00:00:00
Yazar
Admin User
29.12.2025 11:50 121 2 dəq oxuma
Dünya

Tramp Zelenski ilə görüşdə: Bu ya bitəcək, ya da çox uzun müddət davam edəcək

Tramp Zelenski ilə görüşdə: Bu ya bitəcək, ya da çox uzun müddət davam edəcək

ABŞ Prezidenti Donald Tramp Florida ştatındakı Mar-a-Laqo iqamətgahında Ukrayna lideri Volodimir Zelenskini qəbul edib. Eyni zamanda ABŞ prezidenti hesab edib ki, hər iki tərəf sülh istəyir və razılaşmalar son mərhələdədir: "Biz danışıqların son mərhələsindəyik. Bu ya bitəcək, ya da çox uzun müddət davam edəcək", - Tramp bildirib.

 

Bu mövzu ilə bağlı politoloq Turan Rzayev “İnformator.az”a bildirib ki, ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında Mar-a-Laqo iqamətgahında baş tutan görüş beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir:

 

“Görüş iki saatdan çox davam edib, ardınca ABŞ, Ukrayna və Avropa liderləri arasında videokonfrans vasitəsilə əlaqələr davam etdirilib. Görüşün əsas mövzusu Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli və Trampın irəli sürdüyü 20 maddəlik sülh planı olub. Lakin, proses kritik bir mərhələdədir və real praktiki nəticələr baxımından zəifdir. ABŞ-nin təşəbbüsü aydın şəkildə öz maraqları çərçivəsində qurulub. Tramp administrasiyası Ukraynaya sülh sazişi imzalamaq üçün təzyiq göstərir və bunun əvəzində, ehtimal ki, Kiyev müəyyən ərazi güzəştlərinə razı olmalıdır. Bu yanaşma ABŞ-nin regional güc siyasətinin bir hissəsi kimi qiymətləndirilə bilər. Məqsəd həm münaqişənin siyasi həllinə nail olmaq, həm də Rusiyanın tam təcrid olunmasının qarşısını almaqdır. Rusiya tərəfinin hazırda danışıqlara qayıtması isə hələlik çətin görünür. Tramp görüşdən sonra açıqlayıb ki, Putin bu danışıqların baş tutmasını istəyib, amma Moskvanın aktiv iştirakının yaxın perspektivdə reallaşması qeyri-müəyyən olaraq qalır. Bu vəziyyət sülh prosesinin ABŞ-nin planlaşdırdığı kimi irəliləməsinin qarşısında əsas məhdudiyyət olaraq qalır. Avropa İttifaqının mövqeyi də ABŞ-dən fərqlidir. İtaliyanın xarici işlər naziri Antonio Tajani Avropanın sülh prosesində iştirakını vurğulasa da, praktik olaraq Aİ müharibənin real həllində maraqlı deyil və prosesdə fəal rol oynamır. Bu isə sülh sazişinin beynəlxalq legitimliyi və geniş dəstək baxımından əlavə çətinlik yaradır. Trampın açıqlamaları və Zelenski ilə görüşü göstərir ki, ABŞ sülh prosesinə prioritet verəcək və gələn il bu məsələyə daha çox fokuslanacaq. Lakin indiki mərhələdə prosesin nəticələri qeyri-müəyyən olaraq qalır. Görüş diqqəti cəlb etsə də, real addımlar və praktik həll baxımından hələ zəifdir. Ukrayna və Rusiya tərəfləri arasında kompromislərin əldə edilməsi, Avropanın fəal iştirakı və Rusiyanın danışıqlara qayıtması olmadan sülhün dayanıqlı şəkildə təmin olunması çətin görünür”.

 

Cavahir Əsgərbəyli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər