00:00:00
Yazar
Nərmin Həşimova
08.06.2026 17:27 115 2 dəq oxuma
Siyasət

Tramp İranla danışıqların təfərrüatlarını və Tehrandan tələbini açıqlayıb- ŞƏRH

Tramp İranla danışıqların təfərrüatlarını və Tehrandan tələbini açıqlayıb- ŞƏRH

ABŞ sülh razılaşması halında ya Tehran hakimiyyətinin köməyi ilə, ya da hərbi yolla İrandan yüksək dərəcədə zənginləşdirilmiş uranı çıxaracaq.

Bu barədə ABŞ Prezidenti Donald Tramp NBC News-da bildirib.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Tural İrfan bildirib ki, ABŞ və İran arasında davam edən danışıqların əsas mahiyyəti hazırda pozulmuş hesab oluna bilər: 


“Çünki İsrailin Livanı bombalamasından sonra İran da İsrailə qarşı ballistik raketlər atıb. Eyni zamanda, İsraillə yanaşı ABŞ-nin də ünvanına təhdidlər səsləndirib, onun Yaxın Şərqdəki bazalarını hədəf alacağını bəyan edib. Ümumiyyətlə, İran uranı zənginləşdirməkdən geri çəkilməyəcək və təhvil verməyəcək. Ola bilsin ABŞ və İsrail hansısa üsulda xüsusi əməliyyat təşkil edib gizli şəkildə əldə etsinlər. Lakin İranın öz razılığı ilə, hətta tam məğlub olsa da, uranı təhvil vermək şansı yoxdur. Bütün hallarda, təəssüf ki, bu problemin müharibəsiz həlli görünmür. Kompromis və geri çəkilmə olmadan razılıq ola bilməz. Tərəflərin də heç biri geri addım atmır. İsrail isə ABŞ-yə məhəl qoymadan həm Livana, həm də İrana zərbələr endirir. Belə olduğu halda danışıqların uzanması heç nəyi dəyişmir. Lakin hazırda ABŞ Prezidenti Donald Trampın tələb etdiyi kimi tərəflər atəşkəsə qayıtsalar, müəyyən sabitlik yarana bilər. Lakin nüvə proqramı ilə bağlı razılığın əldə olunması real görünmür”.


Tural İrfan vurğulayıb ki, İsrailin ABŞ-ni savaşa təhrik etməsi region üçün davamlı gərginlik vəd edir:


“İstənilən halda İran və İsrail arasında münaqişə davam etdikcə bu gərginlik də regiona təhlükə yaradacaq. İran uranı təhvil verəcək dərəcədə zəif deyil. Bütün variantları nəzərə alsaq da, yenə də müharibə ehtimalı daha çoxdur. Ümumiyyətlə, bu məsələlərin müharibəsiz, müzakirə yolu ilə həlli görünmür. Müəyyən fasilələr, atəşkəslər ola bilər. Lakin son nəticə yenə də müharibə olacaq”.


Nurgün Qənizadə

#ABŞ #İran #danışıqlar #tələb
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər