Trampdan İrana etirazlarla bağlı təhdid
Cümə axşamı İranın müxtəlif şəhərlərində etirazçılarla təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalar nəticəsində azı altı nəfərin həlak olduğu bildirilir.
ABŞ Prezidenti Donald Tramp İranda davam edən etirazlar fonunda Tehran hakimiyyətini hədələyərək bildirib ki, əgər nümayişçilər öldürülərsə, Vaşinqton “hazır və tetikdə” olacaq.
Tramp Truth Social sosial şəbəkəsində paylaşımında qeyd edib:
“Əgər İran dinc etirazçıları güllələyib öldürərsə -bu onların vərdişidir -Amerika Birləşmiş Ştatları müdaxilə edəcək".
ABŞ lideri əlavə edib ki, “bütün imkanlar səfərbər edilib və hərəkətə keçməyə hazırıq”.
İranda iqtisadi böhrana qarşı etirazlar artıq altıncı gündür davam edir. Cümə axşamı ölkənin müxtəlif bölgələrində baş verən qarşıdurmalar zamanı azı altı nəfərin öldüyü bildirilir. Bu, etirazların genişlənməsindən sonra qeydə alınan ilk ölüm hallarıdır.
Aksiyalar bazar günü Tehranda sahibkarların yüksək qiymətlər və iqtisadi durğunluğa etiraz olaraq dükanlarını bağlaması ilə başlayıb. Milli valyuta -riyalın dollar qarşısında dəyər itirərək tarixi minimum səviyyəyə enməsi ictimai narazılığı daha da artırıb. Etirazçılar Respublika prospekti və tarixi Böyük Bazar ətrafında toplaşıblar.
Sonradan etirazlar İsfahan, Şiraz, Məşhəd, Kirmanşah və Həmədana yayılıb. Paytaxtın bəzi ərazilərində təhlükəsizlik qüvvələri kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
İslam İnqilabı Keşikçilərinə yaxın olan Fars xəbər agentliyi Çaharmahal və Bəxtiyari vilayətinin Lordəqan şəhərində iki, qonşu Lorestan vilayətinin Azna şəhərində isə üç nəfərin təhlükəsizlik qüvvələri ilə toqquşmalar zamanı həlak olduğunu bildirib.
Euronews
Zəri Bayramlı
