Tramp Makronu yeni rüsumlarla hədələyib
ABŞ Prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronu Fransadan idxal edilən şərab və şampanlara 200 %-lik rüsum tətbiq etməklə hədələyib.
Mövzu ilə bağlı deputat Hikmət Babaoğlu “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ-nin Prezidenti Donald Tramp ticarət və iqtisadiyyatı dövlətlərarası münasibətlərdə önə çəkərək, ABŞ-nin lehinə bu faktorlardan çox məharətlə istifadə etməyi bacarır:
“Hazırki mərhələdə Qrelandiya məsələsinə görə Avropa ittifaqı ilə ABŞ-nin münasibətlərinin gərginləşməsi Donald Trampı yenidən klassik siyasətinə qayıtmağa vadar edir. Bu Avropa üçün təhlükədir. Xüsusilə Fransa üçün təhlükədir. Çünki Avropa ittifaqı ilə ABŞ arasında ticarət dövriyyəsi təqribən 1,5-1,7 triliyon ABŞ dolları ilə ölçülür. Bu dünyada mövcud olan ən nəhəng ticarət tərəfdaşlığıdır. Fransa şərabına 200% rüsumun tətbiq olunması şüphəsiz ki, ticarət əlaqəsinə kölgə salacaq. Bu hal baş verərsə Avropa çox şey itirə bilər. Qarşılıqlı ticarət dövriyyəsində Avropanın ABŞ-yə mal ixracatı 605-606 milyard dollardır. ABŞ-nin Avropaya ixracatı 350-360 milyard dollardır. Buna görə də Avropa ittifaqına üzv ölkələr bu ticarət savaşından daha böyük ziyanla çıxa bilərlər. Avropa ittifaqı ABŞ-də yeni qırılma xəttləri yarada bilər. Bu mərhələdə Avropa ABŞ-lə razılaşmağa çalışacaq. Çünki məsələ yalnız ticari məsələ deyil, məsələ Atlantik ittifaqı məsələsidir. Dünyanın ən nəhəng hərbi, siyasi ittifaqı olan NATO-nun böhran yaşaması Avropanı qorxudur. Çünki ABŞ olmadan NATO-nun mövcudluğu sual altına düşə bilər. Son 1 il ərzində NATO-nun maliyyə ehtiyaclarını ABŞ təmin edib. Avropa ittifaqı ilə ABŞ-nin ticarəti qlobal mahiyyət daşıyır. Avropa ittifaqına üzv olan dövlətlərin hamısından söhbət gedir və bu çox böyük qlobal mahiyyət daşıyır. Digər coğrafiya arası münasibətlərə də təsir edəcək. Nəticə olaraq həm Avropa ittifaqına üzv olan dövlətlər dünyada yeni bazarlar axtarmağa çalışacaqlar. Yeni texnologiyaları ABŞ-dən alırdılar. Onun yerini bir formada ödəməyə çalışacaqlar. ABŞ-də dərman vasitələrini, qida vasitələrini və avtomobil sənayesi məhsullarını Avropadan idxal edirdi. ABŞ-də əgər zərurət yaranarsa Avropadan kənar yeni bazarlar axtarmağa başlayacaq. Şübhəsiz ki, qlobal ticarətə də müəyyən təsirlər göstərəcək”.
Selcan Xudiyeva
