TRİPP Bakı və İrəvan arasında sülh sazişinin lövbəridir
TRİPP layihəsi Ermənistan və Azərbaycan arasında sülh sazişinin lövbəridir. Bu sözləri ABŞ dövlət katibi Marko Rubio Senatda xarici əlaqələr komitəsində dinləmələr zamanı deyib.
Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycanın başlıca geosiyasi və regional hədəfi Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması, davamlı əməkdaşlığın qurulmasıdır:
"Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqənin yaradılması ideyası Azərbaycan Prezidentinə məxsusdur. Belə ki, 2020-ci ildə müharibə başa çatdıqdan sonra Azərbaycan Prezidenti bu təşəbbüslə çıxış edib. Sözsüz ki, bu kommunikasiyanın açılması hər şeydən öncə geniş coğrafiyada nəqliyyat və logistika imkanlarını artırır. Eyni zamanda, əməkdaşlıq imkanlarını genişləndirir və sülh üçün yaxşı zəmin yaradır. Azərbaycan və Ermənistan arasında sülh sazişinin komponentlərindən biri də Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqənin yaradılması ola bilər. Bu Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhə təsir edən mühüm amillərdən biridir. ABŞ-nin bu layihədə iştirakı da diqqətçəkən məqamlardandır. Təbii ki, ABŞ kifayət qədər təsirli və güclü dövlətdir və Cənubi Qafqaz regionunda cərəyan edən proseslərə biganə qalmır. Hazırda konstruktiv proseslərin getdiyi bir şəraitdə həyata keçiriləcək mühüm nəqliyyat-logistika layihəsində ABŞ-nin də iştirak etməsi həm regiona beynəlxalq marağı artırır, həm də iştirakçı tərəflərlə ABŞ arasında münasibətlərin konstruktiv xarakterini müəyyən edir".
Müsahib vurğulayıb ki, dünyanın aparıcı ölkələrindən biri ilə həm Azərbaycanın, həm də Ermənistanın inkişaf edəm münasibətlərə malik olması müsbət qiymətləndirilməlidir:
"Bu, kifayət qədər müsbət haldır. Qüvvələr balansının dəyişməsi məsələsinə gəldikdə isə, Cənubi Qafqaz kifayət qədər mürəkkəb bölgədir. Burada hər zaman maraqların toqquşması olub və bundan sonra da olacaq. Əsas məsələ ağıllı və balanslaşdırılmış siyasətin həyata keçirilməsidir. Sözügedən layihənin əsas təşəbbüskarı və iştirakçısı Azərbaycan tərəfidir. Azərbaycan uzun illərdir kifayət qədər müdrik və balanslaşdırılmış siyasət həyata keçirdib. Azərbaycanın başlıca geosiyasi və regional hədəfi Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması, davamlı əməkdaşlığın qurulmasıdır. Bütün bunların hərəkətverici qüvvələrindən biri də regionda inkişaf edən nəqliyyat-kommunikasiya sistemlərinin yaradılmasıdır. Azərbaycan bu istiqamətdə öz təşəbbüsləri və praktiki addımları ilə səmərəli tənzimləyici rolunda çıxış edir. Bu baxımdan inamla qeyd etmək olar ki, Azərbaycan dövlətinin və Azərbaycan Prezidentinin strateji düşüncə tərzi regionda baş verən proseslərin məhz bölgənin rifahına xidmət etməsinə şərait yaradacaq".
Səmayə Səftərova