00:00:00
Yazar
Elmira Ağayeva
09.07.2026 17:16 37 2 dəq oxuma
Sosial

Trend xatirinə pəhriz: Sosial şəbəkələrdəki "sağlam qida rutinləri" nə dərəcədə düzgündür?

Trend xatirinə pəhriz: Sosial şəbəkələrdəki "sağlam qida rutinləri" nə dərəcədə düzgündür?

 

Sosial media platformalarında hər gün təqdim edilən müxtəlif "sağlam qidalanma" rutinləri, detoks proqramları və populyar qida tövsiyələri cəmiyyətdə kütləvi bir trendə çevrilib. Lakin tibbi və fərdi analizlərə əsaslanmayan, sadəcə vizual gözəllik üçün təbliğ olunan bu pəhrizlər çox vaxt orqanizmdə ciddi fəsadlara da yol aça bilir. Populyar mədəniyyətin diqtə etdiyi qidalanma tərzi ilə elmi cəhətdən doğru olan sağlam qida anlayışının fərqli olub-olmaması müzakirə olan məsələlərdəndir.



Mövzu ilə bağlı Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi  Məhsəti Hüseynova “İnformator.az”a açıqlamasında bildirib ki, sağlam insanın qidalanma rejimi və bura daxil etdiyi məhsullar onun ömrü boyu davam etdirə biləcəyi, əlçatan, xüsusilə də yerli və mövsümi qidalardan ibarət olmalıdır:

 

 

"Hər bir insanın yaşına, cinsinə, çəkisinə, gündəlik fiziki aktivliyinə, yaşadığı coğrafi mövqeyinə, xüsusilə də fəslə görə qidalanma rejimi fərqli olur. Bir çox hallarda insanlar çəki almaq və ya vermək məqsədilə, öz sağlamlıq vəziyyətlərini dəyərləndirmədən, kor-koranə şəkildə müəyyən qidalanma rejimlərini özlərinə tətbiq edirlər. Bu üsullar düzgün şəkildə seçilmədikdə ciddi xəstəliklərə səbəb ola bilər. Xüsusilə, internetdən və ya mənşəyi bəlli olmayan mənbələrdən hər hansı bir qidanın qısa müddətdə çəki tənzimləməyə kömək edəcəyini eşidib, fərdi orqanizm haqqında məlumatı olmadan qəbul edənlərdə ciddi fəsadlar yaranır. Məsələn, monoton qidalardan istifadə vitamin və mineral çatışmazlığına yol açır. Son zamanlar dəbdə olan detoks içkilərindən normadan artıq və düzgün olmayan formada istifadə edildikdə isə həzm sisteminin pozulması, bağırsaq mikroflorası funksiyasının korlanması baş verir. Bu da gələcəkdə ishala meylliliyə, yaxud ishal və qəbizliyin bir-birini əvəz etməsi ilə bağırsaqların hərəkətliliyinin pozulmasına gətirib çıxarır. Bəzən isə hər hansı bir qidanı rasiondan tamamilə çıxarırlar ki, bu da daxili orqanların funksiyasını zədələyən ciddi çatışmazlıqlarla, müxtəlif sağlamlıq problemləri ilə nəticələnir. Həkim və diyetoloqlarla məsləhətləşərək tətbiq olunan qida vərdişləri fərdin sağlamlıq dərəcəsini nəzərə alır. Bu zaman ona uyğun kalori miqdarı hesablanır, qidaların müxtəlif çeşidliliyi təmin olunur ki, bu da bədənin vitamin-mineral balansını qoruyur. Sağlam insanın qidalanma rejimi və bura daxil etdiyi məhsullar onun ömrü boyu davam etdirə biləcəyi, əlçatan, xüsusilə də yerli və mövsümi qidalardan ibarət olmalıdır. Bir çox hallarda müəyyən qidaları rasiondan çıxarıb, əvəzinə xarici meyvə-tərəvəzləri və ya hazırlanması daha çətin olan yeməkləri təklif etmək bir müddət sonra yorucu olur. Bu vəziyyət insanlarda depressiya, stress və aqressivliyə səbəb ola bilər. Odur ki, sağlamlığımızı qorumaq, özümüzü gümrah hiss etmək adına bu addımları təkbaşına atmamalıyıq. Doğru qidalanma vərdişlərinə keçid zamanı həkim və diyetoloqlardan dəstək almaq, orqanizmi riskə atmadan düzgün rejim qurmağa kömək edir".

 

Samirə Allahverdizadə

#Qidarutinləri #sosialmedia
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər