00:00:00
Yazar
Admin User
13.11.2025 18:23 148 3 dəq oxuma
Sosial

Trend ,yoxsa kütlə təzyiqi

Trend ,yoxsa kütlə təzyiqi

Texnikanın sürətlə inkişaf etdiyi dövrdə informasiyanın yayılması da sürətlə davam edir. Bu sürətli axın gəncləri trendlərə qoşulmağa vadar edir, amma bu qoşulma şəxsi seçimdirmi, yoxsa kütlə təzyiqin nəticəsi?

 

Mövzu ilə bağlı psixoloq İlahə Nəbiyeva “İnformator.az”a açıqlamasında bildirib ki, trendlərə ehtiyac duymaq bizim aidlik ehtiyacımızdan gəlir və sosial təsirlə daha da yayılır:


“Ümumiyyətlə, informasiya axınının bu qədər sürətləndiyi bir dövrdə trendlər günümüzün ən vacib məsələlərindən biridir. Çünki biz trendlər vasitəsilə yeni informasiyalar əldə edirik və onu başqalarına ötürürük və bu gənclər vasitəsilə daha çox yayılır. Əslində bildiyimiz kimi biz sosial varlıq olaraq sosial mühitdə öyrənirik, şəxsiyyətimizi sosial mühitdə inkişaf etdiririk, bir sözlə, sosial mühitdə formalaşırıq. Günümüzdə sosial mediadan istifadə də sosial mühitin ən vacib əsaslarından biri sayılır. Biz bu məsələləri psixologiyada olan sosial öyrənmə modelinin əsasında da nəzərdən keçirsək, görə bilərik ki, indiki gənclər trendlər vasitəsilə öyrənir, model formalaşdırır və öz tərzlərini bu formada qururlar. Eyni zamanda, sosial mediada sürətlə yayıldığı üçün dəb, musiqi, siyasi fikirlər və bu kimi digər məsələlər gənclər tərəfindən tez mənimsənilir. Burada isə biz sual verməliyik: bu trendlərə niyə qoşuluruq? Bu bizə nə verir? Mən bu trendə niyə qoşuluram? Ehtiyacım olduğu üçünmü, yoxsa başqaları etdiyi üçünmü? Bunların cavabını vermək çox vacibdir. Həmçinin trendin mənbəyini də araşdırmalıyıq. Çünki trendin məqsədi, formalaşdığı kontekst bizim dəyərlər sistemimizlə uyğun gəlməyə bilər. Buna görə də biz özümüzə limitlər təyin etməliyik, şəxsi dəyərlərimizi formalaşdırmalıyıq.
Davamlı trendlərə təşviq edən səhifələrdən, influencerlərdən, bloggerlərdən uzaq durmalıyıq”.


Müsahib eyni zamanda trendlərin yayılmasının digər səbəbini sosial təsdiqdə görür:

 

“Trendlərə ehtiyac duymaq bizim aidlik ehtiyacımızdan gəlir və sosial təsirlə daha da yayılır. Bu isə asan yoldur. Çünki trend zamanı biz düşünürük ki, burada tənqidə məruz qalmaq ehtimalı azdır. Trendin ideya müəllifi biz deyilik. Bu da insanı qorxudan azad edir, komfort zonası yaradır, sosial qəbul olunmanı asanlaşdırır. Çünki bir kütlə artıq buna qoşulubsa, sən də qoşulursansa, deməli sosial şəkildə qəbul olunmaq ehtimalın yüksəkdir. Amma özün yeni bir trend yaradırsansa, qəbul olunmaq riski var. İnsanlar buna görə daha çox mövcud trendlərə meyillənirlər. Trendlərin yayılmasının digər səbəblərindən biri isə sosial təsdiqdir, aidiyyət hissidir, yenilik axtarışıdır. Bunlar trendlərin yayılmasını daha da artırır, aktivləşdirir, genişləndirir. Buna görə də trendlər, kortəbii mənimsəmədən tutmuş uzunmüddətli sosial normaların formalaşmasına qədər həm müsbət, həm də mənfi təsirlər göstərə bilir. Trendlərin yayılması ilə müəyyən qrup düşüncəsi formalaşır. Qrupların qəbul etdiyi davranışlar insanlar tərəfindən düzgün qəbul olunur və bunu psixologiyada konformizm adlandıra bilərik. Bunun nəticəsində fərqli təfəkkür müəyyən qədər zəifləyir və gənclər arasında özünəinam da azalır.
Məsələni toparlamaq üçün Nizami Gəncəvinin bir fikrini qeyd etmək istərdim:
“Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir o da.”
Yəni trendlər gözəldir, informasiyanı yayır, həyatımıza rəng qatır. Amma trendlər həyatımızın əsas hissəsinə çevrilirsə, bu problemə çevrilə bilər. Bu zaman mühakimə qabiliyyətimiz zəifləyir və biz bizə dayatılan fikirləri düşünmədən qəbul edirik.
Burada seçici olmaq vacibdir. Trendlər haqqında düşünməliyik. Bu trendin mənə nə verəcəyi, nə üçün vacib olduğu suallarına cavab tapmalıyıq ki, həyatımız trendlərin yığınına çevrilməsin”.

Zəri Bayramlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər