Turan Bayramov: "Səhvə yol verdiyim üçün qızıl medal qazana bilmədim"
Azərbaycan cüdoçusu Turan Bayramov Avropa çempionatında qazandığı bürünc medalla yadda qalsa da, çıxışından sonra etdiyi açıqlamalar onun daha böyük hədəflərə kökləndiyini göstərir.
"Bunadək Turan Bayramov yüksək nəticələri, əsasən, yeniyetmə və gənclər arasında əldə edib. Bununla belə, bir dəfə "Böyük Dəbilqə"də qızıl, bir dəfə isə "Qran-Pri"də gümüş medal qazanmasını da yaddan çıxarmayaq".
Bu sözləri idman jurnalisti, şərhçi Rövşən Binnətli "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, Avropa çempionatı daha nüfuzlu və məsul yarış sayılır və bu mənada, orada qazanılan bürünc medal çox dəyərlidir:
"Dəyərlidir, həm də ona görə ki, Turan əvvəllər 60, indi isə 66 kq çəkidə mübarizə aparıb. Yəni, yeni çəki dərəcəsinə uğurlu uyğunlaşma yüksək qiymətə layiqdir. Çünki, cüdoçunun özünün də dediyi kimi, bu uğuru ilə məşqçilərin etimadını doğrultmuş olub. O ki, qaldı 24 yaşlı tatami ustasının səhvə yol verməsi etirafına, bu da peşəkarlıq göstəricisidir. Əlbəttə, yarımfinal qarşılaşmasında üzərində işləmədiyi fənddən istifadəyə cəhd etməsi finala gedən yolu bağlayıb, amma eyni zamanda böyük təcrübə olub. Düşünürəm ki, cüdoçumuz prosesə belə özünütənqid ruhunda yanaşırsa, deməli, gələcəkdə səhvlərdən qaça biləcək və nəticələr də daha yüksək olacaq".
Zəhra Möhübbətova