Tramp İrandan danışıb: Onlara daha bir böyük zərbə vurmalıyıq- ŞƏRH
“Biz onlara daha bir böyük zərbə vurmalı ola bilərik. Hələlik əmin deyiləm”, - Tramp qeyd edib. Tramp onu da qeyd edib ki, ABŞ İrana qarşı yeni hücuma cümə günü və ya növbəti günlərin birində başlaya bilər.
Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu "İnformator.az"a açıqlamasında bildirib ki, İran tərəfi istənilən hücuma hazır olduqlarını vurğulayıb:
"Donald Tramp bildirib ki, İrana qarşı planlaşdırılan hücumlar müvəqqəti olaraq dayandırılıb. Onun sözlərinə görə, buna əsas səbəb İranla danışıqların davam etməsidir. Tramp həmçinin qeyd edib ki, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ABŞ-dən İrana hücum etməməyi xahiş edib və Vaşinqton da bu çağırışları nəzərə alaraq hücum planını təxirə salıb. Lakin burada diqqət çəkən bir sıra məqamlar var. Bir tərəfdən Tramp hücumun təxirə salınmasını İranla aparılan danışıqlarla əlaqələndirir, digər tərəfdən isə Körfəz ölkələrinin müraciətlərini ön plana çıxarır. Bununla belə, o, bu qərarın yalnız müvəqqəti xarakter daşıdığını vurğulayır və danışıqların nəticəsindən asılı olaraq son qərarın veriləcəyini bildirir. Tramp müdafiə strukturlarına hazırlıq vəziyyətinin saxlanılması ilə bağlı tapşırıq verib. Bu isə göstərir ki, hərbi variant tamamilə gündəmdən çıxmayıb. Əgər ABŞ mümkün hücum vasitəsilə qısa müddətdə nəticə əldə edəcəyinə tam əmin olsaydı, planı təxirə salmazdı. İran tərəfi də istənilən hücuma hazır olduqlarını açıqlayır. İran rəsmilərinin bəzi kəşfiyyat məlumatlarına istinadən verdiyi açıqlamalara görə, ölkənin hava hücumundan müdafiə sistemlərinin təxminən 70 faizi qorunub saxlanılıb. Bu isə İranın müqavimət imkanlarının hələ də qaldığını göstərir".
Müsahib bildirib ki, belə bir şəraitdə ABŞ üçün mümkün hərbi əməliyyatın nəticəsiz qalması daxili siyasətdə, xüsusilə, qarşıdan gələn seçkilər fonunda Respublikaçılar Partiyasının mövqeyinə ciddi mənfi təsir göstərə bilər:
" Tramp administrasiyası da bu amili nəzərə alaraq həm siyasi, həm də hərbi addımlarda daha ehtiyatlı davranmağa çalışır. Bundan əlavə, Trampın bir neçə gün əvvəl Çinə etdiyi səfər də diqqətdən kənarda qalmamalıdır. Həmin səfər çərçivəsində İran ətrafında baş verən proseslərin və Hörmüz boğazı məsələsinin müzakirə olunduğu ehtimal edilir. Trampın ardınca Rusiya prezidenti Vladimir Putin də Çinə səfər edib və ehtimal olunur ki, bu görüşlərdə də İran və Hörmüz boğazı ətrafındakı vəziyyət əsas müzakirə mövzularından biri olub. Bu baxımdan, Çinin prosesdə müəyyən koordinasiyaedici rol oynamağa çalışdığı ehtimal edilir. Rəsmi Pekin açıq vasitəçi olmaq niyyətində olmadığını bildirsə də, regional gərginliyin azaldılması istiqamətində daha təsirli addımlar atmağa çalışa bilər. Hazırda tərəflər arasında əsas fikir ayrılığı İranın nüvə proqramı ilə bağlıdır. ABŞ İranın nüvə silahı əldə etməsinə imkan verilməyəcəyini bildirir. İran isə mövqeyindən geri çəkilmir. Bununla belə, müəyyən zaman çərçivəsində uranın zənginləşdirilməsi prosesinin dayandırılması ilə bağlı kompromis variantlarının müzakirə olunduğu ehtimal edilir. Belə bir razılaşma həm Vaşinqtona, həm də Tehrana siyasi mövqelərini qorumaq imkanı verə bilər".
Səmayə Səftərova