Turizm şirkətləri səyahət planlamasında nə dərəcədə etibarlıdır?
Səyahət etmək istəyən insanların sayı artdıqca, travel şirkətlərinin xidmətlərinə maraq da genişlənir. Aviabiletlərin alınması, viza dəstəyi, otel rezervasiyası və tur paketlərinin təşkili kimi xidmətlər səfər planlamasını asanlaşdırsa da, düzgün şirkətin seçilməsi böyük əhəmiyyət daşıyır. Bəzən qeyri-peşəkar xidmət və ya yanlış məlumatlandırma turistlərin həm vaxt, həm də maddi itkilərlə üzləşməsinə səbəb olur.
Mövzu ilə bağlı turizm eksperti Rəhman Quliyev “İnformator.az”a açıqlamasında bildirib ki, vətəndaşların təhlükəsiz və rahat səyahəti üçün etibarlı turizm şirkətləri ilə əməkdaşlıq etməsini olduqca zəruridir:
"Azərbaycanda qanunla fəaliyyət göstərən və vergiödəyicisi olan turizm şirkətləri mövcuddur ki, vətəndaşlar istər ölkə xaricinə, istərsə də ölkədaxili səyahətə yollanarkən məhz belə etibarlı və peşəkar turizm şirkətləri ilə əməkdaşlıq etməlidirlər. Təbii ki, xidmətindən yararlanılan turizm şirkəti ilə hər hansı bir tur məhsulu əldə edilərkən, mütləq şəkildə müqavilə bağlanmalıdır. Həmin müqavilədə isə səfərlə bağlı bütün detallar öz əksini tapmalıdır. Burada əsas məsələ vətəndaşın aldanmaması və maksimum dərəcədə risklərdən uzaq olmasıdır. Bunun üçün ölkədə fəaliyyət göstərən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasına (ATAA) üzv olan şirkətlərə üstünlük verilməlidir. Çünki həmin şirkətlər birbaşa qanun çərçivəsində, müqavilə əsasında həm xarici tərəfdaşlarla, həm də aviaşirkətlərlə rəsmi şəkildə işləyirlər. Hər bir halda vətəndaşa satılan turpaketlər zamanı turizm şirkətləri bir növ vasitəçi rolunu oynayaraq bu xidməti turistlərə təqdim edirlər və bu proses müqavilə şərtləri əsasında tənzimlənir. Bu baxımdan, vətəndaşlar turizm şirkətindən hər hansı tur məhsulu aldıqda mütləq müqavilə tələb etməlidirlər. Eyni zamanda, həmin sənədin içində alınan məhsulun bütün detalları aydın şəkildə göstərilməlidir. Digər vacib məqam isə ödənilən məbləğ qarşılığında qəbzin tələb olunmasıdır. Belə olan halda, sabah hər hansı bir fövqəladə vəziyyət və ya problem yaşanarsa, məsələ tərəflər arasında həllini tapmadıqda, vətəndaş əlindəki həmin müqavilə və qəbz əsasında öz hüquqlarını hüquqi müstəvidə rahatlıqla qoruya bilər. Səyahətin turizm şirkəti vasitəsilə təşkil olunmasının əsas üstün cəhəti odur ki, bu şirkətlər az bir marja qarşılığında turistlərə yüksək səviyyədə xidmət göstərirlər. Bu prosesdə turizm şirkətləri, bir növ, turistlərin hüquqi vəkili rolunda çıxış edir. Vətəndaşın gedəcəyi ölkədə rahat şəkildə gəzməsi, ekskursiyalara qatılması məhz xaricdəki turoperatorlar və tərəfdaş şirkətlər vasitəsilə düzgün, koordinasiyalı şəkildə tənzimlənir. Turistin qarşılanması, yola salınması və proqram üzrə ekskursiyaların təşkili peşəkarlar tərəfindən idarə olunur. Eyni zamanda, səfər zamanı hər hansı bir problem yarandıqda, turistin dərhal müraciət edə biləcəyi rəsmi bir büronun (təmsilçinin) mövcudluğu xüsusi əhəmiyyət kəsb edir. Bu amilləri nəzərə alaraq, vətəndaşların təhlükəsiz və rahat səyahəti üçün etibarlı turizm şirkətləri ilə əməkdaşlıq etməsini olduqca zəruri hesab edirəm".
Həmçinin ekspert qeyd edib ki, nə sosial şəbəkələrdəki reklamlar, nə də digər platformalar vasitəsilə edilən tanıtımlar düzgün və keyfiyyətli xidmət qədər effektiv, hədəfli reklam ola bilməz:
"Adətən turizm şirkətlərinin təklif etdiyi tur məhsulları arasında ən populyarı Türkiyə istiqamətinə olan turpaketlərdir. Çünki fərdi şəkildə yığılan səfərlərlə müqayisədə, turizm şirkətlərində bu qiymətlər daha münasib olur. Şirkətlər daha öncədən müqavilə əsasında ucuz blok yerlər aldığı üçün bu, satış zamanı turistlərə də xeyli sərf edir. Vətəndaş bu paketi fərdi olaraq ayrı-ayrılıqda yığmağa çalışdıqda, təbii ki, proses daha baha olur. Lakin turizm şirkətləri müqavilə əsasında aviabileti, sığortanı və hazır ekskursiyaları bir araya gətirərək vahid bir turpaket halında təqdim edir ki, bu da son nəticədə daha optimal bir qiymətin formalaşmasını təmin edir. Məsələnin digər önəmli tərəfi isə sığorta şəhadətnaməsinin olmasıdır. Bütün sığorta şirkətlərinin turizm agentlikləri ilə rəsmi müqavilələri mövcuddur. Bu əməkdaşlıq sayəsində turistin səyahət boyunca rahat şəkildə sığortalanması tam təmin edilir. Turizm şirkətlərində müştəri məmnuniyyətini təmin etmək ən vacib amildir. Nə sosial şəbəkələrdəki reklamlar, nə də digər platformalar vasitəsilə edilən tanıtımlar düzgün və keyfiyyətli xidmət qədər effektiv, hədəfli reklam ola bilməz. Bu baxımdan hesab edirəm ki, turizm şirkətlərinin öz müştərilərinə real və şəffaf şəkildə xidmət göstərməsi, onları düzgün istiqamətləndirməsi olduqca önəmlidir. Şirkət rəhbərliyi və ya əməkdaşları özlərinə rəva bilmədikləri bir məkana turisti göndərməməlidirlər. Digər bir vacib məqam isə turistin səfəri başa çatana qədər onunla daim təmasda olmaqdır. Çünki səyahət zamanı, xüsusən də xaricdə turistin olduğu yerdə internet və ya telefon xəttində rabitə problemləri yarana bilər. Belə hallarda vətəndaşın turizm şirkəti ilə mütəmadi əlaqə saxlamaq imkanının olması onun ən təbii hüququdur. Səfər boyunca turistə lazımi dəstəyi göstərmək, qarşılaşdığı çətinliklərin həllinə kömək etmək birbaşa turizm şirkətinin məsuliyyətidir. Bu yanaşma turizm şirkətləri üçün ən önəmli meyar olmaqla yanaşı, müştəri məmnuniyyətinin qazanılmasında da çox uğurlu bir strategiyadır".
Samirə Allahverdizadə