Trampdan Avropaya sərt xəbərdarlıq – ŞƏRH
Avropa dövlətlərinin enerji və miqrasiya sahələrindəki səhv siyasəti fəlakətli nəticələrə gətirib çıxarıb və nəticədə Avropa əvvəlki kimliyini əbədi olaraq itirmək riski ilə üzləşir. Bu fikri ABŞ prezidenti Donald Tramp bildirib.
Maraqlıdır, bu bəyanat nə dərəcədə reallığı əks etdirir və Avropa İttifaqının enerji və miqrasiya siyasətində hazırda hansı əsas problemlər müşahidə olunur?
Politoloq Tural İrfan İnformator.az-a açıqlamasında bildirib ki, ABŞ prezidenti Donald Trampın Avropa Birliyi ilə münasibətlərində müəyyən ziddiyyətlər və təzadlar var. Onun sözlərinə görə, ümumiyyətlə prezident Trampın açıqlamaları, fikirləri çox zaman diplomatik mahiyyətdən uzaqdır:
“Avropa İttifaqının öz siyasi xətti var, iqtisadi planları var. Təbiidir ki, rəqabət zəminində müəyyən elementlər ABŞ siyasi kursu ilə uzlaşmasın. Lakin bu, Trampın dediyi kimi enerji və miqrasiya siyasətindəki boşluqlarla bağlı deyil. ABŞ lideri ümumiyyətlə dünyada liderlik iddiasındadır və hətta bir zaman Roma Papasının yerinə belə həvəs göstərirdi. Odur ki, bu tip açıqlamaları qeyri - diplomatik və müəyyən qədər də məsuliyyətsiz bəyanatlar saymaq olar”.
Politoloqun fikrincə, o da doğrudur ki, Avropa İttifaqının müəyyən problemləri var:
“Yenidən toparlanmaq, müasir tələblərə uyğun kimlik formalaşdırmaq üzrə keçid dövrü yaşayır. Əsasən Rusiya ilə müharibə zəminində müəyyən enerji böhranı problemləri ilə üzləşə bilər. Riskli addımlar Avropa İttifaqının iflası kimi görünür. Amma bu baş versə belə birlik yeni formatda təşkilatlanacaq. Əslində Trampın belə açıqlamaları hazırda İranla bağlı iflas siyasətindən diqqəti yayındırmaq məqsədi daşıyır. İraqa qarşı işğal dövründə olduğu kimi İrana hərbi müdaxilə zamanı Britaniya başda olmaqla Avropa ölkələrinin ABŞ-yə dəstək verməməsi, kulasiya yaratmaması Trampı narazı salıb. Son günlərdə İtaliyanın baş naziri ilə bağlı səsləndirilən fikirlər də bunu sübut edir. ABŞ liderinin Avropa İttifaqı ilə bağlı səsləndirdiyi tənqidi fikirlər reallıqdan əlavə şəxsi qərəz nümayişinə əsaslanır. Enerji siyasəti, miqrasiya sahələri ilə bağlı Avropa siyasi kursunda müəyyən ziqzaqlar ola bilər, amma bu, heç də Trampın iddia etdiyi kimi iflas demək deyil”.
Təhminə Abdurrəhimova