00:00:00
Yazar
Ayan Sədi
04.06.2026 18:32 38 2 dəq oxuma
Siyasət

TRIPP layihəsi regionda yeni əməkdaşlıq imkanları yaradır

TRIPP layihəsi regionda yeni əməkdaşlıq imkanları yaradır

ABŞ dövlət katibi Marco Rubio bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsi başa çatıb və bu proses hər iki ölkə üçün yeni imkanlar yaradacaq “TRIPP” layihəsi ilə yekunlaşıb. Onun sözlərinə görə, layihə regionda rifah və əməkdaşlığın genişlənməsinə xidmət edəcək. Mayın 26-da Ermənistan ilə ABŞ arasında “TRIPP” layihəsi üzrə strateji tərəfdaşlıq sazişi imzalanıb.

 

Mövzu ilə bağlı politoloq Ramiyə Mamedova “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi irəliləsə də, münasibətlərin tam bərpası üçün Ermənistanın sülh müqaviləsini imzalaması və etimadın gücləndirilməsi istiqamətində addımlar atması vacibdir:

 

“Bilirsiniz ki, son zamanlar Azərbaycan və Ermənistan arasında normallaşma prosesi bir növ başlamışdır. Xüsusilə, 18 avqustdan sonra bu münasibətlər daha geniş normallaşma mərhələsinə doğru irəliləmişdir. Bu proses artıq Azərbaycan üzərindən Ermənistana taxılın, gübrələrin və müxtəlif ölkələrin mallarının logistik xətlərlə daşınması ilə də bağlıdır.

 

Ümumiyyətlə, Ermənistanın Baş nazir səviyyəsində Azərbaycana qarşı verdiyi müsbət bəyanatlar da bunun göstəricisidir. Ancaq buna baxmayaraq, təbii ki, Ermənistan 30 illik işğaldan sonra bu gün Azərbaycanın dostu kimi xarakterizə edilmir. Regionda sadəcə bir dövlət olaraq qəbul edilsə də, düşmənçiliyin tamamilə aradan qaldırılması üçün Ermənistan sülh müqaviləsini imzalamağa və bu istiqamətdə əlindən gələni etməyə məcburdur”.

 

Politoloq vurğulayıb ki, “TRIPP” layihəsi çərçivəsində yeni logistik marşrutların açılması planlaşdırılır, lakin münasibətlərin tam normallaşması üçün sülh müqaviləsinin yekun şəkildə imzalanması əsas şərt olaraq qalır:

 

“Təbii ki, burada “TRIPP” layihəsi çərçivəsində birgə əməkdaşlıq məsələsi də var və artıq Ermənistanda ABŞ şirkəti tərəfindən “TRIPP” üzrə birgə müəssisə yaradılmışdır. Bu saziş imzalandıqdan sonra isə iki ölkə arasında həm Naxçıvan istiqamətində, həm də Türkiyə və Asiya istiqamətində yeni logistik qovşaqlar açılacaq və bu istiqamətdə ciddi işlərə başlanılacaqdır. Münasibətlərin tam normallaşması üçün sülh müqaviləsinin bütün bəndlər üzrə yekunlaşdırılması mütləq və vacib məsələdir”.

 

Politoloqun sözlərinə görə, “TRIPP” layihəsi ABŞ-nin Cənubi Qafqazdakı rolunu gücləndirərək regionda yeni geosiyasi balans yarada, nəqliyyat və iqtisadi inteqrasiyanı genişləndirə bilər:

 

“Cənubi Qafqazda Amerikanın roluna gəldikdə isə, təbii ki, ABŞ-nin regiondakı rolu “TRIPP” layihəsi ilə daha da genişlənəcəkdir. Bu genişlənmə Rusiya və İranın təsirini azaltmaqla yanaşı, Amerikanın Qərb gücü kimi regiondakı mövqeyinin güclənməsini təmin edəcəkdir. Bu amil regionda Rusiya, İran və ABŞ arasında yeni tarazlıq və balans yarada bilər. Ona görə də bu layihələr regionun həm nəqliyyat, həm ticarət, həm də iqtisadi baxımdan inteqrasiyasına geniş imkanlar açacaqdır. Bu isə, təbii ki, yeni investisiyaların cəlb edilməsinə, eləcə də digər Qərb ölkələrinin Amerikanın burada olması sayəsində layihələrə və iqtisadiyyata vəsait yatırmasına yeni perspektivlər qazandıracaqdır”.

 

Aydan Əsgərxanlı

#azərbaycan #xəbər #regionda #gündəm #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər