“Trampın mövqeyi davam edərsə, İran-ABŞ danışıqlarının davam etməsi ehtimalı yüksəkdir”- ŞƏRH
İrana qarşı dəniz blokadasının davam etməsi və İsrailin Livana yeni hücumları ordumuzu bölgədəki ABŞ və İsrail bazalarına qarşı cavab zərbələri endirməyə vadar edib.
Bu barədə İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf deyib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Amerika ilə İran arasında danışıqların getdiyi bir vaxtda İsrailin Livanda keçirdiyi əməliyyatlar vəziyyəti gərginləşdirən əsas amillərdən biridir:
“İran tərəfi əvvəlcədən xəbərdarlıq edib ki, İsrail Livandakı əməliyyatları davam etdirəcəyi təqdirdə, buna seyirçi qalmayacaq və İsrailin şimal bölgələrinə raket zərbələri endirə bilər. Bu addımların bir hissəsinin artıq həyata keçirildiyi bildirilir. Donald Trampa gəldikdə isə tərəflər hər iki tərəfin “əli tətikdə” olduğunu desələr də, onun son açıqlamaları ABŞ-nin İranla danışıqları yekunlaşdırmaq və müəyyən nəticələr əldə etmək istədiyini göstərir. Məhz bu səbəbdən Trampın Netanyahu ilə telefon danışığında İsraildən Livandakı əməliyyatların dayandırılmasını və İranla razılaşma yoluna gedilməsini tələb etdiyi qeyd olunur. Bu baxımdan, İsrailin də müəyyən şərtlər daxilində bu çağırışları qəbul etməyə məcbur qalacağı ehtimal olunur. Trampın qətiyyətli mövqeyi davam edərsə, İranla ABŞ arasında danışıqların davam etmə ehtimalı hərbi eskalasiya riskindən daha yüksək görünür. Hörmüz boğazına gəldikdə isə ABŞ vasitəsilə mümkün blokada İran üçün ciddi iqtisadi problemlər yarada bilər. İran iqtisadiyyatının əsas damarlarından biri məhz bu boğazdan keçən neft ticarətidir. Buna görə də belə bir blokada İran üçün zərərli olmaqla yanaşı, ABŞ-nin əlində mühüm təzyiq vasitəsi kimi çıxış edir. Vaşinqton bu təzyiq vasitəsindən istifadə edərək İranı danışıqlar masasına gətirməyə çalışır”.
Cavahir Əsgərbəyli