Tramp: Müharibə tezliklə bitəcək
Bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi iclas zamanı deyib. O qeyd edib ki, davam edən müharibə “uzun çəkməyəcək”.
Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki, İran-İsrail və İran-ABŞ arasında gərginliyin azaldılması istiqamətində diplomatik təşəbbüslər davam edir:
"ABŞ-nin sabiq prezidenti Donald Trampın Çinə planlaşdırılan səfəri təxminən 4–5 həftə təxirə salınıb. Mətbuat katibinin açıqlamasına görə, rəsmi səfərin mayın 4–5-də baş tutacağı gözlənilir. Bildirilir ki, Tramp bu səfərə qədər Yaxın Şərqdəki gərginliyin müəyyən qədər sabitləşməsini vacib hesab edir. Məlumatlara əsasən, regionda, xüsusilə İran–İsrail və İran–ABŞ arasında gərginliyin azaldılması istiqamətində diplomatik təşəbbüslər davam edir. Bu çərçivədə Pakistan, Türkiyə və Oman vasitəçi rolunda çıxış edir, daha sonra prosesə Misir də qoşulub. ABŞ və İran rəsmiləri arasında gizli danışıqların keçirildiyi iddia olunur. ABŞ tərəfinin məlumatına görə, İran Hörmüz boğazında tanker hərəkətinə müəyyən icazələr verib".
Müsahib qeyd edib ki, daha əvvəl ABŞ vasitəsilə irəli sürülən 15 maddəlik təklif paketi ilə bağlı müzakirələr aparılır. İran tərəfi də öz növbəsində 6 maddədən ibarət təklif təqdim edib:
"Donald Tramp bildirib ki, İran tərəfi təkliflərin müzakirəsi üçün əlavə vaxt istəyib və bu məqsədlə onlara 10 günlük müddət verilib. Məlumatlara görə, növbəti danışıqların İslamabad şəhərində keçirilməsi ehtimal olunur. Görüşlərdə İran parlamentinin sədri və xarici işlər nazirinin iştirakı gözlənilir, tərəflərə təhlükəsizlik zəmanəti verildiyi bildirilir. Ekspertlər qeyd edir ki, Trampın diplomatik yanaşmasında konkret vaxt məhdudiyyətlərinin qoyulması əsas elementlərdən biridir. Bu səbəbdən yaxın müddətdə tərəflər arasında müəyyən razılaşmanın əldə olunması ehtimalı istisna edilmir. Eyni zamanda, bölgədə hərbi vəziyyətlə bağlı müxtəlif iddialar da səsləndirilir. Lakin bu məlumatların rəsmi şəkildə təsdiqlənmədiyi və ehtiyatla yanaşılması vacib olduğu vurğulanır".
Səmayə Səftərova