qurumlara isə maliyyə ili boyunca maliyyə ayrılması nəzərdə tutulub.Büdcə layihəsi Nümayəndələr Palatasında 222 lehinə, 209 əleyhinə səslə qəbul edilib. Respublikaçı nümayəndələrdən 2-si layihəyə qarşı çıxsa da, demokratlardan 6 nəfər “lehinə” səs verib.
ABŞ-də Konqres yeni maliyyə ili başlamazdan əvvəl federal hökumətin maliyyələşdirilməsi üçün müvəqqəti büdcə layihəsini təsdiqləmədiyindən hökumət 1 oktyabrda bağlanıb. Xərcləmə səlahiyyətini itirən federal qurumlar fəaliyyətlərini dayandırıb, bu isə ölkə tarixində ən uzunmüddətli hökumət bağlanması olub.
Demokrat və Respublikaçı senatorlar bağlanmanın 40-cı gününə daxil olunduğu bazar günü hökumətin yenidən açılmasına yönəlik müvəqqəti büdcə üzərində razılığa gəliblər. Demokrat senatorların səhiyyə xidmətlərinə subsidiyaların uzadılmasının təmin edilməsi tələbindən imtina etməsi hökumətin açılmasının yolunu açıb.
Layihə bazar ertəsi gecəsi keçirilən Senat səsverməsində də 60 lehinə, 40 əleyhinə səslə qəbul edilib.
Haberler.com
Aygün Babayeva
