00:00:00
Yazar
Nərmin Həşimova
16.06.2026 13:24 30 2 dəq oxuma
Siyasət

Trampın İsrailə tənqidi nəyi göstərir?-ŞƏRH

Trampın İsrailə tənqidi nəyi göstərir?-ŞƏRH

Yaxın Şərqdə davam edən gərginlik fonunda İsrailin Livanın paytaxtı Beyruta endirdiyi hava zərbələri beynəlxalq ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. ABŞ Prezidenti Donald Trampın hücumları tənqid etməsi və tərəfləri təmkinə çağırması, eyni zamanda, İran rəsmilərinin danışıqların taleyi ilə bağlı narahatlıqlarını ifadə etməsi göstərir ki, İsrail-Livan qarşıdurması artıq regional deyil, beynəlxalq siyasi proseslərin də əsas mövzularından birinə çevrilib. Bu hadisələr Yaxın Şərqdə sülhün əldə olunması perspektivləri və tərəflər arasındakı münasibətlərin gələcək inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.


Mövzu ilə bağlı “İnformator.az"a açıqlamasında siyasi şərhçi Elmir Səftərov bildirib ki, ABŞ Prezidenti Donald Trampın İsrailin Beyruta endirdiyi hava zərbələrini tənqid etməsi əsasən humanitar itkilər və regional gərginliyin artması ilə bağlı narahatlıqdan qaynaqlanır: 


"Belə bəyanatlar adətən münaqişənin daha da genişlənməsinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini vurğulamaq və beynəlxalq ictimaiyyətə sakitləşdirici mesaj vermək məqsədi daşıyır. Trampın mövqeyi ABŞ-nin Yaxın Şərqdə balanslı görünmək cəhdləri ilə də birbaşa bağlıdır. İsrail ABŞ-nin strateji müttəfiqi olsa da, regionda artan hərbi əməliyyatlar Vaşinqtonun diplomatik maraqlarına və sabitlik siyasətinə mənfi təsir göstərə bilər. Buna görə də tənqidi açıqlamalar daha çox siyasi mesaj xarakteri daşıyır və ABŞ-nin bütün tərəflərə təzyiq göstərərək eskalasiyanın qarşısını almaq niyyətini əks etdirir. Bu cür açıqlamaların ABŞ-İsrail münasibətlərində ciddi strateji dəyişiklik yaratması ehtimalı aşağıdır. ABŞ və İsrail arasında uzun illərə dayanan təhlükəsizlik və hərbi əməkdaşlıq mövcuddur və bu münasibətlər adətən konkret siyasi bəyanatlardan daha dayanıqlıdır. Lakin belə tənqidlər qısa müddətdə diplomatik tonun dəyişməsinə, İsrailin hərbi əməliyyatlarında daha ehtiyatlı davranmasına və ABŞ daxilində siyasi debatların güclənməsinə səbəb ola bilər. Trampın açıqlaması daha çox siyasi balans yaratmağa yönələn mesaj kimi dəyərləndirilməlidir. Bu, ABŞ-nin münaqişədən kənarda qalmaq istəyini deyil, əksinə, prosesə nəzarəti əlində saxlamaq niyyətini göstərir".


Mehriban Yariyeva

#Tramp #İsrail #tənqid #səbəb
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər