Tramp Putinlə danışıqları “çox məhsuldar” adlandırıb
ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə apardığı danışıqları “çox məhsuldar” kimi qiymətləndirib. Trampın bu açıqlaması ABŞ–Rusiya münasibətləri və Ukrayna münaqişəsinin gələcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Mövzu ilə bağlı politoloq Turan Rzayev “İnformator.az”a açıqlamasında bildirib ki, Trampın bu ifadəsi hər nə qədər diqqətçəkən səslənsə də, xəbərin özü daha çox Rusiya mediasında yayılıb və müəyyən mənada mübahisəlidir:
“Tramp bu danışıqları həqiqətən çox məhsuldar adlandırsa belə, indiki mərhələdə bunun sülh prosesinə ciddi və real töhfə verəcəyini demək çətindir. Reallıq ondan ibarətdir ki, Rusiya və Ukrayna bu məsələyə tamamilə fərqli yanaşırlar və tərəflər arasında ciddi fikir ayrılıqları mövcuddur. Rusiyanın ambisiyalarının isə zaman keçdikcə azalmadığı, əksinə artdığı müşahidə olunur.Avropa İttifaqı ilə ABŞ arasında da bu mövzuda vahid yanaşma yoxdur. Avropa ölkələri ilə Vaşinqtonun baxışları bir çox məqamda üst-üstə düşmür. Bu baxımdan Trampın belə bir mövqe sərgiləməsi daha çox Rusiyanı danışıqlar masasında saxlamaq, onu təcrid etməmək və dialoqa cəlb etmək məqsədi daşıya bilər. Lakin bu, Rusiyanın irəli sürdüyü şərtlərin qəbul ediləcəyi anlamına gəlmir.
Ümumilikdə isə bu cür açıqlamalar ABŞ–Rusiya münasibətlərinə müəyyən qədər müsbət təsir göstərə bilər, amma sülhdən danışmaq üçün hələ tezdir.ABŞ-nin xarici siyasətinə nəzər salsaq, Vaşinqtonun əsas strateji təhdid kimi Rusiyanı deyil, Çini gördüyü aydın olur. ABŞ hesab edir ki, Rusiya əvvəlki gücündə deyil, lakin onun tam zəifləməsi də Amerikanın maraqlarına uyğun deyil. Çünki Rusiyanın zəifləməsi Çinin onunla daha da yaxınlaşmasına şərait yaradır ki, bu da ABŞ üçün daha böyük risk deməkdir. Son illərdə Çinin Arktika bölgəsində və Sibir hövzəsində artan nüfuzu, eləcə də bu ərazilərdə Çin təsirinin güclənməsi Vaşinqton tərəfindən diqqətlə izlənilir.
Məhz bu səbəbdən ABŞ Rusiyanın tam kənarda qalmasında deyil, onunla müəyyən dialoqun saxlanılmasında maraqlıdır. Əgər Vaşinqton Avropa İttifaqı ilə ortaq mövqeyə gələ bilsə, Ukraynanı müəyyən sülh variantlarına razı salmaq mümkün ola bilər. Ancaq tərəflər arasında fikir ayrılıqları davam etdiyi müddətdə Tramp–Putin danışıqlarının münaqişənin gedişatına həlledici təsir göstərəcəyi ehtimalı yüksək deyil”.
Ayşə Müzəfərli
