00:00:00
Yazar
Ayan Sadi
07.09.2026 22:39 46 3 dəq oxuma
Dünya

Trampın İranla bağlı müharibədən sonrakı planı hazırdır: Hədəf ölkəni mühasirəyə almaqdır

Trampın İranla bağlı müharibədən sonrakı planı hazırdır: Hədəf ölkəni mühasirəyə almaqdır

 

 

ABŞ Prezidenti Donald Trampın administrasiyası İranla müharibədən sonra Yaxın Şərqin siyasi və təhlükəsizlik arxitekturasını dəyişə biləcək yeni plan üzərində işləyir.

 

Vaşinqtonun hazırladığı layihədə İranın regional təsir imkanlarının məhdudlaşdırılması, ABŞ-ın müttəfiqlərinin yeni regional struktur altında bir araya gətirilməsi, İsrailin Suriya və Livanla münasibətlərinin yenidən tənzimlənməsi və Səudiyyə Ərəbistanı ilə İsrail arasında normallaşma prosesinin tamamlanması nəzərdə tutulur.

 

Vaşinqtonda İran müharibəsinin necə başa çatacağından əlavə, müharibədən sonra bölgədə hansı nizamın formalaşacağı da müzakirə olunur. ABŞ administrasiyasının hazırladığı yeni strategiya İranla qarşıdurmanı yalnız hərbi məsələ kimi deyil, müharibədən sonra Yaxın Şərqdə qüvvələr nisbətini Vaşinqtonun xeyrinə yenidən formalaşdırmaq məqsədi daşıyan daha geniş plan kimi nəzərdən keçirir.

 

“Axios”un iki ABŞ rəsmisi və proses barədə məlumatlı iki mənbəyə istinadən yaydığı xəbərə görə, Tramp administrasiyası İran müharibəsindən sonrakı dövr üçün genişmiqyaslı Yaxın Şərq strategiyası hazırlayır. Hazırda ilkin mərhələdə olan planın Trampın prezidentlik müddətinin qalan iki ilində Vaşinqtonun region siyasətinin əsas çərçivəsini formalaşdırması nəzərdə tutulur.

 

Layihənin mərkəzində bir-biri ilə əlaqəli bir neçə əsas məqsəd dayanır. Bunlara İranın regiondakı fəaliyyət imkanlarının məhdudlaşdırılması, 7 oktyabr 2023-cü ildən sonra yaranan böhranların mümkün qədər aradan qaldırılması və İsrailin ərəb ölkələri ilə normallaşma prosesinin genişləndirilməsi daxildir.

 

Planın ən diqqətçəkən hissəsi isə İrana qarşı yeni regional strukturun yaradılmasıdır. Mənbələrin sözlərinə görə, Vaşinqton ABŞ-ın təminatçısı olacağı və regiondakı müttəfiqlərini vahid təhlükəsizlik xətti ətrafında birləşdirəcək strukturun yaradılmasını nəzərdən keçirir. Belə bir model həyata keçirilərsə, İranın yalnız ABŞ və İsrail tərəfindən deyil, Vaşinqtonun regiondakı tərəfdaşlarının daxil olacağı daha geniş ittifaq tərəfindən mühasirəyə alınması hədəflənəcək.

 

İddialara görə, Tramp son həftələrdə yüksək vəzifəli müşavirləri ilə iki ayrı görüş keçirərək müharibədən sonrakı fəaliyyət planını müzakirə edib. “Axios”un məlumatına görə, ABŞ Prezidenti qapalı görüşlərdə İran müharibəsindən sonra Yaxın Şərqdə “daha böyük bir şey” üzərində çalışdığını bildirib.

 

Planın əsas istiqamətlərindən biri də ABŞ-ın təminatçısı olacağı yeni regional ittifaqın yaradılmasıdır.

 

Trampın planında digər mühüm məsələ “İbrahim sazişləri”dir. Vaşinqton İsraillə bir sıra ərəb ölkələri arasında diplomatik münasibətlərin qurulmasını təmin edən sazişlərin əhatə dairəsini genişləndirmək istəyir.

 

Strategiyanın əsas hədəflərindən biri uzun müddətdir nəticələnməyən Səudiyyə Ərəbistanı–İsrail normallaşması prosesini başa çatdırmaqdır. Mənbələrə görə, Ər-Riyad və Təl-Əviv arasında razılaşmanın əldə olunması müharibədən sonrakı strategiyanın əsas istiqamətlərindən biri hesab olunur.

 

Lakin Vaşinqtonu qarşıda iki mühüm seçki tarixi gözləyir. Bunlardan birincisi oktyabrın 27-də İsraildə keçiriləcək seçkilərdir.

 

İkinci mühüm tarix isə noyabrın 3-də ABŞ-da keçiriləcək aralıq seçkiləridir. Trampın Respublikaçılar Partiyasının Konqresdəki çoxluğunu qorumaq üçün seçki kampaniyasına ağırlıq verdiyi bir vaxtda İran müharibəsi də ABŞ daxili siyasətinin əsas mövzularından birinə çevrilib.

 

“Reuters” və “Axios”un son məlumatları İran müharibəsinin iqtisadi və siyasi təsirlərinin aralıq seçkilər ərəfəsində aparılan kampaniyada getdikcə daha çox ön plana çıxdığını göstərir.

 

Planlaşdırma prosesi barədə məlumatlı mənbələrdən biri layihənin hazırlanmasının daha bir neçə həftə çəkə biləcəyini bildirib. Mənbənin sözlərinə görə, əsas məqsəd regiondakı müxtəlif məsələləri bir-biri ilə əlaqələndirərək müharibədən sonra yeni regional ittifaq yaratmaqdır.

 

 

Mənbə: HABER GLOBAL

#hazırdır: #planı #sonrakı #hədəf
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər