Tramp Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsini təsdiqləyib
ABŞ senatoru Lindsi Qrem ABŞ Prezidenti Donald Trampın ucuz Rusiya neftinin alınmasına sanksiyalar tətbiq edəcək qanun layihəsini təsdiqlədiyini açıqlayıb.
Senator Qrem bu açıqlamanı Trampla görüşdən sonra ABŞ-də yerləşən bir şirkətin sosial media hesabında edib. Qrem bildirib ki, "Çox məhsuldar görüşdən sonra (Tramp) aylardır üzərində senator Blumenthal və bir çox başqaları ilə işlədiyim ikipartiyalı Rusiya sanksiyaları haqqında qanun layihəsini təsdiqləyib". Qanun layihəsinin Trampa "ucuz Rusiya nefti alan ölkələri cəzalandırmaq" imkanı verəcəyini qeyd edən Qrem, qanun layihəsinin "Ukraynanın sülh üçün güzəştə getdiyi" bir dövrə təsadüf etdiyini və "Vaxtın əla olduğunu" əlavə edib. Qrem sözünə davam edərək deyib:
"Bu qanun layihəsi Prezident Trampa Çin, Hindistan və Braziliya kimi ölkələrə qarşı böyük təsir gücü verəcək və onları Rusiya-Ukrayna müharibəsi zamanı Moskvanı maliyyələşdirən ucuz Rusiya neftini almağı dayandırmağa təşviq edəcək".
TRT Xəbər
Xədicə Məhərrəmli
