Tramp Putinlə Ukrayna öncəsi telefonla danışıb
ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Ağ Evin məlumatına görə, Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüş ərəfəsində baş tutan bu söhbət məhsuldar keçib.
Mövzu ilə bağlı politoloq Ülviyyə Zülfüqar “İnformator.az”a açıqlamasında bildirib ki, Prezidenti ilə Rusiyalı həmkarı arasında Ukrayna mövzusu ərəfəsində baş tutan telefon danışığı Vaşinqton-Moskva xəttində siyasi jest kimi dəyərləndirilə bilər:
“Lakin bu, hələlik strateji dönüşdən çox, tərəflərin mövqe yoxlaması və taktiki dialoq cəhdi kimi görünür.Bu danışığın ABŞ-Rusiya münasibətlərində real yumşalma mərhələsinin başlanğıcı olub-olmayacağı birbaşa sonrakı addımlardan asılıdır. Trampın xarici siyasətdə daha çox nəticə yönümlü və praqmatik yanaşmaya üstünlük verməsi, Rəsmi Moskva ilə dialoqu tamamilə dayandırmamaq istəyi ilə üst-üstə düşür. Bununla belə, bu telefon zənginin münasibətləri köklü şəkildə dəyişəcəyini demək hələ tezdir. Tramp-Putin təması Ukrayna münaqişəsinin gələcək gedişinə də dolayı təsir göstərə bilər. Danışığın Ukrayna Prezidenti ilə planlaşdırılan görüş ərəfəsində baş tutması onu göstərir ki, ABŞ Rusiyanın mövqeyini əvvəlcədən anlamağa və mümkün manevr imkanını qiymətləndirməyə çalışır. Bu, ABŞ-nin Ukrayna siyasətində daha çevik və diplomatik variantları nəzərdən keçirdiyini göstərə bilər, lakin bu, Ukraynanın maraqlarının ikinci plana keçməsi anlamına gəlmir. Eyni zamanda, Rusiya bu cür təmaslardan münaqişədə öz siyasi arqumentlərini gücləndirmək üçün istifadə etməyə çalışa bilər. Onun üçün əsas hədəf hərbi qarşıdurmadan daha çox, öz təhlükəsizlik tələblərinin beynəlxalq gündəmdə legitim mövzu kimi saxlanılmasıdır. Tramp administrasiyasının kompromisə daha açıq ritorikası Kremlin bu xətti davam etdirməsi üçün əlavə motivasiya yarada bilər. Bu telefon danışığından sonra beynəlxalq vasitəçilik təşəbbüslərinin artması ehtimalı da istisna deyil. ABŞ və Rusiya arasında birbaşa dialoqun canlanması Avropa ölkələri, eləcə də neytral aktorlar üçün yeni diplomatik imkan pəncərəsi aça bilər. Lakin real vasitəçilik prosesinin başlaması üçün tərəflərin yalnız danışmağa deyil, konkret güzəşt və yol xəritələrini müzakirə etməyə hazır olması vacibdir. Hazırkı mərhələdə isə bu zəngi daha çox geosiyasi arenada növbəti mərhələyə hazırlıq siqnalı kimi qiymətləndirilmək olar”.
Mələk Hüseynova
