Trampın açıqlamaları İran etirazlarını gücləndirir
ABŞ Prezidenti Donald Tramp İrandakı etirazlarla bağlı açıqlamalar verərək İranın azadlıq istədiyini və ABŞ-ın dəstəyə hazır olduğunu bildirir. Onun bəyanatları İran hakimiyyətinə təzyiq, etirazçılara isə ruhlandırıcı mesaj kimi dəyərləndirilir. Bəzi şəhərlərdə küçələrə “Donald Tramp” adının verilməsi etirazçıların bu mövqeyə simpatiyasını göstərir.
Mövzu ilə bağlı politoloq Ülviyyə Zülfüqar “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ-nin hazırkı mərhələdə İrana birbaşa hərbi və ya açıq müdaxilə planı real görünmür:
“Trampın ritorikası daha çox İran hökuməti üzərində əlavə təzyiq yaratmaq, etirazçılara mənəvi dəstək məqsədi daşıyır. Bu açıqlamalar İran daxilində etirazçı kəsim üçün mənəvi dəstəkdir lakin hələ ki, real siyasi-hərbi zəmanət anlamına gəlmir. ABŞ uzun illərdir İran məsələsində “təzyiq- sanksiya- diplomatik manevr” üçbucağına əsaslanan strategiya yürüdüb. İran bu cür bəyanatları “xarici müdaxilə cəhdi” kimi təqdim edir və etirazları Qərb, xüsusilə ABŞ vasitəsilə yönləndirilən proses kimi çərçivələndirməyə çalışır. Gözlənilir ki, hakimiyyət informasiya məkanına nəzarəti gücləndirəcək, sosial şəbəkələrə məhdudiyyətlər artacaq və təhlükəsizlik strukturlarının küçələrdəki rolu - yəni etirazçılara təzyiqi daha da sərtləşəcək. Bununla yanaşı, İran hakimiyyəti yalnız repressiv üsullarla kifayətlənməyə də bilər. Sosial-iqtisadi narazılığın dərinləşdiyini anlayan rəsmi Tehran müəyyən məhdud islahatlar təqdim etməklə etirazların kütləvilik səviyyəsini azaltmağa çalışa bilər. Lakin bu addımlar sistemli dəyişiklikdən çox, vaxt udmağa hesablanmış manevrlər olacaq. Trampın açıqlamalarının etirazları ruhlandırması doğrudur, lakin onların əsas hərəkətverici qüvvəsi İranın daxili sosial-iqtisadi və siyasi problemləridir”.
Mələk Hüseynova
