Tullantıları küçələrə atan şəxsləri hansı cəzalar gözləyir?
"Yaşayış yerləri və onlara yaxın olan ərazilərdə, bloklarda və s. kimi yerlərdə xüsusi zibil qutularının olmasına rəğmən tullantıları yerə atan, yaxud da bu qutulardakı tullantıları bilərəkdən küçələrə dağıdan şəxsləri İnzibati Xətalar Məcəlləsinin 393.1 maddəsi ilə məsuliyyətə cəlb olunmaları nəzərdə tutulub. Maddənin tələbinə görə bu cür vətəndaşlara xəbərdarlıq edilir və onlar 10 AZN-dən 20 AZN-ə qədər cərimə edilə bilirlər. Lakin eyni inzibati xətanı vəzifəli şəxslər törədirsə, onlar 100 AZN-dən 150 AZN-ə kimi məbləğdə cərimə edilirlər".
Bunu İnformator.az-a açıqlamasında vəkil İlhamə Həsənova bildirib.
"Əslində, mən bizdəki bu tədbiri yumşaq məsuliyyət tədbiri hesab edirəm. Çünki, həqiqətən, zibil tullantılarının küçələrə atılması Avropa ölkələrində daha ciddi məsuliyyət tədbiri hesab edilir".
Hüquqşünas deyir ki, bir sıra Avropa ölkələrindən, məsələn, Almaniya, Fransa, Sinqapur təcrübəsindən misal gətirmək olar. Misal üçün hələ 15-ci əsrdə Almaniyada Qutenberq kralı fərman imzalayıb və bu fərmandan sonra bütün şəhərlərdə təmizlik olub.
"Fərmanın mahiyyəti bundan ibarət idi ki, əgər siz görsəydiniz ki, qonşunuz zibili yığışdırmır, küçəyə atır, onda yalnız qonşu yox, həm də siz cəzalanacaqdınız.
Sinqapur təcrübəsində isə zibilin küçəyə atılmasına görə onların pulu ilə min yerli dollar dəyərində cərimə olunurlar. Bundan əlavə, bu işi görən şəxs 2 həftə ərzində 3 saat müddətində çimərliklərdə zibilləri yığışdırmalıdır. Əgər şəxs eyni inzibati xətanı yenidən törədərsə, hətta həbs oluna bilər.
Fransada isə bu analoji xətalara görə 150 evro cərimə nəzərdə tutulub.
Gürcüstanda isə, doğrudan da, küçələrdə və ya mərkəzdə zibilin atılması üçün daha böyük məbləğdə cərimələr nəzərdə tutulub".
Məryəm Abdullazadə
