Trend olmada həştəqlərin rolu
Sosial mediada gündəmi izləyərkən ən çox qarşılaşdığımız kontentlər məhz trendə çevrilənlərdir. Bəzən kiminsə çəkdiyi videolar, yazdığı statuslar həddindən artıq izlənilir, bəyənilir yaxud tənqid edilir, nəticədə məşhurlaşır. Bu da bizi bir mövzuda düşünməyə vadar edir: Trendə necə düşə bilərik?
Sosial şəbəkələrin hər biri - Youtube, Tiktok, Twitter müxtəlif trendləri ilə seçilir. Düzdür, əksəriyyət trend olmaq üçün tiktoka üz tutsa da, sosial media marketinq üzrə mütəxəssislər deyir ki, Tiktok hələ də Youtub-a çata bilmir. İşin sirri və diqqət yetirməli olduğumuz başlıca məqam məhz həştəqlərdir.
Sosial media marketinq üzrə mütəxəssis Nigar Abbasova günümüzdə trend olmaq üçün ən uyğun yerin Youtube olduğunu hesab edir: “Amma trendə düşmək üçün hər sosial şəbəkənin öz alqoritmləri var. Bu məsələdə xüsusi diqqət yetirilməli məqam həştəqlərdir. Əgər siz sırf ölkə daxilində trendə düşmək istəyirsinizsə, öz əlifbamızın şriftlərindən istifadə etməlisiniz. Siz sözü yazanda avtomatik həştəqlər çıxır, ən çox istifadə edilən həştəqlərə yer verməlisiniz”.
Düzdür, trend olmaq fikri gözəl səslənir. Amma bu istək bəzən bizi özümüzdən uzaqlaşdırır, məhz trend olmaq xətrinə heç vaxt etməcəyimiz davranışlara sövq edir.
Məsələnin psixoloji aspektinə diqqət yetirən psixoloq Vəfa Ələkbərli hesab edir ki, adətən trendə çevrilməyi hədəf olan şəxslər insanlara özünü təsdiqlətdirməyə çalışan şəxslər olur: “Daim insanların diqqət mərkəzində olmaq, uğurlu görünmək istəyi belə insanlarda dərhal hiss olunur. Sanki müəyyən qrupa daxil olmağa can atırlar. Bu da onların həyatındakı boşluqlardan, özünə güvənsizlikdən irəli gəlir. Məsələnin çıxış yolu real həyata fokuslanmaq, özümüzə məşğuliyyətlər tapmaqdır”.
İngilislər “Parıldayan hər şey qızıl deyil” deyirlər. Çalışaq, biz də gördüyümüz keyfiyyətli, faydalı işlərlə trend olaq, parıldayaq. Ən əsası qısa müddətli şöhrət üçün özümüzdən uzaqlaşmayaq.
