Tramp İranla müharibənin bərpası məsələsini müzakirə edib
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranla genişmiqyaslı hərbi əməliyyatların yenidən başlanması ehtimalına qarşı hazırlıqları yekunlaşdırır. Bununla belə, ABŞ hərbçiləri Ağ Evdən hələlik yeni göstəriş almayıblar.
Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev "İnformator.az"a açıqlamasında bildirib ki, ölkə daxilində siyasi gərginliyin artması və siyasi rəqiblərinin təzyiqlərinin güclənməsi Trampı xarici siyasətdə daha ləng və təmkinli davranmağa vadar edə bilər :
"Amerikadakı seçkilərdən əvvəl Trampın İrana qarşı hərbi əməliyyatları yenidən bərpa etməsi ehtimalı indikindən daha yüksək idi. Seçkilərdə məğlub olması onun ölkə daxilində siyasi və hüquqi imkanlarını xeyli məhdudlaşdırıb. Əvvəlki dövrdə Tramp Konqreslə münasibətlərdə daha sərbəst davranaraq hərbi əməliyyatlarla bağlı istənilən addımı ata bilirdi. Lakin hazırda seçki məğlubiyyəti, ölkə daxilində siyasi gərginliyin artması və siyasi rəqiblərinin təzyiqlərinin güclənməsi onu xarici siyasətdə daha ləng və təmkinli davranmağa vadar edə bilər. Buna görə də hərbi əməliyyatların yenidən bərpa olunması ehtimalını yüksək qiymətləndirilmir".
Ekspert bildirir ki, ABŞ-nin hərbi əməliyyatları bərpa etməsini tamamilə istisna etmək mümkün deyil:
" Bununla bağlı əvvəlki təcrübə var. Bu ilin iyul ayında, Ankarada NATO sammitinin keçirildiyi günlərdə Xomeyninin dəfni ilə əlaqədar bir həftəlik fasilə elan edilməsinə baxmayaraq, Tramp müddətin başa çatmasına iki gün qalmış, iyulun 8-də gözlənilmədən Tehrana zərbələr endirməyə başlayıb. Həmin vaxt Tramp buna səbəb kimi Tehranda Xomeyninin dəfn mərasimi zamanı onun əleyhinə şüarların səsləndirilməsini göstərib. Beləliklə, emosional qərar verərək həmin şüarlara hərbi zərbələrlə cavab verib".
Müsahib vurğulayıb ki, Tramp xarakterini dəyişməyibsə, indi də oxşar addım ata bilər:
" İran cəmiyyətində onun seçkilərdə məğlub olması emosional şəkildə qarşılanır. Bu münasibət sosial şəbəkələrdəki paylaşımlarda, çıxışlarda və şüarlarda özünü göstərir. Tramp bu reaksiyalara emosional yanaşaraq, qisas məqsədilə qısa müddətə də olsa, İrana qarşı hərbi əməliyyatları bərpa edə bilər. Lakin bu ehtimal da kifayət qədər zəifdir. Mümkün hərbi əməliyyatların regionda hansı nəticələrə səbəb olacağına gəlincə, onların əvvəlki əməliyyatlardan fərqli, qeyri-adi regional nəticələr doğuracağını düşünmək olmur. Müharibəyə yeni qüvvələr açıq şəkildə cəlb olunmayacağı təqdirdə, genişmiqyaslı regional təsirlərdən danışmaq hələ tezdir. Təhlillər də hərbi əməliyyatlar yenidən başlayacağı halda onların coğrafiyasının əvvəlki dövrlə müqayisədə genişlənməsi ehtimalının zəif olduğunu göstərir. İranın cavabı isə əvvəlkilərdən fərqli ola bilər. Çünki bu müddət ərzində İran, məlumatlara görə, müttəfiqlərinin dəstəyi ilə hərbi hazırlığını gücləndirib, raket hücumu texnologiyalarını daha da təkmilləşdirib. İranın hərbi potensialının hazırda hansı səviyyədə olduğu dəqiq bilinməsə də, yeni hücum vasitələrindən istifadə etməsi ehtimalı var".
Səmayə Səftərova